İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada ilk respublika uşaq tədbiri FOTO

990 02.06.2022 15:36 Mədəniyyət A A


İyunun 1-də Şuşada məktəblilər arasında təşkil olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti keçirilib.

Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutub.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa Dövlət Qoruğu İdarəsinin nümayəndəsi və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, festival müsabiqənin qalibləri iştirak edib.

Konsert proqramında 150-ə yaxın məktəbli, o cümlədən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış ediblər. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Tədbirin sərgi hissəsində müsabiqə qaliblərinin rəsm və əl işlərinə baxış keçirilib.

Qeyd edək ki, "Şuşa İli"nə həsr olunmuş festival-müsabiqəyə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya - ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə keçirilən müsabiqəyə ümumilikdə 10000-dən çox istedadlı şagird qatılıb. Müsabiqənin təşkilində məqsəd uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək olub.

Həmçinin, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, təhsilalanları vətənpərvərlik, həmçinin torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etmək, məktəblərin asudə vaxtlarını təmin etmək də məqsədlər sırasındadır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR