İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Böyük hərbi gəmi donanması İran istiqamətində irəliləyir” - müharibə qapıda

1274 23.01.2026 10:30 Ölkə A A


 ABŞ prezidenti Donald Tramp İran ətrafında yaranmış gərgin vəziyyət fonunda Vaşinqtonun hərbi fəallığını açıq şəkildə təsdiqləyən mühüm açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, prezidentin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus böyük döyüş gəmisi donanması İran istiqamətinə doğru hərəkət edir.

Tramp bildirib ki, söhbət bir və ya iki gəmidən deyil, böyük miqyaslı hərbi-dəniz qüvvəsindən gedir.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton Tehranla bağlı vəziyyəti “son dərəcə diqqətlə” izləyir və regionda təhlükəsizlik balansının pozulmasına imkan vermək niyyətində deyil.
Beynəlxalq mediada yayılan məlumatlara əsasən, ABŞ donanmasının bu hərəkəti Aralıq dənizi, Qırmızı dəniz və Hind okeanı marşrutları üzərindən İran körfəzi istiqamətinə yönələn aviasiya daşıyıcıları və müşayiətçi döyüş gəmilərini əhatə edir.

Musavat.com xatırladır ki, yanvarın 8–9-da Tehranda və digər İran şəhərlərində baş verən kütləvi etirazlardan sonra minlərlə insanın öldürülməsi, 20 minə yaxın etirazçının həbs olunması fonunda Vaşinqtonla Tehran arasında qeyri-rəsmi danışıqlar aparılıb. Həmin danışıqlarda İran rəhbərliyi ABŞ tərəfinə etirazçılar arasında edamların olmayacağına dair söz verib. Məhz bu vədə əsasən Tramp həmin günlərdə İrana qarşı planlaşdırılan hərbi zərbələrin təxirə salındığını şəxsən elan etmişdi.

ABŞ prezidenti açıq şəkildə bildirmişdi ki, İran hakimiyyəti edamları dayandırdığı təqdirdə, Amerika İran ərazisinə qarşı bombardman həyata keçirməyəcək. Lakin Trampın sözlərinə görə, Tehran bu razılaşmanı pozub və sonradan həbs olunan etirazçılar arasında kütləvi edamlar həyata keçirilməyə başlanıb. Bu isə Vaşinqtonda İranın verdiyi sözün tam şəkildə tapdalanması kimi qiymətləndirilib.

Məhz bu səbəbdən Tramp administrasiyası hazırda İranla yeni hərbi qarşıdurmaya hazırlıq mərhələsinə keçib. ABŞ prezidentinin “böyük bir hərbi gəmi donanması İran istiqamətində irəliləyir” açıqlaması da bu prosesin artıq siyasi bəyanat mərhələsindən çıxaraq praktiki hərbi fazaya keçdiyini göstərir.

Xatırladaq ki, ötən ilin iyun ayında İran artıq bir dəfə İsrail və ABŞ hərbi qüvvələrinin birgə hava zərbələrinə məruz qalmışdı. Həmin hücumlar zamanı İranın hərbi elitasının mühüm hissəsi məhv edilmiş, ölkənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılmış, tarixdə misli görünməmiş dəqiq və nöqtəvi zərbələrlə strateji hədəflər vurulmuşdu. Buna cavab olaraq Tehran İsraili raket atəşinə tutmuş, ABŞ-ın Qətərdə yerləşən hərbi bazalarına raket zərbələri endirmişdi.

Təxminən 10 gün davam edən bu qarşıdurmadan sonra beynəlxalq hərbi-siyasi təhlilçilər daha böyük və dağıdıcı müharibənin qaçılmaz olacağını açıq şəkildə yazırdılar. İndi isə Trampın son açıqlamaları və ABŞ donanmasının İran istiqamətində hərəkətə başlaması həmin müharibənin artıq real və yaxın təhlükəyə çevrildiyini göstərir.

Görünən odur ki, ABŞ–İran xəttində diplomatiya faktiki olaraq tükənib, proses sürətlə hərbi toqquşma riskinə doğru irəliləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR