İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələs, Paşinyan, 2023 “Xilas ili”nin 1/4-i getdi!

1722 01.04.2023 09:05 Siyasət A A

İrəvanın bitməyən “barıt” qoxulu sülh oyunu: Ermənistan “Qarabağ məsələsi”ni təzədən “dirildib” beynəlxalq birliyin gündəminə gətirməyə çalışır...

Kapitulyant Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün verilmiş son şans ilinin - 2023-cü ilin 3 ayı artıq arxada qaldı. Ancaq “yük” hələ də köhnə yerindədir. Rusiya və Qərbin (ABŞ-Avropa Birliyi) qeyri-səmimi “vasitəçilik” yarışından, habelə qonşu İranın destruktiv mövqeyindən məharətlə yararlanan Nikol Paşinyan ötən rüb ərzində də köhnə oyununu davam etdirdi. Sözdə “sülh” desə də, əməldə real sülhü əngəlləməklə, adekvat surətdə yeni hərbi qarşıdurmanı yaxınlaşdırmaqla məşğul oldu. Bakı ilə hətta şərt dilində danışdı.        

Martın 29-da hökumətin iclasında elədiyi çıxış zamanı o, ənənəvi riyakar mövqeyini bir daha təkrarlayıb. Ölkəmizə qarşı əsassız ərazi iddiasını növbəti dəfə ortaya qoyub. “Ermənistan hökuməti sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir” söyləyən baş nazir ardınca bildirib: “Ümid edirik ki, tezliklə Stepanakert-Bakı (Xankəndi-Bakı - red.) və Ermənistan-Azərbaycan danışıqları formatında konkret irəliləyiş olacaq. Aydındır ki, bu kontekstdə beynəlxalq təminatların və mexanizmlərin prosesə cəlb edilməsi son dərəcə vacibdir”.

Diqqət edin, sanki uydurma “artsax” da Ermənistan kimi beynəlxalq hüququn subyekti, müstəqil bir dövlətdir və Bakı İrəvanla yanaşı, Xankəndi ilə də eyni formatda, bərabərhüquqlu tərəf olaraq, üstəlik, “beynəlxalq təminat və mexanizm” çərçivəsində, yəni beynəlxalq vasitəçilərin iştirakı ilə müzakirə aparmalıdır. Halbuki söhbət Azərbaycanın daxili işindən, Bakı ilə erməni əsilli vətəndaşlarımız arasında dialoqdan gedir. Hansısa vasitəçilərin iştiraklı ilə danışıqlardan yox.

Nikol Paşinyan ehtiyat edir ki, Azərbaycanla...” -

Amma Paşinyan “dialoq” adı çəkmir, “danışıqlar” deyir. Danışıqlar isə eyni hüquqlu subyektlər arasında olur. Beləcə, o, artıq tarixin arxivinə verilmiş “Dağlıq Qarabağ məsələsi”ni hiyləgərcəsinə təzədən “dirildib” beynəlxalq birliyin gündəminə gətirməyə çalışır ki, erməni icmasının Azərbaycana inteqrasiya prosesi də qeyri-mümkün olsun. Çünki biz beynəlxalq “vasitəçilər”in hansı “məzhəbə” qulluq elədiklərini Minsk Qrupu həmsədrlərinin timsalında gözəl bilirik.

Əfsus ki, həmsədr ölkələr yenə sülhə töhfə vermək, Ermənistana təzyiq eləmək əvəzinə, bu dəfə ayrı-ayrılıqda destruktivlik yanaşmalara göstərməkdədir.  

“Bakı və İrəvan bir-birilə razılığa gələ bilər və bu məqsədlə onlar üçün şərait yaradılmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova srağagün News.ru jurnalistinin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda destruktiv mövqe nümayiş etdirir: “Aydındır ki, Brüssel Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında və mövqelərinin yaxınlaşmasında maraqlı deyil. Əksinə, Aİ Bakı ilə İrəvan arasında ziddiyyətləri dərinləşdirir”.

Zaxarova Makronun Rusiya barədə sözlərini şərh edib - 19.02.2023, Sputnik  Azərbaycan

 Mariya Zaxarova

Təəssüf ki, Rusiya da onlardan zərrəcə geri qalmır. Əks halda, 44 günlük müharibədən keçən 2 il 5 ayda Moskva masaya konkret və obyektiv sülh sənədi layihəsi qoyar, sərhədlərin delimitasiyası və demarkasiyası üçün tərəflərə praktik kömək göstərməklə uzunmüddətli sülhə ciddi töhfə verərdi. Bunların heç biri yoxdur, olmayıb, üfüqdə də görünmür. Əvəzində Qarabağda Rusiyanın separatçıların silahlandırılması kimi pozucu fəaliyyəti var...      

Lakin əsas günah yenə öz xalqını sülhə hazırlamaq istəməyən, iki və hətta üç “stul”da (Qərb, Rusiya və İran) oturmaq istəyən Nikol Paşinyanın və komandasının üzərindədir. Bu xüsusda əcnəbi politoloqların maraqlı gözləntiləri var.

“Nikol Paşinyan hiss edib ki, onun müxtəlif avantürist təkliflərini dəstəkləməyə hazır olan beynəlxalq qüvvələr peyda olub”.

Bu fikri rusiyalı politoloq Dmitri Solonnikov irəli sürüb.

Onun sözlərinə görə, erməni baş nazir daima Amerika və Qərbi Avropa vektorunu nizamlama prosesinə daxil etməyə çalışır. “Bu, onun vəzifəsidir. Həm də Vaşinqton və Brüsseldən olan müvafiq kuratorlar tərəfindən qoyulmuş vəzifə. Hədəf ABŞ-ı, Fransanı, bütövlükdə AB-ni mümkün qədər bölgəyə gətirməkdir”, - deyə o qeyd edib.

Ekspert hesab edir ki, əgər Qərb missiyası Qarabağda yerləşdirilsə, bu, Paşinyanın və Qərb qüvvələrinin qələbəsi olacaq: “Azərbaycan isə diplomatiya yolu ilə hərəkət edəcək və Qarabağın qalan hissəsinin qaytarılması tədricən, səbirlə həyata keçiriləcək. Laçın yolu ilə Qarabağda yerləşən erməni silahlılarının təchizatı artıq kəsilir. Digər tədarük marşrutları da yavaş-yavaş bağlanacaq. Bakı Qarabağın erməni icması ilə başladığı dialoqu davam etdirəcək. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin başa çatmasına 2,5 il qalıb. Bundan sonra missiya Qarabağı təhlükəsiz tərk edə bilər. Və onda heç nə Azərbaycanın öz ərazilərini qəti şəkildə geri qaytarmasına mane olmayacaq”.

Sergey Markov: "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?"

Sergey Markov

Digər rusiyalı politoloq Sergey Markov da oxşar fikirdədir: “2 il 5 aydan sonra Rusiya sülhməramlılarının Qarabağda mandatı bitəcək. Rusiya missiyası gedəcək, Azərbaycan ordusu bu əraziyə nəzarəti ələ keçirəcək. Və məsələ həll olunacaq. Ona görə də İrəvan qalan vaxtda Azərbaycan daxilində Qarabağ ermənilərinə beynəlxalq qurumların himayəsi altında və faktiki müstəqil olacaq muxtariyyət düzəltməyə çalışır”.

Politoloqun qənaətincə, Azərbaycan Ermənistana təzyiq göstərməyə davam edəcək, onu sülh sazişinə sövq edəcək. “Lakin sülh sazişi imzalanmasa, Bakı 10 noyabr üçtərəfli bəyanatın müddətini uzatmayacaq. Hazırda regionda gərginlik olduğu üçün bu 2,5 il ərzində hərbi əməliyyatların başlanmasını  da istisna etmirəm”, - deyə o, ardınca vurğulayıb.

Markov həmçinin qeyd edib ki, Paşinyan Qarabağ ermənilərinin muxtariyyət olmadan birbaşa Azərbaycana inteqrasiyasına razılıq verərsə, fiziki zorakılıqla üzləşə bilər. Bundan əlavə, o, Ermənistanın Roma statunu və Beynəlxalq Cinayətlər Məhkəməsinin Putin haqqında qərarını dəstəksləməsinin Moskva-İrəvan münasibətlərini daha da kəskinləşdirəcəyini söyləyib: “Mahiyyət etibarilə bu, İrəvan üçün dalan yoludur. Onlar Rusiyanı belə təhqir edirlər. Rusiya isə öz növbəsində Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün daha çox stimul əldə edir. Paşinyanın çoxlu anti-Rusiya qərarları var. Nə vaxtsa Kremlin səbri tükənəcək və Moskva ya Paşinyanı devirməyə çalışacaq, ya da deyəcək: ”Madam belədir, onda biz Qarabağa tam nəzarəti bərpa etməkdə Azərbaycanı tam dəstəkləyirik". Hələlik Kreml belə bir yekun qərarı verməyib, lakin onun çox yaxın vaxtlarda verilməsi mümkündür".

İstənilən halda, Ermənistan və onun xalqı üçün də, Paşinyan üçün də yeganə qurtuluş yolu Bakıya aparır. Odur ki, tələs, Nikol, artıq 2023 “Xilas ili”nin 1/4-i arxada qalıb...     

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR