İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tarixin heç bir dönəmində bu qədər möhkəm qardaşlıq nümunəsinin şahid olmamışıq”

423 16.03.2023 18:32 Siyasət A A

Politoloqlar Ankarada Türk Dövlətləri Təşkilatının fövqəladə zirvə görüşünü dəyərləndirdi

 

Martın 16-sı Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının fövqəladə zirvə görüşü keçirilir.

Sammitə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Qırğızıstan prezidenti Sadır Japarov, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar, Macarıstanın baş naziri Viktor Orban, Türkmənistanın sabiq prezidenti, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev qatılıblar.

AZƏRTAC bildirir ki, sammitə Azərbaycanın Şuşa şəhərinin ev sahibliyi etməsi nəzərdə tutulub, ancaq Türkiyədə baş vermiş zəlzələni nəzərə alan İlham Əliyev zirvə görüşünün Ankarada keçirilməsini təklif edib. Zirvə görüşünün mövzusu “Fəlakət – fövqəladə halların idarə edilməsi və humanitar yardım”dır.

Türk Dövlətləri Təşkilatının əsasını 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qoyub. 2019-cu il sentyabrın 14-dən Özbəkistan da qurumun üzvüdür.

Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatında müşahidəçidir.

Fevralın 6-sı Türkiyənin Qəhrəmanmaraş vilayətində baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa vilayətlərini də əhatə edib, böyük dağıntılar yaranıb, sonrakı günlərdə minlərlə yeni silkələnmə qeydə alınıb, 48448 nəfər həlak olub.

Politoloq Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur və heç zaman da olmayacaq. Çünki bu, sadəcə ortaq dil, tarix və mədəniyyət amilindən qaynaqlanan münasibətlər deyil. Uzaq və yaxın tarix, hətta bu günümüz belə ortaq dilin, mədəniyyətin, qohumluğun gerçək dostluq və qardaşlıq üçün yetərli olmadığını təsdiqləyir: “Bu baxımdan, mənə görə, Azərbaycan-Türkiyə münasibətlərinin bağları sadəcə daşıdığımız ortaq dəyərlər deyil, bəlkə də daha çox qarşılıqlı sədaqət və etimad, eləcə də bu yüksək mənəvi keyfiyyətlərin özünü hər iki ölkənin liderinin xarakterində, əməllərində büruzə verməsidir. Hər iki dövlətin başçısının qarşılıqlı olaraq Azərbaycan və Türkiyə xalqlarının bir-birinə olan sevgisinin ifadəçisi kimi çıxış etmələri, dövlətlərarası münasibətlərdə nadir hallarda rast gəlinən sədaqət nümayiş etdirmələri qürurvericidir, gələcək nəsillər və bütün türk dünyası üçün örnəkdir. Türk Dövlətləri Təşkilatının formalaşmasında və inkişafında Azərbaycanla Türkiyənin bu münasibətlərinin həlledici rolu var. Məhz Azərbaycan-Türkiyə birliyi və bu birlik üzərindən əldə edilən uğurlar türk dünyası üçün də bir əməkdaşlıq modelinə çevrilib. İdeoloji aspektdə və praktiki olaraq atılan addımlarda İsmayıl bəy Qaspıralının “sözdə, fikirdə, işdə birlik” düsturu məhz Türkiyə və Azərbaycan liderlərinin timsalında gerçəkliyə çevrilib. Tarixin heç bir dönəmində bu qədər möhkəm qardaşlıq nümunəsinin şahid olmamışıq. Azərbaycan-Türkiyə qardaşlığını simvolizə edən deyimlər o qədər içdən, o qədər səmimidir ki, onları başqalarına münasibətdə eyni səmimiyyətlə, eyni duyğularla ifadə etmək mümkün deyil. Azərbaycan və Türkiyə qardaşlığı bölgənin daşlaşmış reallıqlarını dəyişib, türk dünyasının işıqlı sabahına körpü salıb”.

Siyasi şərhçi Elxan Şükürlü isə bildirib ki, Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə toplantısının keçirilməsi 14 may seçkilərindən öncə məsləhətləşməyə ehtiyacın olmasından əlavə, həm də bu ittifaqda birləşən ölkələrin rəhbərlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyinin beynəlxalq aləmə nümayişi sayıla bilər: “TDT-də birləşən ölkə rəhbərləri indi hər kəsdən daha yaxşı anlayırlar ki, Türkiyədəki 14 may seçkilərində Qərbin açıq-aşkar dəstək verdiyi “6-lı masa”nın namizədi qalib gələrsə, bu, TDT-nin fəaliyyətinə də ciddi təsir göstərəcək. Çünki TDT-də birləşmiş ölkələr həm də Qərbin əsas hədəf taxtasına çıxardığı Rusiya ilə çox yaxşı əlaqələri olan, Ukrayna üzərində gedən Qərb-Rusiya savaşında tərəfə çevrilmək istəməyən ölkələrdir və əgər Türkiyədə “Qərb masası”nın namizədi qalib gələrsə, bu, TDT-ni də zorən bu savaşda tərəfə çevrilməyə sürükləyəcək. Qərbin özünə düşmən saydığı Çin-Rusiya-İran üçbucağında yerləşmiş TDT coğrafiyasına isə Qərb maraqları naminə yeni savaş meydanına çevrilmək qətiyyən gərəkli deyil və yalnız yeni fəlakətlər gətirə bilər. İndi 14 may seçkilərində Ərdoğanın qələbə qazanması təkcə “Cümhur İttifaqı”nın yox, həm də “Türk İttifaqı”nın, o cümlədən də bu coğrafiya ilə həmsərhəd Rusiya, Çin, İran kimi anti-Qərb dövlətlərin də həyati maraqlarıyla birbaşa bağlıdır”.

Etibar SEYİDAĞA
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR