İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzdakı qanlı cinayətin şok təfərrüatı - Regional Meşə Təsərrüfatı Mərkəzinin rəisinin oğlunun törətdiyi cinayəti dostuna “yükləyirlər”

1212 15.07.2022 09:05 Kriminal A A

Anar Tağıyev dostuna “cinayəti boynuna götür, biz səni qurtaracağıq” deyib

“Bütün Tovuz bilir ki, Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurmaqla onu öldürən Regional Meşə Təsərrüfatı Mərkəzinin rəisi Mamedin oğlu Anardır. Amma Anarın əvəzinə mənim oğlumu tutub təzyiq göstərirlər ki, cinayəti boynuna götürsün!” – bu sözləri “Yeni Müsavat”a Xəqani Əhmədov deyib. Onun sözlərinə görə hazırda oğlu Vüsal Əhmədov cinayətdən dolayı Tovuz Polis Şöbəsində təzyiq altındadır: “Mənim oğlum elə günə salıblar ki, özü sərbəst yeriyə bilmir. Bizim özümüzə qarşı da olduqca aqressiv münasibət göstərirlər. Tovuz Polis Şöbəsinin rəis müavini Anar mənə əl qaldırır, “oğlun bu cinayəti boynuna götürsün” deyir. Halbuki ortada video da var. Açıq-aydın görünür ki, Mamedin oğlu Anar “Niva”dan düşüb Nizaminin üstünə qaçır və ona bıçaqla zərbələr vurur. Mənim oğlum da sonradan gəlib onları aralamaq istəyir və oğluma da bıçaq zərbələri dəyib”.

 

Xəqani Əhmədovun sözlərinə görə baş vermiş cinayətdən sonra hadisə yerindən 2 bıçaq tapılıb: “Hadisədən sorna oğlum xəstəxanada idi. Onu xəstəxanadan polisə apardılar. Biz də polisə getdik. Orada Vüsalın həyat yoldaşını da saxladılar. Mənə də olduqca təhqiramiz münasibət göstərildi. Xüsusilə rəis müavin bizə qarçşı aqressivlik göstərir. Mamedin pulu çoxdur deyə, onun oğlunun əvəzinə mənim oğlum həbsə getməlidir? Polisdə Mamedin oğlu Anara şərait yaradıblar ki, oğluma “cinayəti boynuna götür”  desin. Anar oğluma deyib ki, narahat olma, biz səni qurtaracağıq. Vəkilimiz də məsələ qaldırdı ki, ortada iki bıçaq var. Birində Nizaminin, o birində isə Anarın əl izləri var. Təsdiqlənir ki, hadisə 2 nəfərin arasında olub. Bundan sonra gedib bir bıçağı da işə əlavə elədilər. Mamedin oğlu Anar da ifadə verib ki, guya oğlum izi itirmək üçün bıçağı aparıb kolluğa atıb. Kolluğun yerini də polisə göstərib. Biz daxili işlər naziri cənab Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə müraciət edirik ki, bu işi nəzarətə götürsünlər və obyektiv araşdırma aparılmasını təmin etsinlər. Ombudsman Səbinə Əliyevadan da xahiş edirik ki, Tovuz Polis Şöbəsində saxlanılan oğlum Vüsal Əhmədova baş çəksin, onun xəsarətlərini rəsmiləşdirsin. Yalandan deyirlər ki, guya Vüsal həmin xəsarətləri dava zamanı alıb. Orada dava 2 nəfər arasında olub. Mənim oğlum tərəfləri aralayıb. O qədər xəsarəti onu saxlayandan sonra yetiriblər”.

Ehsan Zahidov — Vikipediya

Ehsan Zahidov 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş bütün şübhələrini istintaqa deməlidir: “O ki, qaldı döyülmə və işgəncə ilə dediklərinə, bunlar uydurmadır. Heç kəs döyülməyib, döyülə də bilməz. Əməliyyat-istintaq hərəkətləri tam olaraq qanuna müvafiq qaydada keçirilir. Həmin faktla bağlı cinayət işi başlanıb, istntaq aparılır. Vətəndaşın döyülməsi və işgəncələrə məruz qalması haqda fikirlər tamamilə həqiqəti əks etdirməyən fikirlərdir”.

Xatırladaq ki, Nizami Vəliyevin qətli fakt ilə bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR