İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarif Şurasının katibliyi artıq müstəqil qərarlar verə bilməyəcək, çünki...

2331 07.04.2022 08:20 Gündəm A A

Prezident İlham Əliyev Tarif Şurası ilə bağlı fərman imzalayıb. Prezident “Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" 26 dekabr 2005-ci il tarixli fərmanını ləğv edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, şuranın icra hakimiyyəti orqanı kimi statusu ləğv edilib, onun ictimai əsaslarla fəaliyyət göstərən katibliyi yaradılıb. Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq. Bu fərman TŞ-nin fəaliyyətində nə kimi dəyişiklik edəcək? Onun qiymət tənzimləməsi funksiyasına təsir edəcəkmi? 26 dekabr 2005-ci il tarixli fərmanı niyə ləğv edilib? Bunu şərtləndirən səbəblər nədir?

İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Cənab Prezidentin Fərmanı ilə Tarif Şurasının əsasnaməsində dəyişikliklər edilərək bu qurumun icra hakimiyyəti kimi fəaliyyət göstərən orqan kimi statusunu ləğv edilib, ictimai əsaslarla fəaliyyət göstərən katiblik yaradılıb. Həm də şuranın gerbli möhürü ləğv olunur. Gerbli möhürün ləğv olunması müstəqil qərar vermək səlahiyyətinin ləğv olunması  deməkdir.  Bu fərman ölkə başçısının rəhbərliyi altında aparılan geniş islahatların tərkib hissəsidir. Yəni dövlət idarəçiliyi təkmilləşdirilir. Dövlət idarəçiliyinin təkmilləşdirilməsinin əsas məqsədi idarəçilikdə operativliyin təmini, büdcə vəsaitlərinə qənaət olunmasıdır.

Azər Badamov: Qeyri-neft iqtisadiyyatımız bu çətin pandemiya dövründə də  artıb

Millət vəkili: “Gerbli möhürün ləğv olunması müstəqil qərar vermək səlahiyyətinin ləğv olunması  deməkdir”

Tarif Şurasının katibliyinin strukturunda işləyənlər əsasən dövlət strukturlarında vəzifə tuturlar. Belə olan halda bu orqanı icra hakimiyyəti statusunda saxlayaraq paralel olaraq dövlət büdcəsinə əlavə yük etməyin heç bir əhəmiyyəti yoxdur. Ona görə də şuranın fəaliyyətinin ictimai əsaslarla təmin olması  daha düzgündür. Həm də bu fərmanla  şuranın strukturu dəyişdirilir. Yəni əsasnamə 2005-ci ildə təsdiq olunandan sonra ölkəmizdə geniş struktur islahatları həyata keçirilib. Nazirlik və komitələr ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilib. Ona görə də Tarif Şurasının strukturunda da paralel olaraq dəyişikliyin edilməsi aktuallaşıb. Hesab edirəm ki, cənab Prezidentin imzaladığı Tarif Şurasının Əsasnaməsində dəyişikliklərin edilməsi və bu fərmanda nəzərdə tutulmuş digər bəndlər ölkəmizdə aparılan struktur islahatların davamlı olduğunun və daha dərinləşdiyinin göstəricisidir”.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Əkrəm Həsənov 

Ekspert: “Tarif Şurasının onsuz da böyük bir fəaliyyəti yox idi, ildə bir-iki dəfə qiymətləri qaldırırdı”

Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a mövzu ilə bağlı bunları deyib: “Burada əsas mahiyyət ondan ibarətdir ki, əgər indiyə qədər Tarif Şurası icra hakimiyyəti orqanı kimi göstərilirdisə, indi, sadəcə, orqan kimi göstərilir. İndiyə kimi Tarif Şurasının katibliyinin işçiləri dövlət qulluqçuları sayılırdı və dövlətdən maaş alırdısa, bundan sonra katiblik ictimai əsaslarla fəaliyyət göstərən quruma çevrildi. Katibliyin işçiləri maaş almayacaqlar. Edilən bu dəyişikliklər son nəticədə dövlət vəsaitinə qənaət etmək üçün nəzərdə tutulub. Həm də katiblik işçiləri ayrıca vəzifə tutmayacaq. İndiki Tarif Şurasının üzvləri kimlərdir? İqtisadiyyat naziri, maliyyə naziri, maliyyə nazirinin müavini və digər dövlət orqanlarının rəhbər şəxsləridir. Onlar Tarif Şurasındakı fəaliyyətinə görə onsuz da maaş almırdılar. Amma Tarif Şurasının tərkibində katiblik var idi, hansı ki ayrıca dövlət qurumu kimi fəaliyyət göstərirdi, işçiləri dövlət qulluqçuları idi, maaş alırdılar. İndi isə belə olmayacaq. Katibliyin işçiləri ictimai əsaslarla fəaliyyət göstərəcəklər. Məsələn, İqtisadiyyat Nazirliyinin işçiləri burada əlavə fəaliyyət kimi çalışacaqlar. Amma buna görə maaş almayacaqlar. Bunun bütünlükdə Tarif Şurasının fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Bu baxımdan hesab edirəm ki, qərar təqdirəlayiqdir. Nəzərə alsaq ki, Tarif Şurası qiymətləri qaldırır və bununla yadda qalır. Sonda da yaxşı oldu ki, onun öz fəaliyyəti dövlət büdcəsinə əlavə yük olmayacaq. Mənim ehtimallarım belədir, ola bilər ki, Tarif Şurasının katibliyinin işçilərinin maaşları aşağı idi, bu da orada yüksək ixtisaslı kadrları cəlb etməyə imkan vermirdi. İndi isə nazirliyin maaşı çox olan yüksək vəzifəli şəxslərinə tapşırılacaq ki, Tarif Şurasının işi ilə də məşğul olsunlar. Tarif Şurasının işi ilə məşğul olan şəxslər nazirliyin həmin şöbəsinə işçi kimi götürüləcək. Bunu niyə deyirəm, çünki adətən hansısa dövlət qurumunun könüllü kadr heyətindən imtina etməsi istəyinə etimadım yoxdur. İnanmıram ki, öz xoşlarına maaşdan imtina etsinlər. Sadəcə olaraq, böyük vəzifəli işçilərinə bu işlər  həvalə olunacaq. Tarif Şurasının fəaliyyətinə bunun heç bir təsiri yoxdur. Tarif Şurasının onsuz da böyük bir fəaliyyəti də yox idi, ildə bir-iki dəfə qiymətlərin artırılması ilə bağlı gündəmdə olurdu...”

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR