İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyadan qaytarılan vətəndaşlar potensial terrorçu ola bilərmi - rəy

462 23.11.2023 08:38 Siyasət A A

Deputat: “Hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallara qarşı daim mübarizə aparılır və indiyə qədər bir sıra şəxslər ifşa edilib”

Suriyadan 8 uşaq və 4 qadın Azərbaycana gətirilib. XİN-in məlumatına görə, Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq 21 noyabr 2023-cü il tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 8 nəfəri uşaq və 4 nəfəri qadın olmaqla, 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. 21 noyabr 2023-cü ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Qeyd edək ki, 2010-2015-ci illərdə Azərbaycandan bir qrup insan İŞİD-in təsiri altına düşərək, ailəsi ilə birlikdə ora getmişdi. Onların bir çoxu orada öldürülüb. Bir qism kişilərin isə ailəsi başsız qalmışdı. Ötən illər ərzində bu vətəndaşlarımızın bir çoxu geri qaytarılıb.

Bəzi ekspertlər bildirir ki, geri qaytarılan azərbaycanlılarla bağlı ciddi işlər aparılmalıdır, çünki onların arasında beyni yuyulmuş şəxslər ola bilər ki, gələcəkdə potensial terrorçu kimi davrana bilərlər. Bu işləri kim görməlidir? Geri qayıdan insanlar hansı müddətdə nəzarətdə saxlanılmalıdır?

Arzu Nağıyev: Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir -  AZƏRTAC

Arzu Nağıyev 

Təhlükəsizlik məsələləri üzrə ekspert, deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Suriyada vətəndaş müharibəsi başlayanda terrorçu təşkilatlar orada peyda olan zaman azərbaycanlılardan kiminsə ora gedib müharibəyə qoşulacağını əksəriyyət güman etmirdi: “Həmin günlərdə Azərbaycan Qarabağ problemini həll etməmişdi. Azərbaycan vətəndaşını əsasən Qarabağın azad edilməsi düşündürürdü. Amma Suriyaya gedənlər də tapıldı. Cihad adı ilə yüzlərlə azərbaycanlı gedib terrorçu təşkilatlara qoşuldu. Hətta bəziləri ailələrini də özləri ilə apardılar, imkanlı ailələrdən də belələri var idi. Sonra bir qismi orada öldürüldü, ailələri başsız qaldı. Bura qayıdanlar isə həbs olundu və uzun müddətə azadlıqdan məhrum edildilər. O ki qaldı qayıdanların ölkədə hər hansı bir qeyri-qanuni addım atmalarına, belə halların qarşısı qətiyyətlə alınır. Dövlət Təhlükəsizliyi Xidməti əsas məramları, məqsədi qarışıqlıq salmaq, terror həyata keçirmək olan qruplaşmalara qarşı daim fəaliyyətdədir. Azərbaycan regionda sülhün bərqərar olunması istiqamətində ciddi addımlar atır. Əsası bir neçə il bundan öncə qoyulan və bütün ölkələr üçün təhlükəyə çevrilən "İslam dövləti" (İŞİD) terror qruplaşması yenidən fəallaşmağa başlayır. Deməli, bir sıra dövlətlərdə terror hadisələri törətmə ehtimalları artır. İŞİD-in ötən illərdə xüsusilə Paris və Türkiyədəki terror aktları dünya mətbuatının gündəmini zəbt etmişdi. Azərbaycandan da İŞİD sıralarına qoşulmaq üçün yüzlərlə insan Suriya və İraqa gedib. İstisna deyil ki, onları həvəsləndirən və İŞİD-lə əlaqələndirən hansısa qruplar gizli fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallara qarşı daim mübarizə aparılır və indiyə kimi bir sıra şəxslər ifşa edilib. Bu mübarizə fonunda İŞİD-in digər ölkələr kimi Azərbaycanda da terror törədə bilməsi ehtimalı hamını düşündürür. Azərbaycandan da İŞİD-ə qoşulan, orada ölənlər və ya sağ qalanlar var. Eyni zamanda həbs olunanlar və olunmayanlar da var. Terror elə təzahürdür ki, bundan heç kim sığortalanmayıb. Ona görə də hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu sahəyə çox ciddi nəzarət edir. Buradakı əməliyyat şəraitini nəzərə alırlar. Amma ayıq-sayıqlıq həmişə olmalıdır. Terror təşkilatları, xüsusilə İŞİD həddindən artıq qəddarlıqla anılır. Ona görə ayıq-sayıqlığı əldən vermək olmaz. İŞİD üzvü olan və  qaçıb gizlənənlər, yayınanlar, hələ ki sakit durub kənardan idarə edənlər bilsinlər ki, kifayət qədər materiallar var və əməliyyat şəraitinə nəzarət olunur. Azərbaycan dövlətinə, dövlətçiliyə, cənab Prezidentin apardığı siyasətə qarşı hər hansı bir atılacaq addımın qarşısı yüksək peşəkarlıqla alınacaq".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR