İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsil proqramlarında hansı yeniliklərə ehtiyac var?

451 20.04.2022 08:30 Təhsil A A

Ekspert: “Ola bilər ki, yeni təhsil proqramını özümüz yaradaq və yaxud Finlandiya, digər inkişaf etmiş ölkələrin modelindən istifadə edək”

Azərbaycanda 2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul edilib. Kurikulum standartlarına uyğun tədris prosesi isə 2008-ci ildən başladılıb. Mütəxəssislər qeyd edir ki, artıq yeni tədris resurslarının yaradılmasına ehtiyac var. Çünki müasir standartlara cavab verəcək tədrisin həyata keçirilməsində müəyyən boşluqlar nəzərə çarpır, xüsusən də orta təhsil məktəblərinin, maddi-texniki bazanın idarə edilməsində, ali təhsil müəssisələrində semestr qiymətləndirilməsində...

Bəs təhsil proqramlarında hansı yeniliklərə ehtiyac var?

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?) - YouTube

Elçin Əfəndi 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi,  2008-ci ildən Azərbaycanda kurikulum standartlarına uyğun tədris prosesi başladılıb, 2019-cu ildən isə bu istiqamətdə qəbul imtahanları həyata keçirilməyə başlayıb. Bu gün onu müşahidə edirik ki, kurikulum proqramı əsasında aparılan təhsildə uğur əldə edə bilməmişik. Yəni şagirdlərin nəticələri olduqca aşağıdır. Ola bilsin ki, bu, müəllimin kurikulum proqramına uyğun tədris həyata keçirməməsindən və yaxud şagirdlərin kurikulum sistemini yaxşı mənimsəməməsindən qaynaqlanır və sairə. İstənilən halda bütün ümumi nəticələrimiz ürəkaçan deyil. Əgər buraxılış imtahanında 92-93 min şagird imtahan verirsə, onun təxminən 22-23 min nəfəri -50 bal arasında nəticə göstərir. Beləliklə, kurikulum sisteminin yetişdirdiyi şagirdlər 50 bal  həddini aşa bilmirlər. Təəssüflər olsun ki, aidiyyəti qurumların da bu yöndə konkret addımlar atdığını müşahidə etmirik, görmürük”.

Ekspert qeyd etdi ki, artıq təhsil proqramının dəyişilməsinə ciddi ehtiyac var: “Ola bilər ki, yeni təhsil proqramını özümüz yaradaq və yaxud Finlandiya, digər inkişaf etmiş ölkələrin modelindən istifadə edək. Əgər özümüzün təhsil institutu olarsa, yeni modeli özümüz yarada bilərik. Yəni Azərbaycan versiyasını ortaya qoymuş olarıq. Artıq bəzi liseylərdə tədricən STEAM modeli tətbiq olunmağa başlayıb, müəyyən məktəblər də bu istiqamətdə inkişaf edir. Yəni artıq kurikulum sistemindən nəticə əldə edə bilmədiyimizə görə yeni təhsil proqramlarına keçməliyik.  Hər hansı bir yeni sistemi tətbiq etdiyimiz zaman da ilk olaraq  onu tətbiq edən şəxslərə deyil, birbaşa təhsil alanlara tətbiq edirik. Yəni təhsil verənləri həmin istiqamət üzrə yetişdirmədən birbaşa sistemi tətbiq edirik ki, bu baxımdan effekt ala bilmirik. Ona görə də əgər hər hansı bir yeni sistem tətbiq olunacaqsa, onun tətbiqini ilk öncə müəllimlərin üzərində həyata keçirməli, öyrətməliyik. Yoxsa ki dərsləri kor-təbii formada kurikulumla tətbiq edirik və gələcəkdə də belə olsa heç bir yenilik baş verməyəcək”.

Ekspert inkişaf etmiş ölkələrdə fərqli təhsil modellərindən də danışıb: “Bu modellərdə fərqlilik odur ki, bizdə şagirdlər ilk öncə hazırlıq qruplarına gedirlər. Tutaq ki, Sinqapurda uşaqlar mütləq 5-6 yaşına qədər valideyn himayəsində olurlar. Müvafiq olaraq  təhsilin müxtəlif pillələrinə keçdikdə şagirdlərin üzərində basqılar çox olmur. Yəni onlara müvafiq ev tapşırıqları verilmir. Konkret olaraq şagirdlərə hər ey məktəbdə, auditoriyada öyrədilir. Bu da  ona gətirib çıxarır ki, şagirdlərin kifayət qədər asudə vaxtları olur. Bizdə isə müqayisə olunmayacaq dərəcədə fərqlidir, şagirdlər çox yüklənir və məcburdur ki, evdə bütün vaxtını dərslərə sərf etsin. Yəni  müəllim dərsi şagirdə auditoriyada öyrətməlidir ki, şagird evdə artıq vaxtını  öz valideynləri ilə keçirsin. Azərbaycanda isə şagirdlər birinci sinifdən başlayaraq çox yüklənir və yekun nəticə olaraq 11 il ərzində əldə etdiyi biliklərlə 250 və yaxud daha az nəticə göstərir. Məsələn, Finlandiyada pedaqoji sahədə təhsil alan tələbələr artıq 3-cü kursdan  təcrübələrə başlayır. Bizdə isə tələbələr 4-cü kursun sonunda müvafiq təcrübələrlə öyrənirlər. Sizcə, 2-3 aylıq təcrübənin nə əhəmiyyəti ola bilər? Əlbəttə ki, heç nə. Düşünürəm ki, Azərbaycanda da ali təhsil müəssisələrində 3-cü kursdan artıq təcrübələrə başlamağı tətbiq etmək olar. Və yaxud, inkişaf etmiş ölkələrdə şagirdlər hələ ən aşağı siniflərdən başlayaraq konkret ixtisas istiqaməti üzrə yetişdirilir. Məsələn, şagird gələcəyin həkimi olacaqsa, ona lazım olan fənlər üzrə təhsil alır və 11 il ərzində sırf həmin ixtisas üzrə mükəmməl kadr kimi formalaşır. Çox təəssüf ki, bu gün aidiyyəti qurumlar yeni təhsil proqramlarının keçirilməsində maraqlı deyillər”.

 Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR