İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarix təkrarlanır, Qərb Rusiyaya qarşı ermənilərdən istifadə edir

1551 14.11.2023 18:03 Siyasət A A

“Ermənilər yaşadıqları və tabe olduqları dövlətə daim xəyanət edən toplum olublar. Bu baxımdan bir çox nümunə var. Öncəliklə Osmanlı təbəəsi və “milleti-sadıka” hesab edilən, ən yüksək vəzifələrdə yer alan ermənilərin 1914-cü ildə Osmanlıya arxadan zərbə vurmaları, ingilis və fransızların Osmanlı imperiyasını parçalamaq niyyətlərinə alət olmaları göstərilə bilər. İngilis və fransızlar ermənilərdən o zaman öz məqsədləri üçün istifadə edib, daha sonra layihə olaraq bir kənara atdılar, yəni Osmanlı torpaqlarında Ermənistan dövləti yaradılmadı”.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə deyib.

sehla son.jpg (273 KB)

Ekspert xatırladıb ki, ruslar da daim ermənilərdən öz məqsədləri üçün istifadə ediblər:

“Xüsusilə İranla müharibələr zamanı, Cənubi Qafqazı işğal zamanı və s. ermənilərdən istifadə olunub. Ermənilər Rusiyada da dünya nizamının yenidən şəkillənməkdə olduğu və ya “III Dünya müharibəsi” adlandıra biləcəyimiz hazırkı dövrə qədər “milləti-sadıka” idilər. Ruslar artıq anlayırlar ki, özlərinin ən çətin anlarında ermənilər onlara arxadan zərbə vurmaqla məşğuldurlar. Ukraynaya qarşı apardıqları müharibə səbəbilə bütün dünyadan, daha doğrusu, Qərb dünyasından sərt münasibətlə qarşılaşan Rusiya öz hərbi-siyasi blokunda Ermənistanı görmür. Ermənistan xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindən, sonrakı 3 illik hərbi əməliyyatlardan və ən nəhayət, 19-20 sentyabr 2023-cü il tarixində baş verən lokal xarakterli antiterror tədbirlərindən sonra özünün siyasi fəaliyyət oxunu tamamilə Qərbə tuşlamaqla məşğuldur.

Avropanın siyasi paytaxtı olan Brüsseldə 9-10 noyabr 2023-cü il tarixində keçirilən “Ermənistanın strateji gələcəyi: Avropa” adlı forumda səslənən çağırışlar Ermənistanın Aİ və NATO-ya üzvlüyünü nəzərdə tutur. Lakin ermənilər anlamırlar ki, Gürcüstanın bənzər çağırışlarla atdığı addımlar 2008-ci ilin avqustunda “5 günlük müharibə”də az qala Tiflisin işğalı ilə nəticələnirdi, daha sonra Rusiya Abxaziya və Şimali Osetiyanı müstəqil dövlət olaraq tanıdı. Gürcüstan bu gün Aİ-yə və NATO-ya üzv olarsa, həmin psevdo-dövlətlər Rusiyaya “referendumla” ilhaq olunacaqlar. Ukraynanın da bənzər çağırışları və addımları 2014-cü ildə Krımın Rusiyaya ilhaqı, 2022-ci ildən bəri isə məlum müharibə və Donbasın işğalı ilə nəticələndi. Qərb vaxtilə Osmanlıya qarşı etdiyi kimi, bu gün də Rusiyaya qarşı öz maraqlarını təmin etmək, Rusiyanı sıxışdırmaq naminə ermənilərdən istifadə edir”.

Ş.Cəlilzadə bildirib ki, Avrointeqrasiya həvəsində olan Gürcüstan da alətə çevrilməkdədir:

“Fransa Ermənistanı silahlandırmaq üçün Gürcüstan ərazisindən istifadə etməyə başlayıb. Lakin nə fransızlar, nə də gürcülər ermənilərin təbiətindən və tarixin ironiyasından qaça bilərlər. Gürcülər yaxşı olar ki, 1918-ci ilin dekabrında “24 günlük” Ermənistan-Gürcüstan müharibəsini və ermənilərin Lori bölgəsinə iddiasını xatırlasınlar. Lori 1921-də Stalin tərəfindən Ermənistana verildi. Gələcəkdə bənzər iddialar gürcülərin Cavaxetiya, ermənilərin “Cavax” adlandırdığı bölgəyə dair səslənəcək. Artıq bu səslərə dair fərdi nümunələr var. Fransa da özü üçün “milleti-sadıka” hesab etdiyi ermənilərdən bir müddət sonra arxadan zərbə almazsa, demək ki, biz tarixdən dərslərimizi yaxşı qavramamışıq. Bütün bunlar real siyasətdə hazırda necə əks-səda doğurur?! Ermənistanın KTMT-də de-fakto üzvlüyünü dayandırması, de-yure isə münasibətləri davam etdirməsi, yəni açıq şəkildə Rusiyaya qarşı getdiyini bəyan etməyə qorxması vəziyyəti hazırda nisbi olaraq sabit saxlamağa yetir. Lakin bu vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil. Ermənistan Qərbin təlqini ilə Cənubi Qafqazı yenidən barıt çəlləyinə çevirməyə cəhd edərsə, bu alovda ən çox yanan məhz özləri olacaq.

Maraqlı bir təzad ondan ibarətdir ki, Ermənistanın Qərbi bölgəyə gətirməsinə ən çox qarşı çıxanlardan biri İrandır. Lakin “Gallup” beynəlxalq sorğu şirkəti tərəfindən Ermənistanda 1-4 noyabr tarixləri arasında keçirilən sorğuya görə, əhalinin 41,1%-i Fransanın, 23%-i ABŞ-ın, 21,3%-i Hindistanın, 18,7%-i isə İranın onlara hərbi-siyasi yardım edə biləcəyini düşünür. Hazırda Ermənistan üçün yeganə çıxış yolu silahlanma yarışına girməsi deyil, Azərbaycanla sülh müqaviləsi imzalaması, regional əməkdaşlığa töhfə verməsi və bölgəni kənar təsirlərdən qorumağa dəstək göstərməsidir. Əks təqdirdə arxalandığı Fransa və İran belə onların imdadına yetməyəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR