İnsanlara hürriyət, millətlərə istiqlal!

Teatrdankənar teatr...

1420 04.04.2022 10:21 Yazarlar A A

Dünya indi ən qarşıq dönəmlərindən birini yaşamaqdadır. Ukrayna dünyanın Qarabağıdır. Demək olar, bütün əməli çalışma sahələri üzrə Ukrayna deyilir, Ukrayna çağrılır...

Bəs Ədəbiyyat (ümumən mədəniyyət) bu gün nə edə bilər? Mariupolda teatr binası bombalanıb, ciddi itkilər olub – məgər mülki insanlar, uşaqlar, qadınlar, qocalar “necə olsa, teatrı bombalamazlar” deyə ora toplanıbmış...

Bəli, təəssüf ki, məhz teatrı bombalayıblar, teatrı...

Görünür, Ukraynalılar teatrın, obrazlı desək, sənətin qurtarıcılığına inanırmış. Bu inamın yaranmasında 1941-45-ci il müharibəsində Hitlerin (hətta!) öz ordusuna Odessa Teatrına toxunmamaq, o abidəni qorumaq əmri verməsi barədə söyləntilər və teatrın o qanlı savaşlardan salamat çıxması faktı da rol oynayıb. İndi teatr teatr binasının içində oynanılmır. Teatr binasının özü dekordur, teatr teatrın çölünə çıxıb, tamaşaçısız tamaşalar teatrın dörd yanında oynanılır – adı: hərb teatrıdır, ölümün özüdür, qan-qadadır.

Mən ötən ilin martında Ağdama səfər edərkən bizim Ağdam teatrının dağılmış binası önündə də eyni düşüncələrə dalmışdım. Gənckən Ağdam teatrının səhnəsində gözəl rollar oynamış aktrisamız – indiki Xalq artisimiz Fatma xanım Mahmudova Ağdamın işğaldan azad olunmasının 1-ci ildönümü ilə bağlı görüşdə dedi ki, “mən yenə orada oynamaq istəyirəm. Teatrın dağılmış binasında, o divarlar önündə tamaşa vermək istəyirəm”...

Çox ibrətamizdir, deyilmi?

Teatr bir zamanlar ədəbiyyat əsasında yaranmış, inkişaf etmiş bir institut olaraq, teatr musiqisi, teatr rəssamlığı ilə sənəti zənginləşdirmiş, bir sözlə, asılqdan başlayan qaynar ocağa, abidəyə çevrilmişdi; indi müharibənin qara nəfəsi ilə teatrların öz möhtəşəm binaları ilə birgə dekora çevrildiyini görürük; pyesə, səhnə əsərlərinə ehtiyac duymadan hərb teatrı, siyasi teatrın içində, hökmranlığında əziyyət çəkir teatrlar... səs var, qoxu var, rəng var, söz var – amma silah səsi, barıt qoxusu, tüstü, yanğın rəngi, yetim uşaqların və onları yetim qoyan işğalçı ordu mənsublarının sözünə endirimlə...

Teatrlar teatrların içinə dönsün - indi əsl istəklərdən budur... Teatr öz estetik dəyərləri ilə inkişaf etsin...
Yaşasın teatr! Sənət var olsun!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR