İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandakı səfirliyimizə hücum edən edam olunacaq? - İranın növbəti blefi, yoxsa...

1371 08.07.2023 10:50 Gündəm A A

Fuad Çıraqov: “Tehranın münasibətləri düzəltməkdə maraqlı olduğuna o halda inanmaq olar ki...”

Elçin Mirzəbəyli: “Terror aktının motivinin ortaya çıxarılması da önəmlidir”

Xəbər verildiyi kimi, iyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib. Görüş zamanı yanvarın 26-da Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmanın gedişatı da müzakirə edilib.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən iranlı nazir isə səfirliyin fəaliyyətinin tezliklə bərpa olunacağına ümid ifadə edib. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu söyləyib.

Jurnalistlərə açıqlamasında isə Abdullahian deyib ki, Azərbaycan səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb və bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək. “Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”, - nazir vurğulayıb.

Xatırladaq ki, bundan bir gün qabaq İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Sitayişi mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaqın yekunlaşdığını və bu işdə eyni şəxsin (Yasin Hüseynzadə - red.) təqsirləndirildiyini bildirmişdi. Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov isə Musavat.com-a bildirib ki, istintaqın yekunu ilə bağlı İrandan Baş Prokurorluğa hər hansı məlumat daxil olmayıb.

Əslində Abdullahianın sözlərini heç olmasa, o halda səmimi saymaq olardı ki, İran qondarma ittihamlarla 4 aydır girov saxladığı gənc Azərbaycan vətəndaşı Fərid Səfərlini nazirin səfəri ərəfəsi qeyd-şərtsiz azad edəydi. Əksinə, ona hökm oxunması gözlənilir. Eləcə də ötən ilin dekabrında İranda uydurma ittihamlarla saxlanmış və fiziki, psixoloji təzyiqlərə məruz qalmış digər Azərbaycan vətəndaşı - Validə Yusifova.

Fuad Çıraqov: “İran tərəfindən Bakıdan Naxçıvana gedən magistral yolun  bağlanması istisna deyil…” Pravda.az

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin eksperti Fuad Çıraqov “Yeni Müsavat”a bildirdi ki, səfirliyimizə hücum edən şəxs edam edilməlidir. Politoloq hesab edir ki, əgər İran xarici işlər naziri “ən ağır cəza”dan bəhs edirsə, bu ölkənin cinayət qanunvericiliyində ağır cəza kimi edam nəzərdə tutulur: “Onun müddətli həbsə məhkum edilməsi bizi qane edə bilməz. Nə bilək həmin şəxs yenidən dəlixanaya salınıb sonra azad edilməyəcək? Bundan başqa, həmin şəxs edam edilərsə, kifayət olmamalıdır. Rəsmi Bakı İranda Azərbaycanda konstitusion quruluşun dəyişdirilməsinə çalışan terrorçu qrupun vətəndaşlarımız olan şəxslərinin təhvil verilməsi tələbini irəli sürmüşdü. Həmin şəxslərin hamısı Azərbaycana təhvil verilərsə, bəlkə indiki İran hakimiyyətinin münasibətləri düzəltməkdə maraqlı olduğuna inanmaq olar”.

Elçin Mirzəbəyli: Bu qərar Ermənistanı Bakıdan asılı vəziyyətə salacaq -  "İki sahil"

Siyasi şərhçi Elçin Mirzəbəylinin fikrincə, Azərbaycan səfirliyində terror aksiyası həyata keçirən, bir nəfərin ölümünə, digərinin isə ağır yaralanmasına səbəb olan şəxs ən ağır cinayət törətdiyi üçün çox güman ki, ən ağır cəzaya məhkum olunacaq: “Bir ölkənin xarici işlər nazirinin məhkəmənin hökmü olmadan veriləcək cəza haqqında danışması əslində bu ölkədə hüquqla bağlı gerçək durumun nə qədər acınacaqlı vəziyyətdə olduğunu nümayiş etdirir. Şübhəsiz ki, Azərbaycan səfirliyində terror aksiyası həyata keçirən şəxs xüsusilə ağır cinayət törədib və cəza da onun törətdiyi əmələ adekvat olmalıdır. Amma burada təkcə veriləcək cəza deyil, terror aksiyasının gerçək motivinin ortaya çıxarılması da önəmlidir. Əgər İranın istintaq və məhkəmə orqanları törədilən terror aksiyasının motivini məişət zəminində baş verən hansısa qondarma ittiham üzərində quracaqlarsa, şübhəsiz ki, bu bizi qane etməyəcək. Çünki baş verən terror aktı ilə bağlı hətta xüsusi hüquqi bilgilərə, analitik təfəkkürə malik, kriminalistikaya bələd olmayan insanların belə verə biləcəyi suallar var və bu sualların cavabı hələ ki açıq qalıb. Səfirliyin yanındakı mühafizə köşkündəki polisin terrorçu ilə ünsiyyətdə olması və baş verənlərə seyrçi qalması, terrorçunun uzun müddət səfirliyin qapısını açmağa cəhd göstərməsi və bu müddət ərzində təhlükəsizlik qüvvələrinin, polisin hərəkətə keçməməsi cinayətin təşkil olunduğuna çoxsaylı şübhə yaradır. Bu halda terror aksiyasının sifarişçiləri və təşkilatçıları, mühafizə polisi də daxil olmaqla, bütün iştirakçıları ədalət məhkəməsi qarşısına çıxarılmalı və layiqli cəzalarını almalıdırlar.

Bu baxımdan, şəxsən mənim üçün məhkəmənin verəcəyi cəzadan daha çox ittiham aktı və məhkəmənin hökmü daha çox əhəmiyyət kəsb edir. Əgər məhkəmə, sadəcə, terror aktını həyata keçirən şəxsi “məişət zəminində törədilən” cinayətdə ittiham edərək, onu edam cəzasına məhkum edəcəksə, bu, terror aksiyasının əsl motivlərinin və iştirakçılarının gizlədilməsinə xidmət edən qərar olacaq və düşünürəm ki, belə bir yanaşma cəmiyyətimiz tərəfindən qəbul edilməyəcək".

Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova isə “Yeni Müsavat”a bildirdi ki, oğlu ilə cəmi iki dəfə danışmaq imkanı olub: “Konsulluqdan verilən məlumata görə, vəziyyəti yaxşıdır. Hökmün verilməyini gözləyirik. Xarici İşlər Nazirliyindən əlaqə saxladılar və dedilər ki, hələ ki vəkil təyin olunmayıb”.

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR