İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarix yazan liderin tarixdəki obrazı – qaraqələmli səlnaməçilər onu qaralaya bilməz

2511 24.12.2022 00:30 Analitika A A

Tarixdə elə şəxsiyyətlər, elə dövlət xadimləri var ki, onların əsl qiyməti 100 il, 500 il sonra verilir. Bu, həmin tarixi şəxsiyyətin vətəni, milləti, dövləti qarşısında göstərdiyi fəaliyyətin, onlara verdiyi xidmətin nəticəsindən asılıdır. Əgər dövlət başında duran bir şəxs onu zamanında mənasız müharibələrə cəlb olunmaqdan xilas edibsə, lazım olanda qətiyyətli qərarlar verərək, vətəninin itirilmiş hissəsini qaytarıbsa, tapdalanmış heysiyyətini bərpa edibsə, dövlətini gücləndiribsə, xalqının güzəranını yaxşılaşdırıbsa, yüz qaraqələmli səlnaməçi onun haqqında pis-pis şeylər yazsa da, onun şəxsiyyətinə kölgə sala bilməyəcək.

İlham Əliyev belə bir tarixi şəxsiyyətdir. Onun Azərbaycan xalqının qarşısında xidməti elə böyükdür ki, heç bir şişirtməyə, mədhiyyəyə yer vermədən, gerçəkliklərdən uzaqlaşmadan, eləcə olanları yazmaq bu tarixi şəxsiyyətin siyasi portretinin cazibədarlığı təmin edər.

Tarixdə hansısa hökmdarın vaxtında bir ölkənin bazar-dükanlarındakı qiymətlərin kotirovkası və s. bu kimi şeylər qalmır, tarix həmin dövrdə dövlətin nə qədər böyük təhlükələrdən, istilalardan qorunduğunu, özünü necə uğurla müdafiə etdiyini, necə böyüdüyünü öz yaddaşında, səhifələrində saxlayır.

555.jpg (58 KB)

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövləti 28 il öncə itirilmiş, qatı optimistlər istisna olmaqla, çox adamın ümidini üzdüyü torpaqları yenidən Azərbaycan dövlətinin mülkiyyətinə qaytarmaqla min il sonra da unudulmayası tarixi xidmət göstərib.

Bəzən bu tarixi xidmətin dəyərini sırf siyasi qısqanclıq və şəxsi-qərəzlilik səbəbindən vermək istəməyənlər deyirlər ki, torpaqların hərbi yolla geri qaytarılması bu uğurda canını verən şəhidlərimizin, qazilərimizin, bacarıqlı sərkərdələrimizin xidmətidir. Bu fikirdə həqiqət payı olsa da, tam deyil.

6655.JPG (78 KB)

O sərkərdələrə, qazi və şəhidlərimizə rəhbərlik edən, ordu birləşmələrinin arasında baş koordinator rolu oynayan, döyüşən ordunu silah-sursatla, hər cür lazımi inventarla təchiz edən, xarici təzyiqlərə sinə gərən, həddini aşanlara məhəl qoymamaq riskinə gedən bir ali komandan olmadan heç bir hərbi nailiyyət qazanmaq olmazdı. Müzəffər əsgərin müzəffər komandiri məhz İlham Əliyevdir.

444.jpg (67 KB)

Əsgər şücaətinə, fədakarlığına və qəhrəmanlığına qalsa, şərti adını “1-ci Qarabağ müharibəsi” qoyduğumuz 1988-1994-cü illər arasında gedən Ermənistan-Azərbaycan savaşında qat-qat çox əsgərimiz şəhid və qazi olmuş, özlərini vətənə fəda etmişdilər. Amma onların şəhadətinin, igidliyinin real nəticəsi olmamışdı, torpaqlarımız sırf vahid komandanlıq olmaması, bəzi hallarda ölkənin siyasi rəhbərliyinin səbatsızlığı, bəzi hallarda isə vətən xainlərinin qəsdi ilə yaranan siyasi təlatümlər üzündən rayonlarımız işğala məruz qalmışdı. 44 günlük müharibədə isə qələbə üçün lazım olan bütün komponentlərin bütöv çələngi vardı - ən əsası isə o çələngin mərkəzində Ali Baş Komandan və Prezident vəzifəsini tutan şəxsin iradəsi və qətiyyəti olması faktı dururdu.

Bunları danmaq olmaz. Bu hərəkətlə istənilən siyasətçi və ya siyasi qüvvə yalnız özünə ziyan vura bilər, adı ictimaiyyət arasında qeyri-obyektivlikdə hallanar.

999.jpg (16 KB)


İlham Əliyevin siyasi və hərbi uğurlarının əsasında, söz yox, doğulub-böyüdüyü ailədə aldığı təlim-tərbiyə durur. Ataların belə bir məşhur sözü var, deyirlər: “Usta oğlundan şəyird olmaz”. Bunu o mənada deyirlər ki, usta oğlu hər şeyi ağlı söz kəsəndən atasının əlinə baxa-baxa öyrənir və daha onun gedib bir başqa məktəb keçməsinə ehtiyac qalmır. İlham Əliyev siyasəti, dövlət idarəçiliyinin nə demək olduğunu birinci dəfə mərhum atası Heydər Əliyevin 1969-87-ci illər arasında Azərbaycanda və SSRİ miqyasında göstərdiyi siyasi fəaliyyət zamanı öyrənmişdi, ikinci dəfə isə o, dövlət idarə etməyin sirlərini atasının 1993-2003-cü illər arasındakı hakimiyyəti dövründə təkmilləşdirdi. Bunun üstünə İ.Əliyevin Bakıda ən elitar orta məktəblərin birində oxumasnı, daha sonra Moskva Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsili də gəlmək olar. 1982-ci ildə həmin ali məktəbin aspiranturasına daxil olan, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini olan gələcək prezident siyasətin nəzəriyyəsini də öyrənmiş, hətta bu mövzularda dərs də demişdi (1985-1990-cı illərdə).

1994-cü ildən sonra o, dövlət işlərində çalışaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.

2017-02-09-20-33-23heyder-ilham-.jpg (130 KB)

Bütün bu postlarda çalışmaq, eləcə də hər gün prezident Heydər Əliyevin əhatə dairəsində olmaq İlham Əliyevin dövlət xadimi kimi formalaşmasına müsbət təsir göstərməliydi və elə də oldu. Bundan başqa, onun beynəlxalq təşkilatların fəaliyyətində iştirak etməsi, 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olması, 2003-cü ilin yanvar ayında isə AŞPA-nın sədri müavini və təşkilatın büro üzvü seçilməsi də onun siyasətçi kimi ustalaşmasına rəvac verib.

44 günlük müharibədən İlham Əliyevin dünyanın və regionun 30-a qədər aparıcı media qurumlarına bir neçə dildə rəvan, anlaşıqlı, məntiqıi, arqumentlərlə dolu müsahibələr verməsi, ölkəmizin üzərinə informasiya hücumu təşkil edənləri ləyaqət və yüksək bacarıqla dəf etməsi göstərdi ki, o, uzun illər öz üzərində işləyib, dil bilgilərini mükəmməl səviyyəyə çatdırıb, tarixə, müasir siyasətə aid ziddiyyətli məqamlara yetərincə bələd olub. Bunun sayəsində dünyanın ən səriştəli siyasilərini çətin duruma salan məşhur jurnalistlər Bakıda, İlham Əliyevin qarşısında pərt duruma düşdülər.

3ui7zbrsuo_001.jpg (225 KB)

İlk dəfə 2003-cü ildə prezident seçilən İlham Əliyev sonrakı seçkilərdə də seçicilərin mütləq əksəriyyətinin səsini alıb və hər seçkidən sonra öz postunda daha da möhkəmlənib.

İlham Əliyevin dövlət xadimi kimi ən bariz keyfiyyəti tədbirli və qətiyyətli olmasıdır. O, heç vaxt doğruluğuna əmin olmadığı addımı atmır, verəcəyi həlledici qərarın zamanını düzgün ayarlayır, nə bir gün tez edir, nə də bir gün gec. 2020-ci ilin sentyabrında təmas xəttində erməni separatçılarının növbəti təxribatından sonra başlanan genişmiqyaslı hücumun 9 noyabrda müvəffəqiyyətlə bitməsi göstərdi ki, bu məsələdə nə bir gün gecikmək olarmış, nə də bir gün tələsmək.

3322.jpg (192 KB)

Bu tarixi nailiyyətə çatmaq üçün İlham Əliyev uzun illər səbrlə, başçılıq etdiyi dövlətin resurslarını səfərbər edə-edə, güc toplaya-toplaya, xarici maneələri neytrallaşdıraraq, daxildə, əsasən də öz komandasında əl-ayağa dolaşanları zərərsizləşdirərək hazırlaşmışdı. Nəhayət, dövlətin, ordunun güclü, effektiv silah-sursatla təchizatın daimi olmasını, erməni aqressiyası və maksimalistliyinə qarşı xalqın səbr kasasının doşmasını görərək, zəfərə əmin olaraq, son qərarı verdi və düşməni iki gedişə mat qoydu.

44 günlük müharibədəki qələbə son olmadı, necə deyərlər, söhbət orada bitmədi. Ondan sonrakı mərhələlərdə Azərbaycan ordusu öz mövqelərini yaxşılaşdırdı, dövlət sparatçı quruma qarşı yumşalmadığını, bu bölgənin ölkədən ayrılmasının mübahisə mövzusu olmadığını dəfələrlə və bütün səviyyələrdə qətiyyətlə ortaya qoydu. Proses davam edir. Prezident bu məsələdə prinsipial və qətiyyətlidir, hər hansı bir ciddi kompromisə getmək fikrində deyil.

Bütün bunlar təsdiq edir ki, İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etməsi ölkə üçün tarixi şansdır. Başqa cür olsaydı, onun yerində avantürist və sözəbaxan biri işləsəydi, biz bu gün nail olduğumuz zəfərə nail ola bilməzdik. Çünki heç kəs qüdrətli ölkələrin lderləri ilə dil tapa, zamanında onları neytrallaşdıra, dövlətin mənafeyini layiqincə qoruya bilməyəcəkdi. Ukraynada və Gürcüstanda hakimiyyətə gələn parlaq şəxsiyyətlərin zamanla öz ölkələrini Rusiyanın iti caynaqlı pəncəsinin qabağına verdikləri və bundan həm özlərinin, həm də bu dövlətlərin necə zərər çəkdiyini gördük. İlham Əliyevin siyasət ustalığı ondadır ki, o, populizmdən, avantürizmdən uzaqdır, başçılıq etdiyi xalqın təhlükəsizliyinin məsuliyyətini tam anlamında daşımağı bacarır.

Bu gün tarixi şəxsiyyətin doğum günüdür. Arzu edək ki, cənab prezident bundan sonra da xalqına, millətinə uğur hekayələri və şanlı tarix yazmaqda davam edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR