İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni zəkanın emosional bayatısı

1229 17.03.2024 12:55 Yazarlar A A

O gün həmkar dostlarla oturub söhbət edirdik, qəfildən söhbət süni intellektdən və onun ortaya çıxardığı yaradıcı məhsullardan düşdü.

Hamımız etiraf etdik ki, süni intellekt gerçəkdən də yaxşı film ssenarisi yaza, yaxşı şəkil çəkə, yaxşı mətn tərcümə edə, yaxşı mahnı bəstələyə, hətta onu yaxşıca ifa edə bilir. Bir sözlə, türkün sözü, bu yapay zəkanın əlindən hər cür yaradıcı iş gəlir, amma yenə nəsə çatışmır. Ümumi rəy ondan ibarət oldu ki, bu irəlizəkalı texnoloji yenilik çoxlu yaxşı işlər görə bilsə də, əla, unikal, orijinal məhsullar istehsal etmək iqtidarında deyil və insan zəkasını əvəz edə bilməz.

Süni intellektin hələ təzə-təzə dənzərən vaxtlarında şahmat üzrə dünya çempionu Harri Kasparovla superkompüteri yarışdırmışdılar, birində kompüter qalib gəlsə də, bir oyunda da Kasparov qalib gəlmişdi. Halbuki o maşın yüzlərlə gedişi bir saniyənin içində analiz edib ən optimalını seçmək qüdrətindəydi.

Yaxud bu yaxınlarda Messi və Neymarın qarşısına süni intellekt məhsulu olan “qapıçı” çıxarmışdılar, forvardlar topu qapının hansı küncünə, bucağına vururdularsa, 1 saniyənin içində hərəkətə gəlir, qola imkan vermirdi. Amma axırda “ulduzlar” o “süni qapıçı”nı keçməyin yolunu tapdılar, topu elə sürətlə və elə yerə vurdular ki, “mıkk” eləyə bilmədi. Hərçənd o, indiyəcən tanıdığımız qapıçıların hamısından bacarıqlı idi, hətta Şahruddindən də.

Xüləs, dostlarla bu mövzuda danışarkən, onlardan biri dedi ki, düzdür, süni intellektin ortaya qoyduğu əsərlər soyuqqanlı, emosiyasız, hiss-həyəcansız şeylər olacaq, yaradıcı insanın öz duyğuları, yaşantıları ilə yaratdığı ovqatı yarada bilməyəcək.

Gerçəkdən də. Tutaq ki, süni intellekt məhsulu olan “Ayfon - nə bilim, neçə” bir qadının emosional ehtiyacını ödəyə və onu boşanmaqdan vaz keçirə bilər, amma qadının ürəyi gecənin bir yarısı başqa şey, lap elə şeir istəsə necə edəcək?

Məsələn, xanəndə Mənsum İbrahimovun oxuduğu mahnıların birinin içində belə bir bayatı var:

Dağlarda qar ətri var,
Bağlarda bar ətri var.
Ölsəm, yumayın məni,
Sinəmdə yar ətri var.

İndi yazıq süni intellekt bunun eynisini necə yazsın, yaxud necə tərcümə etsin və ya buna təfsir versin? Onun hazırladığı material belə olacaq:

“İlin müvafiq fəsili olduğu üçün dağlara qar yağmışdır. Keçən illə müqayisədə cari ildə dağlara yağan qarın qalınlığı bir neçə santimetr az olduğundan və tez əridiyindən qarın ətri bu il fərqlidir. Üstəlik, qlobal istiləşmə ilə əlaqədar olaraq bir sıra dağlara, məsələn, Kilimancaroya qar yağmamışdır, ona görə də o dağlarda qar ətri yoxdur. Bağlarda isə, meyvə, bar-bəhər mövsümü olmadığına görə hazırda xüsusi bir qoxu mövcud deyil. Ancaq alça, gilas, alma-armud yetişəndə, xüsusilə sitrus meyvələri dəyəndə bağlardan bar ətri gələ bilər. Sinəsində yar ətri olduğuna görə öləndən sonra yuyulmamasını tələb edən kişi cinsinə məxsus məxluq bu ayinin ona nəyə görə lazım olduğunu izah etməlidir. Çünki öləndən sonra istənilən orqanizmdə çürümə prosesi başlayır, bu zaman ətrafa yayılan pis qoxu bütün xoş rayihələri, o cümlədən “yar ətri”ni üstələyir”.

Alın sizə süni intellektin yaradıcılığı. Mahnı bəstələyin, oxuyun, görüm.

Deməyim odur ki, süni zəkanın beynində ilanlar oynaşan insanın zəkasını yüzdəyüz uğurla əvəz etməsi mümkün olmayacaq. Hətta onun ən səriştəli olduğu tərcümə sektorunda da. Bir dəfə əməkdaşlardan biri ərinmişdi, Anadolu türkcəsindən bir xəbəri “Transleyt” proqramı ilə çevirib göndərmişdi, açıb oxuduq ki, proqram xəbərdə adı əkilən Ekrem Dumanlını “Əkrəm Tüstülü”, Ahmet Karacanı isə “Əhməd Cüyür” kimi “çevirib”. Heç nə. Qanqaraçılıq.

Hazırda ABŞ-da Hollivudun ssenari yazanları süni intellektin tətbiqinə etiraz edirlər, deyirlər, onun məhsullarında unikallıq yoxdur. Pah! Guya 50 ildir insan zəkasının ərsəyə gətirdiyi ssenarilər əsasında çəkilən filmlər nəydi ki? Hamısında “intizamsız, amma dürüst yaxşı oğlan” “pis adamları” tərk edilmiş zavodda öldürür, girovları azad edir, bəşəriyyəti labüd məhvdən son saniyədə, qırmızı şnuru kəsərək xilas edirdi. Süni zəka da eyni ssenarini yazacaq, bəlkə fərq onda olacaq ki, “qəhrəman” göy şnuru kəsəcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR