İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Wall Street Journal”: “Priqojinin qətlini Patruşev təşkil edib”

704 22.12.2023 17:40 Dünya A A


“Vaqner ÖHŞ-nin qurucusu Yevgeni Priqojinin təyyarə qəzasında ölməsi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən təşkil olunub”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qəzetin informasiya qaynaqlarından birinin söylədiyinə görə, Patruşev Priqojinin artan nüfuzu ilə bağlı Vladimir Putinə xəbərdarlıq etməyə hələ 2022-ci ilin yayında başlayıb. Öncə Putin bu xəbərdarlıqlara qulaq asmayıb, çünki həmin vaxtlar “Vaqner” savaşçıları uğurla Ukraynada döyüşürdülər.

2022-ci ilin oktyabrında Priqojin Putinə zəng vurduqdan və sursat çatışmazlığından “kobudcasına” şikayət etdikdən sonra hər şey dəyişib. Bu söhbəti Patruşev də eşidib və o, əlinə keçən bu fürsətdən dərhal yararlanmağa qərar verib.

2022-ci ilin dekabrına qədər artıq bu prosesdə "Patruşevin qalib gəldiyi məlum olub".

Putin Priqojinin sursat çatışmazlığı ilə bağlı açıqlamalarına məhəl qoymayıb.

23 iyun 2023-cü ildə Priqojin artıq qiyam qaldırıb. Qaynaqların bildirdiyinə əsasən, bu anda Patruşev "hakimiyyəti öz əlinə alıb". Təhlükəsizlik Şurasının katibi Priqojini üsyanı dayandırmağa inandırmaq üçün ona müxtəlif yerlərdən telefon zəngləri təşkil etdirib. O həmçinin “Vaqner”in qurucusuna rəğbət bəsləyən zabitlərə də zəng edib. Priqojin özü isə Kremldən gələn zənglərə cavab verməyib.

Patruşev Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə əlaqə qurub. WSJ həmsöhbətləri iddia edirlər ki, Tokayevə edilən zəng ən pis ssenaridən sığortalanmaq məqsədi daşıyıb. Güman edilib ki, Priqojinin qarşısı alına bilməsə Qazaxıstan 2022-ci ilin yanvarında KTMT qüvvələrinin ölkədəki qiyamı yatırmasına qarşılıqlı təşəkkür olaraq bu dəfə öz ordusunu Rusiyaya göndərəcək. Lakin Tokayev bundan imtina edib.

Keçmiş rus kəşfiyyatçısının dediyinə görə, avqustun əvvəlində, yəni qiyam yatırıldıqda Patruşev köməkçisinə “Priqojini aradan qaldırmaq üçün” əməliyyat hazırlamağa başlamağı əmr edib. Qərb kəşfiyyat orqanlarının nümayəndələrinin sözlərinə əsasən, Putinə bu planlar sonradan göstərilib və o, etiraz etməyib.

Avqustun 23-də Priqojin uçmazdan əvvəl Moskva hava limanında təyyarəsinin yoxlanılmasını gözləyib. Qərb kəşfiyyat xidmətlərindəki mənbələrə görə, məhz bu anda qanadın altına kiçik bomba qoyulub.

Priqojinin şəxsi “Embraer Legacy 600” təyyarəsi Moskvadan havaya qalxdıqdan az sonra Tver vilayətində qəzaya uğrayıb. Həmin vaxt Priqojin və Vaqner ÖHŞ-nin komandiri Dmitri Utkin də daxil olmaqla, təyyarədə olan 10 nəfərin hamısı həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR