İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis vasitəçi roluna niyə həvəslidir?

678 05.07.2023 08:42 Siyasət A A

Politoloq: “Gürcüstan 30 ilə yaxın hökm sürən münaqişədən kifayət qədər fayda götürmüş tərəfdir, indi...”

“Gürcüstan göstərdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərdə effektiv vasitəçi olmağa qadirdir və lazım gələrsə, prosesə yenidən qoşulmağa hazırdır”. Bu barədə Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili parlamentdə bildirib.

Qaribaşvili xatırladıb ki, 2021-ci ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan hakimiyyəti 15 erməni əsiri azad edib, Ermənistan isə minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verib. Daha sonra Gürcüstanın baş naziri “Sülh Qonşuluq Təşəbbüsü” ilə çıxış etdi - o, qonşulara qeyri-rəsmi dialoq üçün regional platforma yaratmağı təklif etdi.

“İki il əvvəl onlar Azərbaycan və Ermənistan arasında ilk konkret nəticələri göstərdilər. Sonra şəxsən mən də daxil oldum. Və bu vasitəçilik, asanlaşdırma konkret nəticə ilə başa çatdı. Bu, belə demək mümkünsə, regionda nümunəvi vasitəçiliklərdən biri idi” - Qaribaşvili deyib.

Baş nazir Gürcüstanın bundan sonra da vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib: “Mən bu tribunadan tam hazır olduğumuzu bir daha açıq şəkildə təsdiq etmək istəyirəm. Lazım gələrsə, biz iki ölkə, dostlarımız arasındakı prosesə bir daha qoşulmağa hazırıq. Bu, çox vacib istiqamətdir”, - Qaribaşvili bildirib.

Tiflis vasitəçi roluna niyə həvəslidir və bu cəhdlər digər vasitəçilərdən nə ilə fərqlənə bilər?

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan 30 ilə yaxın Ermənistan-Azərbaycan arasında hökm sürən münaqişədən, ünsiyyətin olmamasından kifayət qədər fayda götürmüş tərəfdir. Bu 30 il ərzində Cənubi Qafqazda öz mövqelərini gücləndirmiş ölkədir: “Cənubi Qafqazın üç ölkəsindən ikisinin bir-biri ilə konfliktdə olması üçüncüsünə müəyyən imkanlar yaratmışdı. Gürcüstan dövləti bu imkanlardan faydalanmışdı. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra isə Cənubi Qafqazda güclər balansı dəyişdi və bununla bərabər bölgədə oyun konfiqurasiyaları da dəyişdi. Bu oyun konfiqurasiyalarında da Gürcüstanın əvvəlki uduşlu halı da dəyişdi. Ümumilikdə 44 günlük Vətən müharibəsindən sonra dəyişən reallıqda Gürcüstanın mövqeləri də dəyişikliyə uğradı. Gürcüstan regionun logistik imkanların, iqtisadi imkanların artırılması istiqamətində atılan addımların bir neçəsində iştirak etmədi. Məsələn, regionda 3+3 əməkdaşlıq formatı elan ediləndə Tiflis burada təmsil olunmaqdan imtina etdi. Gürcüstan bunu Rusiyanın bu formatda olması ilə əsaslandırdı. Amma 2021-ci ildə Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi artaraq 1 milyard dolları keçmişdi. Ticari əməkdaşlıq bu gün də artan istiqamətdədir”.

Gürcüstanın indi Azərbaycanla Ermənistan arasında vasitəçilik, moderatorluq etmək təklifinin digərlərindən faydasının, fərqinin olub-olmayacağına gəlincə, politoloq hesab edir ki, əvvəla, regional hər hansı bir gücün Ermənistan-Azərbaycan danışıqlarında moderatorluq etmək imkanları yoxdur. Bu, təkcə Gürcüstanla bağlı deyil.  Təcrübə də göstərir ki, bu tipli vasitəçilik nəticə vermir. Rusiya amili buna imkan vermir. Hal-hazırkı mərhələdə danışıqlarda güc təsiri olaraq vasitəçi kimi ancaq ABŞ-ın moderatorluğu formatı pozitiv nəticə verə bilər: “Bu da bir neçə nüansa bağlıdır. Yəni diplomatik rıçaqlara, informasiya rıçaqlarına və sair. Tiflis vasitəçi rolunda oynamağa həvəslidir, lakin digərlərindən ciddi fərqlənə biləcəyi imkanları yoxdur. Bu da Gürcüstanın vasitəçiliyini cazibədar etmir. Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə həm də ona görə həvəslidir ki, bu ölkə Avropa İttifaqının regionda atdığı addımların operatoru rolunda çıxış etmək istəyir. Avropa İttifaqı formatında ola biləcək məsələləri özünün həyata keçirməsi təşəbbüsündədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR