İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bu dəfə Ankaradan "bomba atdı" - Türkiyə F-35-lərlə Avropaya geri dönür

2538 08.07.2026 19:30 Dünya A A

ABŞ prezidenti Donald Trampın Türkiyə ilə bağlı səsləndirdiyi növbəti açıqlama beynəlxalq siyasətdə və müdafiə sənayesində yeni müzakirələrin əsas mövzularından birinə çevrilib. Uzun illərdir Ankara ilə Vaşinqton arasında ciddi fikir ayrılığına səbəb olan F-35 qırıcıları məsələsində Trampın verdiyi mesaj diqqət çəkir. NATO baş katibi Mark Rutte ilə görüş zamanı ABŞ lideri Türkiyənin F-35 proqramına qayıdacağına işarə edərək, "Türkiyə F-35-ləri alacaq" bəyanatını səsləndirib.

Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün ABŞ tərəfindən F-35 proqramından çıxarılmış, Ankara isə bu qərarı uzun müddət ədalətsiz hesab etdiyini bəyan etmişdi. Son aylarda isə Vaşinqton və Ankara arasında münasibətlərin normallaşması, həmçinin prezident Donald Trampla prezident Rəcəb Tayyib Ərdoğan arasında intensiv təmaslar F-35 məsələsinin yenidən gündəmə gələcəyinə dair ehtimalları gücləndirmişdi. Trampın son açıqlaması isə bu istiqamətdə ən açıq siyasi mesajlardan biridir.

Əgər bu qərar reallaşarsa, bu, təkcə ABŞ–Türkiyə münasibətlərində yeni səhifənin açılması deyil, həm də NATO daxilində hərbi balansın dəyişməsi baxımından mühüm hadisə olacaq. Eyni zamanda, belə bir addım Ankara ilə Moskva arasında formalaşmış hərbi-texniki əməkdaşlığa və regiondakı geosiyasi münasibətlərə də təsirsiz ötüşməyəcək.

Trampın bu açıqlaması artıq verilmiş siyasi qərarın anonsudur, yoxsa diplomatik mesaj xarakteri daşıyır? Türkiyənin F-35 proqramına qayıtması ABŞ-Türkiyə münasibətlərini hansı səviyyəyə yüksəldə bilər? Bu addım Ankara-Moskva münasibətlərində yeni gərginlik yaradacaqmı? Rusiya Türkiyənin yenidən Qərbin ən müasir döyüş təyyarələrinə sahib olmasına necə reaksiya verəcək? S-400 sistemi ilə F-35 məsələsi arasında yeni kompromis formulu tapılıbmı? Bu proses Türkiyənin həm NATO, həm də Rusiya ilə apardığı balans siyasətinə necə təsir göstərəcək?

1769592249_resad-bayramov.jpg (29 KB)

Politoloq Rəşad Bayramov Musavat.com-a dedi ki, F-35 məsələsi ətrafında illərdir davam edən gərginlik fonunda Donald Trampın Türkiyənin proqrama qayıdış ehtimalı ilə bağlı açıqlaması ABŞ-Türkiyə münasibətlərində mümkün dönüşün ilk əlamətlərindən biri kimi diqqət çəkir: "Çünki F-35 məsələsi sadəcə bir hərbi texnika alışından ibarət deyil. Bu məsələ ABŞ və Türkiyə arasında strateji etimad böhranının, NATO daxilində texnoloji əməkdaşlıq problemlərinin və Ankaranın Rusiya ilə hərbi əlaqələrinin yaratdığı ziddiyyətlərin də əsas səbəblərindən və ya bəhanələrindən biridir.

Məlumdur ki, Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri alması Vaşinqton tərəfindən ciddi təhlükəsizlik problemi kimi qiymətləndirildi. ABŞ hesab edirdi ki, Rusiya istehsalı olan S-400 sisteminin NATO infrastrukturu ilə yanaşı yerləşdirilməsi F-35 qırıcılarının texnoloji üstünlükləri və məlumat təhlükəsizliyi baxımından risk yarada bilər. Nəticədə Ankara F-35 proqramından çıxarıldı və bu addım iki müttəfiq arasında münasibətlərdə ən ciddi böhranlardan birinə səbəb oldu. İndi Trampın son açıqlaması isə bu böhranın aradan qaldırılması istiqamətində siyasi iradənin yarana biləcəyini göstərir. Lakin bu bəyanat artıq qəbul edilmiş qərarın açıqlanmasıdır, yoxsa Vaşinqtonun Ankara ilə danışıqlarda yeni mərhələyə keçmək istəməyinin mesajıdır, bunu zaman göstərəcək. Hələlik məlum olan odur ki, İsrail baş naziri, yəni ABŞ-ın regiondakı ən vacib müttəfiqlərindən biri olan ölkənin rəhbəri NATO Sammiti öncəsi Trampla telefon danışığında buna qəti etirazını bildirib. İstənilən halda Türkiyənin F-35 proqramına qayıdışı Trampın təkbaşına verəcəyi qərar deyil. Çünki proqrama tam qayıdış üçün ABŞ daxilində hüquqi, siyasi və təhlükəsizlik baxımından bir sıra məsələlərin həll olunması lazımdır".

Politoloq onu da bildirdi ki, ABŞ-də Türkiyənin proqrama qayıdışının əleyhdarları əsasən S-400 sistemi məsələsini qabardırlar: " Pentaqon üçün əsas narahatlıq həmin sistemin mövcudluğu və onun NATO texnologiyaları ilə mümkün qarşılıqlı təsiridir. Buna görə də ehtimal olunan kompromis formulu texniki və təhlükəsizlik mexanizmlərini də əhatə etməlidir. Əgər tərəflər bu problemi həll edə bilsələr, bu, ABŞ-Türkiyə münasibətlərində ciddi dönüş nöqtəsi ola bilər. Türkiyə NATO daxilində yenidən ən yüksək səviyyəli müdafiə texnologiyalarına çıxış əldə edər, ABŞ isə Ankaranı Qərb təhlükəsizlik sistemində daha möhkəm saxlamaq imkanı qazanmış olar. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ üçün Türkiyənin strateji əhəmiyyətinin daha da artdığını nəzərə alsaq Vaşinqtonun bu istiqamətdə müəyyən addımlar atacağını ehtimal edə bilərik.

Moskvanın reaksiyasına gəldikdə isə, Rusiya Türkiyənin F-35 proqramına qayıtmasını şübhəsiz ki, narahatlıqla qarşılayacaq. Çünki bu addım Ankaranın Qərblə hərbi-texnoloji inteqrasiyasının güclənməsinə gətirib çıxaracaq. Lakin Rusiya ilə Türkiyə münasibətləri yalnız müdafiə sahəsi ilə məhdudlaşmır. Enerji, ticarət, turizm və regional məsələlərdə qarşılıqlı maraqlar mövcuddur. Buna görə də Moskvanın sərt etiraz edəcəyini düşünmürəm. Müəyyən narazılıq ifadə oluna bilər, amma Rusiya da bilir ki, Türkiyə sərt dillə danışılacaq və ya öz maraqlarından geri addım atacaq ölkə deyil.

Türkiyənin də F-35 proqramına qayıdış ilə balans siyasətindən imtina etməsi inandırıcı deyil. Ankara uzun müddətdir həm NATO üzvü kimi Qərblə, həm də Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlıq edən müstəqil regional aktor kimi çıxış edir və bu mövqeyini də qorumağa çalışacaq. Başqa sözlə F-35 məsələsinin həlli Türkiyənin Qərblə münasibətlərini gücləndirə bilər, lakin bu, avtomatik olaraq Rusiya ilə bütün əlaqələrin zəifləməsi anlamına gəlməyəcək".

Cavanşir Abbaslı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR