İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada Səddam Hüseynin şəkilləri…

5182 08.04.2022 23:29 Yazarlar A A

Və ya “özgə müharibə” haqda

Bizim xalq müharibədən çox əziyyət çəkib. Müharibə ölkəmizə ağır dərdlər gətirib, iki Qarabağ savaşı, qaçqınlıq, köçkünlük yaşamışıq.

Müharibə bizim üçün "yad mövzu" deyil, əksinə dağılmış SSRİ-də elə ən çox qan-qada Xankəndində ilk erməni mitinqləri başlandan üzü bəri bizim başımıza gəlib. Azərbaycanın müasir tarixini parça-bölümə ayırıb uşaqlara məktəbdə tədris etmək yanlışdır. 1988-ci ilin Topxana mitinqindən başlamış bugünkü Xankəndi davasınadək olan tarixlər bir-birinin davamıdır. Azərbaycanın müasir tarixində müharibə qırmız(bəlkə də qara) xətlə keçir…

İndiki uşaqlar nanotexnologiya əsrində yaşayırlar, amma biz çox da uzaq olmayan, amma bugünkü inkişafa nəzərən "daş dövründə" küçədə "dava-dava" oynamaqla böyümüşük. "Nemeslər”ə və "sovetlər"ə bölünüb bir-birimizi çox "güllələmişik". "Nemes" dən az qəddar olmayan ermənilər bizə düşmən kəsiləndə sonra daha belə dinc oyunlara ehtiyac da qalmadı. Bəlkə də heç bir uşaq bölgüdə "erməni" olmaq istəmədiyi üçün həm də...

Rusiya-Ukrayna müharibəsi dünyanı silkələyib, hələ ki, yaxşı heç nə vəd etməyən bir dövr başlayıb. Azərbaycanda da hər yerdə əsas mövzu bu müharibədir. Bu mövzuda mübahisələr, Putin-Zelenski tərəfdarlarının "amansız" mübahisələri barədə yazmışam deyə, yenə təfərrüata varmıram. Ukraynada “Zelenski-Putin” davası olmadığı aydındır, amma lider onlardır deyə, bütün müzakirələrin əvvəlində də, sonunda da onların adı var. Zelenskinin kukla oyuncuqları bir müddət əvvəl ABŞ-da satışa çıxarılmışdı, bir ədədi 100 dollara. Tez bir zamanda satılıb qurtardı. Deməli, adama böyük diqqət var. Bilmirəm, kimsə onun və ya düşmənin şəklini indi ofisinə vurur, ya yox, amma bu mübahisələr yəqin ki, müharibənin sonunadək hələ davam edəcək…

62051487_788.jpg (72 KB)

…1990-cı ilin avqustunda İraq prezidenti Səddam Hüseyn Qərbin ucuz neft bazası olan balaca Küveyti gərək ki, iki günə işğal etdi. Səddam Küveyti “İraqın 19-cu vilayəti” adlandırdı. Məhdid informasiya kanalları olsa da, Səddam Hüseyn o 7 ay ərzində qəhrəman səviyyəsinə yüksəldi. Uşaqlarına o vaxt Səddam adı verənlər də çox oldu. (Son illərdə də Azərbaycanda oğlan uşaqlarına bu adı verənlər vardı. Yeri gəlmişkən, 44 günlük Qarabağ müharibəsində şəhid olanlardan birinin adı da Səddamdır-doğum tarixi 2002).

1537168937_seddam-4.jpg (34 KB)

Koalisiya ilə Səddamın müharibəsi o vaxt bizim Şuşada da bərk azarkeşlər yaratmışdı. Amerikanın tərəfini bir az oxumuş adamlar tuturdular, “Səddamçılar”la əsas mübahisə edənlər də onlar idi. Səddamla vaxtilə dost olan, “ölüm ayağındakı” SSRİ deyəsən, necə deyərlər, “kişi söhbətinə” qarışımırdı. Amma bu ona inanlar sovet adamları üçün heç nəyi dəyişmirdi. Səddamın tezliklə qalib gələcəyinə o qədər inananlar var idi ki…Bunu əlbəttə ki, arzu edirdilər, bir müsəlman liderin amerikalılara uduzmasına könülləri razı olmurdu…

Tezliklə Səddam "aşiqləri" öz obyektlərinə çayxana-kafelərdə, dərzi, çəkməçi budkalarında, təmirxanalar da onun şəklini böyüdüb asdılar. 1985-ci ildə türkiyəli Meltem Hakkarar dünya gözəli seçiləndə də belə bir bum yaşanmışdı, onun təqvimlərdə olan iri şəkillərinə hər yerdə rast gəlmək mümkün idi. Səddam isə türk deyildi, amma ona xüsusi və sirli bir rəğbət vardı. Həmin müharibə günlərində Səddam Azərbaycanın balaca bir şəhərində böyük qəhrəmana çevrilmişdi. İki yerdə onun orta ölçülü şəklini dəqiq xatırlayıram: Çayçı Əfinin işlətdiyi "Sevinc" kafesində və bir də onun yaxınlığındakı məşhur çəkməçinin(adını xatırlaya bilmədim) budkasında…

1-1d033a3b3ebfc6a8ca7ddd5873c6cd4f55339cf5fca8e02243300755d6adfa1d.jpg (418 KB)

1991-ci ilin fevralın sonlarında ABŞ-ın başçılıq etdiyi koalisiya qoşunları Küveyti İraq qoşunlarından təmizlədi. Səddam Hüseyn Küveyti tərk etməli oldu, amma o şəkillər elə də qaldı...

6-10.jpg (68 KB)

Səddam sonralar da müharibələr etdi. Amma bizim müharibə, qaçqınlıq hər şeyi yaddan çıxarmışdı. “Özgə müharibə” dogma ellərə gələndə belə olur…

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR