İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbələr təhsil tələbə kreditindən necə istifadə edəcəklər?- AÇIQLAMA

923 07.04.2022 19:42 Təhsil A A

Tədris ilinin sonu yaxınlaşdıqca ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqlarını ödəmə vaxtları daralır.

İxtisaslara görə ödənişin məbləği fərqlidir. Azərbaycanda tələbələrin universitetlərə ödədikləri təhsil haqları 1200 manatdan 6500 manata qədər dəyişir. Bəzi universitetlər isə tələbələrə rahat olsun deyə illik ödəniş məbləğini iki dəfəyə bölməklə ödəməyə şərait yaradıblar. Eyni zamanda maddi səbəbdən sıxıntı çəkən tələbələrə dövlət tərəfindən dəstək kimi, tələbə təhsil krediti layihəsi təqdim olunub.
Bəs tələbə təhsil krediti nədir və bunu necə əldə etmək mümkündür?

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev Musavat.com-a açıqlamasında bildirib ki, tələbə təhsil kredit fondunun yaradılmasında əsas məqsəd bakalavr və magistr üzrə təhsil alan tələbələrin təhsil haqqı problemlərinin aradan qaldırılmasıdır.

“İxtisas seçimi zamanı bəzən tələbələr bacarıqlarını tam ortaya qoya biləcəkləri ixtisası deyil, ödənişi az olan ixtisası seçirlər. Tələbələr təhsil tələbə krediti fondundan istifadə edərkən əvvəlcə qəbul olma balı, daha sonra hər semestr ortalama balı nəzərə alınır. Hər semestr tələbələr fonda müraciət etməlidirlər.
Təhsil tələbə kredit fondu iki yerə bölünür. 2 faizlik və 6 faizlik sosial paket. Burada əsas məqam faizlərin olmasıdır. Əgər standart tələbə kredit növündən istifadə edilirsə və tələbənin ortalama balı 91 baldan yuxarıdırsa, faiz hesablanmayacaq. Ancaq sosial tələbə kreditindən istifadə edilirsə, ortalama bal 71 olaraq hesablanır. Sosial paketdə 50 faiz, standart paketdə isə 25 faiz güzəşt nəzərdə tutulur.
Bakalavr və ya magistr məzunu olduqdan sonra 2 il müddətində heç nə tələb olunmur. Bakalavr vaxtı fonddan istifadə edib daha sonra magistraturaya qəbul olan tələbə iki il qanunu magistr bitdikdən sonra qüvvəyə minir. Yəni bakalavrdan sonra iki il nəzərə alınmır.

Fond üçün təxminən 80 milyon manat məbləğ ayrılıb. Bu da 40-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verir”,- deyə o bildirib.

Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR