İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada mövbəti ‘’Xarı Bülbül’’ festivalı başlayır - kimlər gedəcək...

1880 12.05.2022 11:00 Mədəniyyət A A

28 illik işğal əsarətindən azad olandan sonra Azərbaycanın mənəvi paytaxtı Şuşa ard-arda möhtəşəm tədbirlərə ev sahibliyi həyata keçirir. Sonuncu olaraq mayın 5-8-də Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşada çox böyük və möhtəşəm Birinci Beynəlxalq Kulinariya Festivalı baş tutdu.

Festival çərçivəsində Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinar qonaqlar iştirak edib və ölkələrinin mətbəxlərini nümayiş etdiriblər. Həmçinin tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunub. Bir sözlə, festival zamanı təkcə dünya xalqlarının mətbəxləri deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri də təqdim edilib.

Bundan az əvvəl Şuşada dünya azərbaycanlılarının qurultayı keçirildi.

Bu gün, mayın 12-dən başlayaraq isə Şuşada azad edildikdən sonra ikinci dəfə ‘’Xarı Bülbül’’ Mahnı festivalı başlayır. Ötən ilin may ayının 12-13 tarixlərində Şuşada yenidən bərpa edilən ‘’Xarı Bülbül’’ Musiqi Festivalı bu il də “Şuşa ili”ndə 12 may tarixindən etibarən start götürəcək. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu möhtəşəm festivalda Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva da iştirak edəcəklər.

Bu dəfə  “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı adlanan tədbirdə “Yeni Müsavat” Media Qrupunun əməkdaşları da iştirak edəcəklər.

Ötən il möhtəşəm “Xarıbülbül” festivalına ölkədə və xaricdə yaşayan bir çox məşhurlar dəvət almışdı. Bəs bu il festivalda hansı tanınmışlar iştirak edəcək?

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Ötən il olduğu kimi, bu il də möhtəşəm ”Xarıbülbül" festivalında iştirak edəcəm. Bu dəfə də  böyük sevinclə gedirəm, çünki festivalın keçirilməsi bayramdır.

Xalq artisti Siyavuş Kərimi koronavirusdan sağalıb - Sonxeber.net

Siyavuş Kərimi: “Bu cür möhtəşəm festival keçirməklə ilk növbədə Azərbaycanı, mədəniyyətimizi,  torpaqlarımızı dünyaya bəyan edir, təbliğ edirik”

Doğrusu, bu dəfə festivalda hansı proqram keçiriləcəyindən xəbərim yoxdur. Lakin düşünürəm ki, bu dəfə daha çox folklor festivalı olacaq və folklor musiqisi üstünlük təşkil edəcək. Rəhbəri olduğum konservatoriyanın nümayəndələri də festivalda çıxış edəcək və mən də rektor kimi buna görə çox sevinirəm. Bir vətəndaş kimi də çox sevinirəm ki, öz torpağıma rahat şəkildə, Zəfər yolu ilə gedirəm.

Bu cür möhtəşəm festival keçirməklə ilk növbədə Azərbaycanı, mədəniyyətimizi,  torpaqlarımızı dünyaya bəyan edir, təbliğ edirik.

Azərbaycanın çox gözəl və zəngin bir mədəniyyəti var, bu mədəniyyəti dünya bilməli, tanımalıdır. Bədnam düşmənlərimiz bizim mədəniyyətimizdən istifadə edib, öz mədəniyyətlərini formalaşdırmaq istəyirlər. Lakin əvvəl-axır haqq-ədalət öz yerini tutur. Bəli, bu gün bizim silahımız  artıq top-tüfəng deyil, mədəniyyətimizdir. Biz bu silahla mütləq qalib gələcəyik".

Əməkdar artist Tahir İmanov isə qeyd etdi ki, bu il keçiriləcək festivala qonaq qismində dəvət olunmayıb:

“Təbii ki, bu çox böyük önəmli, çox böyük önəm kəsb edən festivaldır. Nə qədər imkanımız var, hər zaman bu cür festivalları, layihələri həyata keçirməliyik. İmkan daxilində xaricdən olan qonaqları dəvət etməliyik ki, vəziyyətlə yerində tanış olsunlar. Həm müharibədən sonrakı vəziyyəti, həm də Azərbaycan mədəniyyətini yaxından görsünlər. Bilsinlər ki, muğam nədir, onun tarixi kökləri haradan qaynaqlanıb, onun əsl sahibləri kimlərdir və sairə. Yəni bu cür festivallar birbaşa mədəniyyətimizin, musiqi sənətimizin təbliğatıdır.

Şərt qoydular ki, bu nazirləri tənqid etməyin – Tahir İmanov

Tahir İmanov: “Şuşada mədəniyyətimizin kökləri elə dərindir ki, ona görə onu ermənilər dağıda bilmədi”

Xatırlayırsınızsa, ölkə rəhbəri çıxışlarının birində qeyd etdi ki, baxmayaraq Şuşa illərlə işğal altında olub, lakin öz qürurunu, mənliyini itirməyib. Çünki mədəniyyətin orada o qədər dərin kökləri var ki, o kökləri dağıtmaq asan deyil. Ermənilər bunu dağıtmaq istəyirdilər, amma nail ola bilmədilər. Bir xalqın mədəniyyəti və mədəniyyətinin dərin kökləri varsa, o xalqı, o vilayəti dağıtmaq mümkün olmayan məsələdir. Biz yenə də sübut etdik ki, bu torpaqların sahibi bizik, burada bizim mədəniyyətimiz doğulub, incəsənətimiz inkişaf edir.

Beləliklə, 30 ildən dərs çıxarıb, biz daha ehtiyatlı olmalıyıq. Necə ki, əsgərlərimiz vətənimizin keşiyində dayanır, biz də mədəniyyət, incəsənət xadimləri olaraq  mədəniyyətimizin keşiyində olmalıyıq".

Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sülaləsinin ən parlaq nümayəndəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşir isə qeyd dedi:

“Bəli, bu il də festivalda iştirak edəcəm. Çox gözəl və kövrək hisslər yaşayıram. Hisslərimi sözlə ifadə edə bilmirəm. Ümumiyyətlə, Şuşa adı gələndə eyni hisslər keçirirəm, uşaq kimi özümü ora tez çatdırmaq istəyirəm.

Bu cür festivalların keçirilməsi çox önəmli və vacibdir. Şuşa, Qarabağ bizim əzəli tarixi, qədim torpaqlarımızdır. Bir məsələni də qeyd etmək istərdim, rəhmətlik atam da (Xan Şuşinski - red.) həmişə Qarabağdan danışanda Dağlıq Qarabağ sözünü işlətmirdi. Sonradan bu “Dağlıq” sözünü Qarabağa birləşdiriblər. Hamımız çox gözəl bilirik ki, Qarabağ hər zaman Qafqazın konservatoriyası, Şuşa şəhəri “kiçik Paris” adlandırılıb, mədəniyyət mərkəzi olub. Bir balaca  şəhərdən onlarla dahi şəxsiyyətlər çıxıb, Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixinə töhfələr bəxş edib.

Muğam mühiti dövlətimizin böyük diqqət və qayğısı ilə əhatə olunub"

Bəyimxanım Cavanşir: “Cıdır düzündə elə bir təbii akustika var ki, orada keçirilən konsertin əks-sədası ətraf yerlərə, Xankəndinə yayılır, oradan isə bütün dünyaya"

Şuşanın 17 məhəlləsi var idi və hər məhəllənin də özünün bağı, hamamı, məscidi var idi. Elə bir məhəllə yox idi ki, oradan dahi şəxsiyyət çıxmasın.

Məlum olduğu kimi, bu il Şuşa şəhərinin Pənahəli xan tərəfindən yaradılmasının 270 illiyidir. Yəni bu il çox önəmli ildir və  Prezidentimiz də bu ili “Şuşa İli” elan etdi.

Ötən il “Xarıbülbül” festivalı çox möhtəşəm şəkildə keçirildi. Cıdır düzündə təşkil edilən bu tədbir bütün dünyaya ismarış idi ki, baxın, bizim xalqımız necə tolerantdır, Azərbaycanda olan hər bir xalqın nümayəndəsinin hüquqları qorunur, onun dilinə, dininə, etiqadına çox böyük hörmətlə yanaşılır.

Cıdır düzündə elə bir təbii akustika var ki, orada keçirilən konsertin əks-sədası ətraf yerlərə, Xankəndinə yayılır, oradan isə bütün dünyaya.

İnanıram ki, bu dəfə də möhtəşəm bir tədbirə şahid olacağıq".

Xatırladaq ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında - Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak edib. Ümumilikdə 100-ə yaxın qonağın iştirak etdiyi konsertlər Cıdır düzündə qurulmuş 7 məkanda keçirilib. Tədbirin ilk günü Qarabağ atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalıb. Birinci festivalın tamaşaçıları əsasən Şuşa sakinləri olub.

1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.

1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib.

II və III festivalların yekun konsertləri Bakıda indiki Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarət kompleksində keçirilib.

Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mədəniyyət paytaxtımızın 28 il sürən işğaldan azad edilməsindən sonra bərpa olundu. Azərbaycanın mədəniyyət paytaxtı 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olundu. Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirildi. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olundu. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları və digər solistlər çıxış etdilər.

“Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mədəniyyət paytaxtımızın yeni növrağını, səsini dünyaya duyuracaq.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR