Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü analitiklər tərəfindən yüksək qiymətləndirilir. İlkin məlumatlarda bu görüşdə əsas müzakirə mövzusunun Zəngəzur dəhlizi ilə bağlı olduğu bildirilir.
Görüşün önəmi barədə Musavat.com-a açıqlama verən deputat Sahib Alıyev bildirdi ki, Davosda “Sülh Şurasının nizamnaməsi” sənədinin imzalanması mərasimindən dərhal sonra Azərbaycan və ABŞ prezidentlərinin görüşmələri həmin tədbir zamanı diqqətçəkən bir tablonun heç də təsadüf olmadığının növbəti təsdiqi idi: “Xatırladım ki, sözügedən mərasimdə cənab İlham Əliyevlə Donald Tramp yan-yana əyləşmişdilər.
Cənab İlham Əliyevin Donald Trampla sözügedən mərasimdə yan-yana əyləşməsi, əlbəttə, ilk növbədə onunla bağlı idi ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti 8 müharibəyə son qoyduğunu bildirərkən, bunun sadəcə söz olmadığı, bizim regionda doğrudan da sülhün yarandığı təsdiqlənmiş faktdır”.
S.Alıyev digər bir fakta da diqqət çəkdi: “Azərbaycan Prezidentinin regiona gətirdiyi sülhü ABŞ-nin əvvəlki rəhbərliyi nəinki adekvat qiymətləndirmişdi, hətta onun dayanıqlı xarakter almasına maneçiliklər də törətməyə başlamışdı. Cənab Tramp isə iki ölkə arasında sülh sənədinin paraflanmasına özü şahidlik etdi ki, bu da dünyanın ən böyük gücü olan ABŞ-nin bu prosesi dəstəklədiyi demək idi. Eyni zamanda, həmin vaxt Vaşinqtonda TRİP marşrutu haqqında anlaşma da Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistan qarşısında qaldırdığı tələbin yerinə yetirilməsi ilə eyni xarakterli addım idi. “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimindəki tablo və bu görüş, mənim fikrimcə, Azərbaycanın həmin tədbirə dəvət olunan əksər dövlətlərdən fərqləndirildiyinin nümayişidir. Bu, o deməkdir ki, cənab Tramp dövlətimizi Sülh Şurasının sıradan bir üzvü kimi yox, onun yaranmasına töhfə verən və verəcək bir ölkə kimi görür”.
Elşad,
Musavat.com






