İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın xüsusi elçisinin Bakıya sirli gəlişi, yaxud Yəmənlə savaşın pərdəarxası

870 16.03.2025 11:00 Siyasət A A

ABŞ prezidentinin  xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya lideri Vladimir Putinlə görüşəndən sonra Bakıya səfər edib.

Musavat.com-un məlumatına görə, təyyarələrin uçuşunu və marşrutunu izləyən "Flightradar" portalı bu barədə məlumat yayıb.

Xidmətin məlumatına görə, Stiven Uitkoffun olduğu təyyarə Moskva vaxtı ilə saat 01:54-də hava limanından havaya qalxaraq cənuba istiqamət alıb. Həmin təyyarənin Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına endiyi qeyd olunur.

Maraqlıdır ki, bu hadisədən bir gün sonra ABŞ prezidenti Donald Tramp Yəmən husilərinə qarşı müharibə elan edib. O, dünən “Truth Social” vasitəsilə yaydığı paylaşımında husilərə və İrana müraciət edərək Qırmızı dənizdə "gəmi və təyyarələrə qarşı dəniz quldurluğunu, zorakılıq və terroru" dayandırmağı tələb edib, əks halda “Yəmənin başına cəhənnəm atəşi yağacağını” bildirib. Bu ultimatumdan dərhal sonra isə Yəmən ABŞ-ın hava hücumuna məruz qalıb. 

Sual oluna bilər: bu üç hadisə arasında hansısa bir əlaqə varmı? Bir ucu Moskvadan başlayıb Bakıya və Yəmənə qədər uzanan bu fərqli coğrafiyaları hansı maraqlar birləşdirir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a  açıqlamasında bildirib ki, geosiyasi proseslərin inkişafında təsadüfi hallar olmur: “Bəzən ilk baxışdan fərqli məkanlar kimi görünən coğrafiyalarda baş verənlər arasında çox mühüm və ciddi əlaqələr ortaya çıxır. Böyük ehtimalla, Stiven Uitkoffun Moskvaya və ardınca Bakıya səfəri, bundan sonra isə ABŞ-ın Yəməni bombalaması arasında da hansısa üzvi əlaqələr var. Və yəqin ki, yaxın gələcəkdə bu səfərin detalları ortaya çıxacaq”.

Heydər Oğuzun fikrincə, Trampın nümayəndəsi kimi Moskvaya məhz Stiven Uitkoffun səfər etməsi başlı-başına bir müəmma idi: “Çünki səfərin sırf Ukrayna danışıqları ilə bağlı olduğu bildirilirdi. Halbuki, Trampın Ukrayna ilə bağlı danışıqlarda nümayəndəsi Uitkoff yox, istefada olan general-leytenant Kit Kelloqdur. Kit Kelloq isə nə Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə aparılan danışıqlarda, nə də Moskvada Putinlə görüşdə iştirak edib. ABŞ-ın bəzi nüfuzlu media orqanları bu müəmmanı Rusiyanın Kit Kelloqla görüşmək istəməməsi ilə əsaslandırırlar. İddia olunur ki, guya, Rusiya Prezidenti Vladimir Putin Kelloqu həddindən artıq “ukraynayönümlü” hesab edib və bu səbəbdən də onun danışıqlar prosesindən çıxarılması məsələsini qaldırıb. ABŞ prezidenti də guya, Putinin bu arzusunu nəzərə alıb rus rəsmiləri ilə danışıqlara başqalarını göndərir. Açığını desəm, bu iddia mənə inandırıcı gəlmədi. ABŞ prezidentinin elə bir istəyi olsa, Kelloqu dərhal vəzifədən uzaqlaşdırıb yerinə istəyini birini təyin edə bilərdi. Kelloq hələ də öz vəzifəsində qalırsa, deməli, Trampın başqa bir planı var”.

Heydər Oğuzun fikrincə, bu mülahizəni ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ceyms Hyuitt də təsdiqləyib: “O, məsələ ilə bağlı jurnalistlərin sualına cavab verərkən  qeyd edib ki, Kit Kelloq, xüsusilə Avropa müttəfiqləri ilə əlaqələndirmə məsələlərində “komandanın dəyərli üzvü” olaraq qalır. Məncə də, o haqlıdır. Böyük ehtimalla, Tramp da Putinlə danışıqların hansısa nəticə verəcəyinə inanmır, odur ki, Rusiyaya qarşı kəskin mövqeyi ilə seçilən Kelloqu öz yanında tutmaqla rusiyalı həmkarına “mənimlə razılaşmasan, Kelloqla hesablaşmalı olacaqsan” demək istəyir”.

Siyasi şərhçinin fikrincə, Putinlə danışıqları aparmaq üçün Moskvaya Stiven Uitkoffun göndəriməsinin əsl səbəbi başqadır: “Fikrimcə, ABŞ rəsmilərinin həm Səudiyyə Ərəbistanında, həm də Moskvada apardığı danışıqlarda Ukrayna məsələsi 1 nömrəli müzakirə predmeti olmayıb. Bəlkə də əsl müzakirə predmeti Yaxın Şərq məsələsi olub. Ukrayna məsələsi isə sövdə predmetinə çevrilib. Görünür, bu səbəbdən də Səudiyyə Ərəbistanında aparılan müzakirələrə Ukrayna dəvət olunmayıb. Məşhur bir aforizmdə deyildiyi kimi, “masa arasında deyilsənsə, deməli, masa üzərindəsən”. Başqa sözlə desək, Tramp indiyədək Ukrayna məsələsinə Rusiya ilə müzakirələrdə masaya yatırılan mövzu kimi baxıb. Stiven Uitkoffun Ağ evdəki rəsmi vəzifəsi də bundan xəbər verir. Məlum olduğu kimi, Stiven Uitkoff Trampın Yaxın Şərq məsələləri üzrə nümayəndəsidir və bu mənada onun Moskvada işini tamamladıqdan sonra Bakıya səfər etməsi təəccüblü sayılmamalıdır”.

Heydər Oğuzun fikrincə, Stiven Uitkoffla Putin arasında aparılan danışıqlarda “Ukrayna müqabilində Yaxın Şərq” sövdələşməsi baş tutub: “Sözsüz ki, bu sövdələşmənin baş tutmasında ABŞ-dakı yəhudi lobbisinin də böyük əməkləri olub. Ümumiyyətlə, son zamanlar beynəlxalq siyasətə nəzər salanda ABŞ-Rusiya-İsrailin eyni cəbhədən çıxış etdiyini görə bilərik. Hətta deyərdim ki, Rusiyanın son zamanlar Suriyanı tərk etməsi də bu üçlüyün birgə razılaşması əsasında baş verib”.

Bu sövdələşmədə Azərbaycanın yeri amilinə gəlincə, Heydər Oğuzun fikrincə, ABŞ, Rusiya və İsrail arasında bağlanan üçlü razılamada, böyük ehtimalla, İranın vurulması da nəzərdə tutulub: “Bu da istər-istəməz İranın regiondakı ABŞ və İsrail hədəflərinə hücumu ehtimalını ağla gətirir. Məlumdur ki, ABŞ strateqləri bu zamanadək məhz İranın region dövlətlərinə təsiri amilini nəzərə alıb bu ölkəyə hücum etməyiblər. 2012-ci ildə İrana hücumların müzakirə olunduğu Qlobal Təhlükəzilik-2012 Forumundakı çıxışında dünyaca ünlü strateq Zbiqnev Bjezinski İrana qarşı "planlaşdırılmamış" hücumun hər şeydən öncə, “qonşu regionlara dağıntılar gətirəcəyini” vurğulamışdı. O demişdi ki, “Azərbaycanda bu, Qərbin enerji maraqlarını böyük zərbə altına qoya bilər. İran öz ətrafında gərginliyin artması fonunda bir müddətdir ki, Azərbaycanın nəbzini yoxlamağa başlayıb və təəssüf ki, bu oyunlar səngimək bilmir”.

Bjezinski həmin çıxışında İrana hücum zamanlı Gürcüstanın da eyni dərəcədə təhlükə altına düşəcəyini vurğulayaraq bildirmişdi: “İrana qarşı mümkün hərbi əməliyyatlar Cənubi Qafqazda müharibə ocaqlarını yenidən alovlandıra bilər. Xüsusilə Rusiya bu vəziyyətdən Gürcüstana qarşı növbəti hücum üçün mütləq yararlanacaq”.

Heydər Oğuzun iddiasına görə, 2012-ci ildə ABŞ-ın və İsrailin İrana hücum planları məhz bu təhlükələr nəzərə alınaraq, təxirə salınıb: “İsrail Baş naziri Bünjamin Netanyahu sonraki illərdə verdiyi açıqlamalarda da bu faktı etiraf edərək, ən azı iki dəfə İrana hücum qərarından son anda vaz keçdiyini bildirmişdi. Onu da etiraf etmişdi ki, qərarın təxirə salınmasında ABŞ-dan gələn təzyiqlər də böyük rol oynamışdı. İndi isə ABŞ rəsmisinin Moskvaya səfərindən dərhal sonra Tramp Yəmənə hücum etdi və İrana sərt şəkildə barmaq silkələdi. Görünən budur ki, İsrailin təzyiqi ilə üz-üzə qalan Tramp hakimiyyəti artıq İranla savaşa qərar verib. Əgər belədirsə, onda ABŞ regiondakı maraqlarını da gözdən keçirməli və onun təhlükəsizliyini təmin etməlidir. Mənim fikrimcə, son zamanlar ABŞ-da bəzi nüfuzlu güc mərkəzlərinin “Azadlığa dəstək haqqında akt”a əlavə edilən 907-ci düzəlişdə Azərbaycana qarşı məhdudiyyətlərin aradan qaldırılması məsələsini gündəmə gətirməsi də bununla bağlıdır.

Bir sözlə, görünən budur ki, Rusiya və ABŞ Ukrayna müqabilində İran və Yaxın Şərq məsələsində ümumi razılığa gəliblər. Yəmən savaşı da məhz bu razılıq əsasında baş verir. Bəs cənub qonşumuz İran necə, növbəti hədəf olmaqdan yayına biləcəkmi? Könül istərdi ki, İran rejimi bu sual ətrafında dərindən düşünəcək və daha ağır dağıntılarda uğramadan onu gözləyən təhlükələri adlayacaq.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR