Son vaxtlar Zəngəzur dəhlizi (TRİPP layihəsi) yenidən diqqət mərkəzinə gəlib. Bu yöndə ən müxtəlif versiyalar səsləndirilir. O sırada Ədalət, Hüquq və Demokratiya partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin son müsahibəsində dediyi fikirlər maraq doğurub.
Deputat bildirib ki, bu vəziyyətin arxasında bir neçə strateji səbəb dayanır: “ABŞ Rusiya və İranın narazılığını nəzərə alır və Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir. Tramp Zelenski kimi Sorosun adamı olan Paşinyanı da çox sevmir. Türkiyə ilə Azərbaycanın dəmiryol xətti ilə birləşməsi və s. digər çoxsaylı faktorlar da işlərin sürətləndirilməsinə mane olur. Azərbaycan regional müstəvidə Türkiyə və Rusiyanın iştirakı və köməyi ilə Naxçıvana yolun açılmasını sürətləndirməyə və yekun sülh sazişini imzalamağa çalışmalıdır”.
Doğrudanmı hər şey iyunda Ermənistanda keçiriləcək parlament seçkilərindən asılıdır?

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda uzunmüddətli sülhün və yeni təhlükəsizlik arxitekturasının təməl daşıdır: “Ermənistanda iyun ayına planlaşdırılan parlament seçkiləri prosesi ləngidən amillərdən biridir. Nikol Paşinyan hakimiyyəti daxili auditoriyadan, xüsusən də revanşist qüvvələrin və kilsənin təzyiqindən çəkinərək, strateji qərarları seçki sonrasına saxlamağa çalışır. Ermənistanın bu məsələdə qeyri-müəyyən mövqe sərgiləməsi təkcə seçki ilə bağlı deyil, həm də kənar güclərin Ermənistanı bir alət kimi istifadə etməsi ilə əlaqədardır.
Qərb, xüsusən də ABŞ və Fransa regionda Rusiyanın təsir imkanlarını minimuma endirmək üçün Ermənistan üzərindən oyun qurur. ABŞ-dəki siyasi dəyişikliklər və Tramp administrasiyasının regiona mümkün baxışı təbii ki, Paşinyanı ehtiyatlı olmağa vadar edir. Lakin Azərbaycanın mövqeyi birmənalıdır: Dəhliz açılmalıdır. Biz heç bir ölkənin seçki təqviminə və ya maraqların toqquşmasına görə öz strateji hədəflərimizi gecikdirə bilmərik. Qardaş Türkiyə ilə Azərbaycanın birbaşa dəmiryolu əlaqəsinin bərpası bəzi dairələrdə qısqanclıq və narahatlıq yaradır. Bu, Türk dünyasının coğrafi bütövlüyünün bərpası deməkdir.
Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsipial mövqeyini qoruyur. Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu, sadəcə zaman məsələsidir. Ermənistanın öhdəliklərə uyğun, konkret və gecikdirilməyən addımlar atmasını gözləyirik. Azərbaycan milli maraqlarını təmin edən güclü dövlətdir”.
Cavanşir ABBASLI,
Musavat.com






