İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadan dünyaya daha bir səsləniş - İƏT-in toplantısının sədası...

590 12.10.2023 13:49 Siyasət A A

Oktyabrın 10-da Şuşada Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.

Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidan və yüksək səviyyəli xarici rəsmilər iştirak edib. Bundan başqa, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlunun müşahidəçi qismində tədbirdə iştirakı da diqqətlərdən qaçmayıb.

İclas C.Bayramov tərəfindən Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətinin oxunması ilə öz işinə başlayıb. Ölkə başçısının müraciətində postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb.

Müraciətdə həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.

İƏT-in sədri qismində açılış nitqində nazir Ceyhun Bayramov “Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik” mövzusuna əsaslanan sədrliyimiz dövründə tərəfimizdən irəli sürülən təşəbbüslərə göstərilən dəstək və aktiv iştirakçılığa görə təşəkkürünü ifadə edib.

“İƏT Baxışı-2025" sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, yaşıl enerji kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə dair inamını ifadə edib. Daha sonra milli səviyyədə çıxış edən C.Bayramov İƏT-ə sədrliyimiz dövründə təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri məmnunluqla qeyd edib. Bölgədə mövcud vəziyyət və postmünaqişə dövrünün reallıqları barədə iştirakçılara məlumat verən nazir ölkəmizin hər zaman regional sülh və təhlükəsizliyə hədə törədən qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini vurğulayıb.

Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirlərindən bəhs edən C.Bayramov bu tədbirlərin nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb.

Daha sonra iclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflər, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edib.

İclas zamanı həmçinin özündə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu istiqamətdə Azərbaycan və İran arasında yeni dəmiryolunun inşasını nəzərdə tutan 6 oktyabr 2023-cü il tarixli niyyət protokolu və keçirilən təməlqoyma mərasimi barədə məlumatın da əks olunduğu İƏT bölgəsində Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik üzrə Şuşa Bəyannaməsi qəbul olunub.

Sonda iclasın yekunlarına dair gələcək regional əməkdaşlığın gələcək addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb.

“Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh, sabitlik və təhlükəsizlik üçün istifadə etməyin vaxtıdır”.

“Report” xəbər verir ki, bunu H.Fidan tədbirdəki çıxışı zamanı deyib.

Nazir həmçinin Cənubi Qafqazda yeni dinamikanın formalaşmasının və Zəngəzur dəhlizinin açılmasının İƏT-in bütün üzvlərinin xeyrinə olduğunu bildirib.

Onu da qeyd edək ki, tədbir zamanı maraqlı məqamlardan biri də Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin dünyaya ünvanladıqları birlik mesajı olub.

Tədbir zamanı nazir Ceyhun Bayramov bir sıra ikitərəfli mühüm görüşlər keçirib, yekunda mətbuat konfransında bəyanatla çıxışlar olub.

Bu tədbirin əhəmiyyəti nədir? Hansı nəticələrə səbəb olacaq? Ümumiyyətlə, Şuşada baş tutan beynəlxalq tədbirlər bizə hansı dividentləri qazandırır, nələrə nail oluruq?

Bu suallarla ekspertlərə müraciət etdik.

Fikrət Yusifov: “2015-ci ilin sonlarında hökumətin start verdiyi iqtisadi  islahatlar artıq öz nəticələrini verməyə başlayır” | Kaspi.az

Fikrət Yusifov: “Biz Şuşanı beynəlxalq aləmdə hər kəsə tanıtmaqla...”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Şuşada keçirilən bütün beynəlxalq tədbirləri çox vacib sayır: “Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.

Qarabağ torpaqlarımızın işğaldan azad edilməsindən sonra Şuşa şəhərinin statusunun bu qədər yüksəldilməsi olduqca önəmlidir. Biz Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun şücaəti nəticəsində tək Şuşaya deyil, 30 il ərzində işğal altında qalmış bütün torpaqlarımıza hakimik.

Bu gün biz Şuşanı beynəlxalq aləmdə hər kəsə tanıtmaqla, onun Azərbaycanın mədəniyyət beşiyi olduğunu hər kəsə sübut etməklə, Şuşa və Qarabağ haqqındakı erməni miflərinin üstündən qara xətt çəkmiş oluruq. Şuşada keçirilən bütün səviyyələrdən olan tədbirlərin olduqca böyük siyasi əhəmiyyəti var. Biz Qarabağ torpaqlarımızı işğaldan azad edib, bu torpaqlarda öz suverenliyimizi bərqərar etdikdən sonra Azərbaycanı və onun həqiqətlərini bütün dünyaya, on illər bundan öncəkindən yüz dəfə daha yaxşı tanıtmaq yolunu tutmalıyıq. Bu yolda son illər ərzində gördüyümüz işlərin misli yoxdur. Lakin bir dəqiqə də olsun dayanmaq olmaz. Çünki qarşımızda mənfur, mayası şərlə yoğrulmuş və bütün dünyaya yalan tirajlayan erməni kimi düşmənlərimiz var. Hərb meydanında olduğu kimi, onlara informasiya meydanında da qalib gəlməliyik".

Bəhruz Məhərrəmov: BQXK Azərbaycana münasibətdə açıq təxribat və  düşmənçilik fəaliyyəti göstərməkdədir - AZƏRTAC

Bəhruz Məhərrəmov: “Şuşa toplantısında diqqət çəkən məqamlardan digəri...”

 

Deputat Bəhruz Məhərrəmov Azərbaycanın yerləşdiyi regionda yeni dövrün başlandığını qeyd etdi: “Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası Azərbaycanın yaratdığı yeni reallığın dəyişməzliyini bir daha nümayiş etdirmək üçün uğurlu platforma oldu, eyni zamanda Azərbaycan artıq regionda sülh və sabitliyin təmin olunmasının zəruriliyini bir daha əsaslandırmaq üçün cari platformadan məharətlə istifadə etdi. Həqiqətən də, artıq regionda yeni dövr başlayıb, Azərbaycan və Ermənistan arasında bitmiş münaqişənin yenidən alovlandırılması üçün lüzum, o cümlədən Ermənistanın işğalçı, təcavüzkar niyyətlərindən qaynaqlanan faktorlar, demək olar ki, tam şəkildə aradan qalxıb. Artıq Azərbaycanın əraziləri işğalda deyil, eyni zamanda separatizmin cəmi 23 saata kökü qazınıb. Belə olan halda, prinsipial narazılıq məqamları aradan qalxdığı zamanda, təbii ki, artıq region sülh və əməkdaşlıq üçün açıq olmalıdır.

Eyni zamanda təklif olunan əməkdaşlıq platforması Ermənistanın özü üçün həm iqtisadi, həm də siyasi cəhətdən xilas ola bilər. Ermənistan bölgə dövlətləri ilə əlaqələr qurmaqla, həmçinin Azərbaycanın həyata keçirdiyi çoxsaylı layihələrə qoşulmaqla özünün sosial-iqtisadi durumunu yaxşılaşdıra və nəticə etibarilə iqtisadi müstəqilliyinə doğru addımlaya bilər. Bu isə eyni zamanda hazırda qütblər arası qarşıdurmanın mərkəzlərindən çevrilməkdə olan Ermənistanın həm də siyasi asılılıqlarından qurtulması üçün şansdır.

Şuşa toplantısında diqqət çəkən məqamlardan digəri Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə ritorikası oldu. Şuşa Bəyannaməsi ilə ən ali müstəviyə qalxmış Azərbaycan və Türkiyə münasibətlərinin hazırkı mərhələdə də özünün inkişaf dövrünü yaşadığı və Şuşa Bəyannaməsində ifadə olunduğu kimi, istənilən kənar təhdidə münasibətdə adekvat reaksiya verə biləcək effektiv mexanizmə çevrildiyinin bir daha hər kəs şahidi oldu.

Bu isə o deməkdir ki, regionda Türkiyə və Azərbaycanı qarşısına almaq, Türkiyə və Azərbaycana münasibətdə ərazi iddialarında bulunmaq və hər iki qardaş dövlətlə münasibətləri gərginləşdirmək faydasızdır. Əksinə, Azərbaycan Prezidentinin yaratdığı yeni reallıq, hər iki ölkə ilə əməkdaşlıq, iqtisadi, ticari, siyasi münasibətlərin inkişafı üçün yeni imkanlar yaradıb və bölgə dövlətləri, ələlxüsus da Ermənistan bu amildən istifadə etməklə regional tərəqqinin bir parçasına çevrilə bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR