İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran israilli nazirə görə Bakı və Aşqabada xəbər göndərdi

3436 19.04.2023 10:52 Siyasət A A

Rəisi türkmən liderinə nə deyib?

Aprelin 18-də İsrailin xarici işlər naziri Eli Koen Bakıya gəlib. O, bu gün Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasında iştirak edəcək. Onu da bildirək ki, gələn ay İsrail Prezidenti Hersoqun da Bakıya səfəri planlaşdırılır və o, Azərbaycan Prezidenti İlham Əliyevin qonağı olacaq.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kanani yenidən İsraili Tehranla Bakı arasında münasibətlərin pisləşməsində ittiham edib. O, aprelin 17-də Tehranda keçirilən brifinqdə deyib: “İran İslam Respublikasının və Azərbaycanın düşmənləri var. Sionist rejim ikitərəfli münasibətlərin məlum düşmənlərindən biridir”.

Maraqlıdır ki, Koen Azərbaycandan sonra Türkmənistana da səfər edəcək. İran isə İsrailin xarici işlər naziri Eli Koenin Türkmənistanın paytaxtı Aşqabad səfərinin də qarşısını almağa cəhd edib. Bu barədə Haqqın.az İsrail mediasına istinadən yazır. Koenin Aşqabada planlaşdırılan səfərindən bir müddət əvvəl İran prezidenti İbrahim Rəisinin türkmən həmkarı Serdar Berdiməhəmmədovu telefon danışığında nazirin səfərinin “arzuolunmaz olduğuna” inandırmağa çalışdığı bildirilir. Berdiməhəmmədov isə öz növbəsində Rəisiyə Aşqabadın Tehranla hər iki xalqın mənafeyi naminə bütün sahələrdə əlaqələri inkişaf etdirmək istəyindən danışıb. Türkmənistan lideri İsrail xarici işlər nazirinin səfərini ləğv etmək niyyətində olmadığını deyib. Bundan başqa, səfər çərçivəsində Koenin Aşqabadda İsrail səfirliyinin yerləşəcəyi daimi binanın açılış mərasimində də iştirak edəcəyi gözlənilir. İran təkcə Cənubi Qafqazda deyil, indi Asiya regionunda, daha bir qonşusu Türkmənistanın da dövlət işlərinə müdaxilə etməyə cəhd edir. İran o havadadır ki, əgər o, İsraillə düşməndirsə, onun “xeyir-duası” olmadan heç bir qonşusu bu ölkə ilə əməkdaşlıq edə bilməz. Amma maraqlıdır ki, bu cür xəbərdarlıqları Azərbaycandan da daha əvvəl İsraildə səfirlik açan “dostu-qardaşı” Ermənistana etmir.

Azər Badamov: Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər  bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb

Azər Badamov 

Deputat Azər Badamov qeyd etdi ki, Azərbaycan bütün qonşu dövlətlərlə  əməkdaşlıq etmək və səmimi qonşuluq münasibətlərində yaşamaq niyyətindədir: “İran da bizim qonşumuzdur və son zamanlar ölkələrimiz arasında müəyyən gərginliyin yaşanmasına baxmayaraq son məqamda yenidən bu gərginliyin aradan qalxacağına və planlaşdırılmış birgə layihələrin başa çatdırılaraq qarşılıqlı fayda əsasında münasibətlərin davam edəcəyinə ümidliyik. Azərbaycan-İsrail münasibətlərinin möhkəmlənməsindən İranın narahat olması əsassızdır. İran hesab edir ki, Azərbaycanla İsrailin yaxınlaşması onlar üçün təhlükə doğurur. Bu tamamilə yanlış düşüncədir və İsraillə yaxınlaşmağımızın İrana heç bir təsiri yoxdur. Azərbaycan müstəqil ölkədir və əməkdaşlıq etmək istədiyi ölkələri də heç kimlə məsləhətləşmədən özü seçir. Əgər quracağımız əməkdaşlıq milli maraqlarımıza cavab verirsə və qarşılıqlı faydaya əsaslanırsa, niyə də dərinləşməsin. İsrailin xarici işlər naziri Eli Koenin böyük nümayəndə heyəti ilə Bakıya səfər etməsi və hökumətlərarası komissiyanın iclasının keçirilməsinin nəzərdə tutulması İsraillə əlaqələrimizin dərinləşməsinə yol açacaq. O cümlədən İsrail Prezidenti Hersoqun da Bakıya səfəri planlaşdırılır. Normal sivil dövlətlər əməkdaşlığı qarşılıqlı səfərlərlə və imzaladığı sənədlərin icrası ilə həyata keçirir. O cümlədən İsrail XİN rəhbərinin Türkmənistana da səfəri və səfər çərçivəsində Aşqabadda İsrail səfirliyinin inzibati binasının açılışının həyata keçiriləcəyi nəzərdə tutulur. İran bu məsələdən də narahatdır və prezident İbrahim Rəisi Türkmənistanın dövlət başçısına zəng edərək öz narahatlığını bildirir. Çox maraqlıdır ki, Ermənistan İsraildə səfirlik açanda İranda heç bir narahatlıq yaratmır. Amma Azərbaycan və Türkmənistanın İsraillə yaxınlaşması İranı narahat edir. İran istəyir ki, özü İsraillə düşməndirsə, heç kim bu ölkə ilə əməkdaşlıq etməsin.  Bir daha qeyd etmək istəyirəm ki, ölkələrimizin İsraillə yaxınlaşması və əlaqələrin dərinləşməsinin İrana heç bir təhlükəsi yoxdur və İranın narahatlıqları əsassızdır. Hesab edirəm ki, İran dövlətinin rəhbərliyi zaman keçdikcə qonşu ölkələrin müstəqil beynəlxalq siyasət yürütməsinə öyrəşəcək və bu gün qonşuları ilə aralarında yaratdığı böyük aysberqlər əriyəcək”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin fikrincə, İran Ermənistanı təkcə Türkiyə və Azərbaycan deyil, bütün Türk dünyasına qarşı öz təbii müttəfiqi sayır: “İsrail İran üçün bəhanədir, bunun sübutu kimi İrəvan-Tel-Əviv münasibətlərini göstərə bilərik. Sovetlər Birliyi dağılandan sonra İsraillə Ermənistan diplomatik münasibətlər qurdu. Buna rəğmən Birinci Qarabağ müharibəsində İran istər siyasi, istər iqtisadi, istər hərbi, istərsə də hər cəhətdən Ermənistana dəstək oldu və düşmənlərimizi blokadadan qurtardı, məhvdən xilas etdi. İranın düşmənlərimizə həyati dəstəyi haqqında ermənilər rəsmi və qeyri-rəsmi səviyyədə dəfələrlə söyləyiblər. Azərbaycandan fərqli olaraq Ermənistan İsraildə səfirlik, konsulluq açdı. İran yenə Ermənistanla cici-bacı oldu. İllər keçdi, İsrail-Ermənistan münasibətləri daha da yaxınlaşdı. İsrail şəhərlərində qondarma erməni soyqırımı abidələri quruldu. Yəhudi-erməni münasibətləri o qədər yaxınlaşdı ki, İsrail Knessetində solçu deputatlar tərəfindən qondarma erməni soyqırımını tanımaq məsələsi qalxdı. Düzdür, qondarma erməni soyqırımını tanıma məsələsi Mərmərə sülh gəmisinə basqından sonra Türkiyə-İsrail münasibətlərinin kəskin pisləşməsi dövrünə təsadüf etdi. Bütün bunlara rəğmən İran Ermənistana gözün üstündə qaşın var demədi, amma məsələ Azərbaycan-İsrail münasibətlərinə gələn kimi Tehran özünü ortaya atır və Bakıya hədə-qorxu gəlməyə başlayır. Bu bir daha İranın dediyi kimi, əslində sionist rejimi ilə deyil, Türk dünyası ilə mübarizə apardığının göstəricisidir. Görün vəziyyət nə yerə çatıb ki, İran Azərbaycandan sonra digər türk ölkəsi Türkmənistanın da işlərinə qarışmağa başlayıb. Lakin Azərbaycandan sonra Türkmənistan da İrana işlərinə qarışa bilməyəcəyini deyərək Tehrandakı rejimə yerini göstərdi. Aşqabad düzünü etdi. İranla qarşıdurmada Azərbaycan da, Türkiyə də qardaşları Türkmənistanın yanında olmalıdırlar. Türkiyə ilə Türkmənistan arasında siyasi-hərbi strateji əməkdaşlıq sazişi var. Düzdür, düşünmürəm ki, indiki çətin geopolitik durumda və daxili çalxalanma olduğu vaxtda İran Türkmənistanla da münasibətlərini korlasın. Sadəcə, İranı cəsarətləndirən Türkiyədəki zəlzələ və bu yaxınlarda olacaq prezident seçkiləridir. Tehranda düşünürlər ki, Ankaranın indiki şərtlər altında başı özünə qarışıb, məqamdan istifadə edib, əsasən də Azərbaycanın üstünə gedə bilər. Azərbaycana dişini batıra bilməyən İran daha bir türk dövləti Türkmənistanla münasibətlərini korlamaz. Çünki bu Tehranın maraqlarına cavab vermir. İran rəsmilərinin son açıqlamaları, əksinə, Tehranın Bakı ilə də münasibətlərinin yenidən qurulmasına hesablanıb. Ən doğrusu da İran üçün budur. Münasibətlərin düzəlməsi hər iki tərəfə-Bakı və Tehrana lazımdır. Amma bundan sonra İran da bilməlidir ki, Azərbaycan kimlə necə siyasi-diplomatik əlaqələr quracaq. Bu Bakının bildiyi işdir və Tehran da buna qarışa bilməz, qarışmamalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR