Zelenski iddia edir ki, Rusiya Kurskla bağlı yalan danışır- bəs Tramp buna necə inanıb?
Kursk vilayətində mühasirəyə düşən ukraynalı hərbçilərlə bağlı müəmma davam edir. Yada salaq ki, son olaraq Rusiya Təhlükəsizlik Şurasının iclasında Vladimir Putin ABŞ prezidenti Donald Trampın mühasirədə olanlara mərhəmət göstərməyə çağıran müraciətinə cavab olaraq bildirib ki, onlara yalnız təslim olarlarsa, həyatlarını xilas edə bilər. Prezident deyib ki, ukraynalıların əməllərini Baş Prokurorluq tərəfindən terror kimi tövsif edilir. “Ukraynalı silahlılar işğal zonasında dinc əhaliyə qarşı çoxsaylı cinayətlər törədiblər”, - prezident vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti sosial şəbəkədə minlərlə ukraynalı hərbçinin mühasirəyə alındığını, Ukrayna ordusunun “çox pis və zəif vəziyyətdə” olduğunu yazıb. Onun bu sözləri və Putinin yuxarıda qeyd etdiyimiz çağırışı Qərbdə də geniş rezonans doğurub.
Kremlin sözçüsü Dmitri Peskov da deyib ki, Putinin mühasirədə olanların silahı təhvil vermək təklifi qüvvədə qalır, lakin tələbi yerinə yetirmək üçün zaman daralır. Aydındır ki, bunun üçün Ukraynanın hərbi-siyasi rəhbərliyinin rəsmi əmri lazımdır.
Vladimir Zelenski isə belə görünür ki, Rusiya tərəfinin mühasirə iddialarını inkar edir və bildirir ki, Kursk vilayətindəki Ukrayna bölmələri “yenidən qruplaşdırılıb” və “daha sərfəli mövqelərə” geri çəkiliblər. Şənbə günü Ukrayna prezidenti öz Telegram kanalında yazıb ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mühasirəsi yoxdur.
“Qüvvələrimizin Kursk vilayətinin müəyyən ərazilərində əməliyyatı davam edir. Bölmələr tapşırıqları tələb olunduğu kimi yerinə yetirirlər. Kursk vilayətindəki Ukrayna qüvvələri sayəsində xeyli sayda Rusiya qüvvələri başqa istiqamətlərdən geri çəkilib”, o qeyd edib.
Zelenski həmçinin Ukraynanın şərq sərhədi boyunca rus qoşunlarının cəmləndiyini bildirib. Onun sözlərinə görə, bu, “Sumı bölgəsinə zərbə endirmək istəyindən” xəbər verir. Daha sonra mətbuat üçün keçirdiyi brifinqdə Ukrayna prezidenti Ukrayna Silahlı Qüvvələri qrupunun Kursk vilayətində mühasirəyə alınması faktını “Putinin yalanı” adlandırıb.
Böyük Britaniyanın baş naziri Key Starmerin ev sahibliyi etdiyi onlayn iclasında Zelenski yenə deyib ki, Putin yerdəki vəziyyət, xüsusən də Kursk vilayətində baş verənlərlə bağlı hamıya yalan danışır. “Bizim qoşunlarımız Donetsk vilayətində cəbhədə də vəziyyəti sabitləşdiriblər – mən Pokrovski nəzərdə tuturam”,- deyə o qeyd edib.
Rusiya təhlükəsizlik qüvvələri isə qeyd edir ki, mühasirəyə düşən ukraynalılar əsir düşməmək üçün müxtəlif üsullara əl atırlar. Ukrayna əsgərlərinin mülki şəxs kimi gizləndiyi, geyimlərini rus paltarına dəyişdirdiyi və ya gizli şəkildə döyüş bölgəsini tərk etməyə çalışdığı bildirilir. Ancaq Rusiya tərəfi iddia edir ki, bu cür cəhdlər əbəsdir, mühasirəni yarmaq asan deyil.
Bəllidir ki, martın əvvəlindən rus qoşunları Kursk istiqamətində unikal hərbi əməliyyat həyata keçiriblər. Bir neçə min hərbçi köhnə Urenqoy-Pomarı-Ujqorod qaz kəmərinin içindən təxminən 15 kilometr qaz borusunun içərisində irəliləyərək, Ukrayna ordusunun arxa hissəsinə çıxaraq, onlara qəfil hücum ediblər. Bundan başqa bu əməliyyat nəticəsində 7 aydır Ukraynanın nəzarətində olan Sudja şəhəri də daxil olmaqla 29 yaşayış məntəqəsi azad edilib, eləcə də Ukraynanın Sumi vilayətində Kurska yaxın bir neçə yaşayış məntəqəsi ələ keçirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumuilikdə bu istiqamətdə gedən döyüşlər zamanı Ukrayna ordusu 67 mindən çox hərbçisini itirib.
Musavat.com