İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda dava düşdü

2645 22.05.2023 09:16 Yazarlar A A

Yaxud, 15 nəfəri YAP-dan niyə qovmuşlar

Rusiya xarici işlər naziri Sergey Kələntəryanoviç Lavrovun qahımları Gürcüstanda toy eləmək istəyirdilər, gürcü müxalifəti toy maşınlarının qabağını kəsdi, dedilər nəmər verməlisiniz. Bundan sonra qanqaraçılıq düşdü, toy dağıldı. Hətta gürcü prezidenti Salome xanım da toyu pisləmişdir.

Yeri gəlmişkən, Gürcüstanda bu saat prezident olmaq Bakıda JEK müdiri olmaq kimi bir şeydir, bəlkə daha az səlahiyətləri var. Heç kim prezidenti vecinə almır. Salome xanım Rusiyanın ölkəsinə təyyarə reysləri açmasına qarşı çıxıb yerli aviaşirkəti boykot etməyə çağırmışdı, sizcə həmin şirkət nə elədi? Cavab tədbiri olaraq bəyan etdilər ki, biz də prezidenti boykot edirik, təyyarələrimizə minməyə qoymayacağıq. Təsəvvür elə... Təmiz dərəbəylikdir.

Əslində Lavrovun qahımlarının Tiflisdə toy eləməyə daha çox haqqı çatırdı, nəinki Salome Zurabişvilinin. Çün, Lavrovun atasının gürcüstanlı erməni olması faktdır. Salome xanım isə dünənəcən (müsəlmanın dünəni) Parisdə yaşayırdı. Yazıq Saakaşvili ona növbədənkənar vətəndaşlıq verdi, gətirib xarici işlər naziri qoydu. İndi isə Zurabişvili bir dənə əfv sərəncamı imzalayıb Mişanı dustaqdan buraxmağa can çəkir, az qalır onun meyiti içəridən çıxsın. Belə bir bivəfa dünyadır.

Geopolitik şərhimizi davam etdirərək rus ordusunun nəhayət Baxmut şəhərini almağa nail olduğunu yazmalıyıq. Əslində tam da dəqiq deyil, ancaq lap hesab edək alıblar. Baxmut əməliyyatı rus ordusunun dünya şöhrətinin “vozduxdan”, yəni havadan ibarət olmasını göstərdi. 10 aydan çoxdur əhalisi 70 min nəfər olmuş balaca bir şəhəri ala bilmirdilər. Təkcə bu şəhərdə Rusiyanın itkiləri on minlərlə ölçülür. İçində dustaqlardan yığılma bandit dəstələri də var, elitar desant qoşunları-filan da. Üç günə Kiyevi alacaqlarıyla öyünən bədnam şimal qonşularımız on aya Baxmutu almağa birtəhər nail oldular. Üstəlik, şəhərdən də faktiki əsər-əlamət qalmayıb, bütünlüklə dağıdıblar, yandırıblar. Binaları aviasiya bombaları, artilleriya mərmiləriylə yerlə-yeksan etmədən cəsur Ukrayna ordusunu şəhərdən çıxarmaqda aciz idilər. İndi bu xarabalığı əldə etmək rusların, konkret yazsaq Putinin nəyinə lazım idi, məlum deyil. Onsuz Rusiya Valdivostokdan Kalininqrada qədər xarabalıq yurdlarla doludur, üstünə başqa xarabaları da gələndə xoşbəxt olurlar sanki. Bu yerdə bizim klassikin “Nuşirəvan və bayquşların söhbəti” əsəri yada düşür. Orda da söhbət bizim başlanğıcda yazdığımız toy mövzusu ilə başlayırdı. İki bayquş söhbət edir, biri o birinin qızını almalıdır, quda bayquş başlıq olaraq xarabalıq istəyir:

“Elçi gələn quş deyir: “Şərikəm hər sözünə,
Şahın zülmkarlığı bəllidir yer üzünə.
Qanlar tökən görürəm şahı gündə yenə mən.
Yüz min belə xaraba kənd verərəm sənə mən”.

Gürcüstanda Putinin xaraba qoyduğu yerlər çoxdur. Bunlardan Abxaziya və Cənubi Osetiyanı misal göstərmək olar.

Allaha şükür, bizdə əhali dinc yaşayır, kim istəyir evlənir, kim istəyir təyyarədə uçur. Bunlara heç bir qadağa yoxdur. Hamısı siyasi sabitliyə görədir. O sabitliyi yaradan partiya isə, şübhəsiz, Yeni Azərbaycan Partiyasıdır. Lakin təzəlikcə YAP-dan 15 nəfər xaric edildi. Birbaşa idarə heyətinin qərarıyla. Deyildi ki, bu 15 nəfər “partiyanın nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir”. Maraqlıdır, görəsən bu hərəkətlərə hansı hərəkətlər daxildir? Kaş partiya xalqa onların siyahısını açıqlayardı, millət bir daha həmin hərəkətlərə yol verməzdi. Məsələn, rüşvət almaq, yalan danışmaq, mədhiyyə oxumaq partiyanın nüfuzuna xələl gətirə bilərmi?

Hərçənd, qorxusu yoxdur, 2021-ci ilin statistikasına görə partiyanın 800 min üzvü var. Partiya üzvü olması qadağan edilən polisləri, əsgərləri və 3 milyona yaxın da uşaq-muşağı çıxsaq, yerdə qalır hardasa 5-6 milyon adam. Deməli bu saat Azərbaycanda hər 5 adamdan 1-i YAP üzvüdür. (Müqayisə üçün, 1987-ci ildə, SSRİ dağılana yaxın Azərbaycanda Sov. İKP-nin cəmi 384 min üzvü vardı). Hər il bunlardan 15 nəfəri qovsalar, yenə bitib-tükənən deyil.

Ancaq mən yenə də YAP-a görə nigaranam. Barı adlarını desinlər, bilək nəyə görə qovublar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR