Musavat.com xəbər verir ki, Kolumbiyada baş verən kiçik təyyarə qəzası ölkə və region mediasında geniş rezonans doğurub. Hadisə nəticəsində tanınmış kolumbiyalı müğənni Yeison Jimenez də daxil olmaqla 6 nəfər həyatını itirib.
Qəza Kolumbiyanın daxili aviareyslərindən birini həyata keçirən yüngül mühərrikli təyyarə ilə baş verib. İlkin məlumatlara görə, hava gəmisinin uçuş zamanı texniki nasazlıqla üzləşdiyi və qısa müddət sonra yerə çırpıldığı bildirilir. Təqdim etdiyimiz videoda da bu faciə anbaan görünür. Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanları cəlb edilib, lakin sərnişinlərin heç birini xilas etmək mümkün olmayıb.
Faciəni daha da sarsıdıcı edən məqam isə Yeison Jimenezin ölümündən əvvəl səsləndirdiyi açıqlamalardır. Türkiyənin dövlət kanalı TRT Haberin yaydığı görüntülərdən məlum olur ki, müğənni qatıldığı bir televiziya proqramında təyyarə qəzaları ilə bağlı davamlı kabuslar gördüyünü etiraf edib. Jimenez həmin proqramda belə deyib:
“Ölərkən bütün Medellini görürdüm… Təyyarənin düşdüyünü yuxumda dəfələrlə yaşamışam.”
Bu açıqlamaların faciədən sonra üzə çıxması sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi və jurnalistlər bunu “dəhşətli öncəgörmə” kimi qiymətləndirir.
Qeyd edək ki, Yeison Jimenez Kolumbiyada xüsusilə regional musiqi janrında tanınan və geniş dinləyici auditoriyasına malik sənətçi olub. Onun qəfil ölümü ölkənin mədəniyyət cameəsində də dərin hüznlə qarşılanıb.
Hadisə ilə bağlı Kolumbiyanın mülki aviasiya qurumları rəsmi araşdırmaya başlayıb. Qəzanın dəqiq səbəbləri – texniki nasazlıq, hava şəraiti və ya insan faktoru – istintaqın nəticələrindən sonra açıqlanacaq.
Musavat.com oxucularına hadisənin qəza anını əks etdirən videogörüntüləri də təqdim edir. Sözügedən video sosial şəbəkələrdə və beynəlxalq mediada sürətlə yayılaraq faciənin miqyasını bir daha ortaya qoyur.
Araşdırmalar davam edir.
Musavat.com






