İnsanlara hürriyət, millətlərə istiqlal!

Suma xitabən

1553 17.05.2023 12:26 Yazarlar A A

“Gölməçəyə su gələnə qədər, qurbağanın gözü bərələ qalar”

(Azərbaycan ata sözü)

Bu yaxında guya uşağın dərsləri ilə maraqlanırdım, təhsil sistemimiz sayəsində biabır oldum. Dərslik “Azərbaycan dili”, mövzu xitab idi. Uşaqdan xitabın nə demək olduğunu soruşdum. Deyir əvvəlində filan yerdə vergül, filan yerdə nida qoyulan bir zaddır və sairə. Yəni xitabın nə olduğunu bilmir, ancaq rəhmətlik Arif Quliyev demişkən, “ətrafında danışır”. Təkidlə xitabın tərifini soruşdum. Mənə dedi ki, dərslikdə belə bir şey yoxdur. İnanmadım, günahsız olduğu halda uşağı yalançılıqda suçladım. Aşağıdan yuxarı bütün “Azərbaycan dili” dərsliklərini axtardım (indi bunlar internetdə var). Doğrudan da xitabın mənası heç yerdə yazılmayıb. Bəs uşaq bunu necə öyrənməlidir? Bir müəllimdən soruşdum. Deyir indiki dərsliklərdə çox şeyləri uşağa başa salmağı müəllimin öhdəsinə buraxıblar.

“Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir” - bunu dərslikdə bir boş yerə yazmaq bəyəm çox çətindir?

Çex yazıçısı Yaroslav Qaşekin satirik “İgid əsgər Şveykin macəraları” əsərində bir misal yazılıb: “Dördqatlı ev var, onun hər qatında səkkiz pəncərə, damında iki kiçik pəncərə və iki tüstü bacası, hər qatda iki kirayəçi var. İndi mənə deyin görüm, qapıçının nənəsi neçənci ildə ölmüşdür?” Fikrimcə, bizim hazırkı dərsliklər Şveykin həmin üsulu ilə yazılıbdır.

Tərifi kitaba salmırsan, ancaq bunu imtahanda soruşursan. Hər cür cəfəngiyyat dərsliyə salınır, praktik həyat unudulur. Hansısa dərslikdə görmüşdüm, yazmışdılar ki, Sumqayıt şəhərinin adı belə yaranıb: “Sum adında oğlan olub, dənizə girib, qayıtmayıb. Anası da onun arxasınca "Sum, qayıt!" deyə qışqırıb. Nəticədə həmin yerdə Sumqayıt adlı yaşayış məskəni yaranıb". Bu cür cəfəngiyyatı, heç bir elmi əsası olmayan əfsanəni şagirdlərə niyə öyrədirsiniz? Yenə uşağın adı Sem, hadisə yeri də, məsələn, Florida ola, başa düşərsən...

Təbii ki, belə cəfəngiyyatlar əhatəsində yaşadığım üçün ağlıma son günlər iki ehtimal gəlib, onları mütləq sizinlə bölüşməliyəm. Birincisi, Sinan Oğanın seçkidə 3-cü yeri tutması onun azərbaycanlı olması ilə bağlıdır. İkincisi, isveçli Loreen niyə “Evrovizion” manıs yarışmasında növbəti dəfə qalib gəldi? Çünki bir dəfə də Bakıda qalib olmuşdu! Ayağımız düşərlidir. Təklif edirəm bu düşüncələrim növbəti illərdə dərsliklərə salınsın.

Zarafat eləmirəm, məndə olan məlumata görə, müəyyən AYB üzvləri var, onlar orta məktəb dərsliyinə 500 manata, ya da iki-üç qoyun cəmdəyinə əsər saldıra bilirlər, vasitəçilik, dilerlik edirlər. Qoyunu dərslik müəlliflərinə verirsən, üstündə də ibrətamiz hekayəni və ya şeiri, sentyabrda balacalar hansısa sinifdə artıq sənin əsərin üzrə dərs keçirlər.

Dünən nazir brifinq keçirirdi, deyir 145 məktəbdə direktor yeri boşdur. Bu yerlərə 1000 nəfər namizəd varmış. Azmı-çoxmu, demək istəmirəm. Sadəcə, görünən dağa bələdçi lazım deyil. Bizdə məktəb iflasa uğrayıb. Həm dövlət büdcəsindən müəllimlərə maaş veririk, həm repetitor tuturuq. İkiqat ödəmə sistemi düzəltmişik, yarımqat öyrənmə də ortaya çıxmır.

Yarımqat demişkən... Təzəlikcə internetdə video paylaşılmışdı: hansısa universitetimizdə (deyəsən, elə pedaqoji - müəllim hazırlayan ali məktəb idi) tələbə pilləkənin başında dombalaq aşır, guya akrobatik hərəkət edirdi, lakin yerə çırpılırdı. Bir az da qorxunc video idi, uca millətimiz tələbənin taleyindən nigaran qalmışdı. Şükürlər olsun, rektorluq araya girdi, xalqa xəbər verildi ki, əslində hadisə birinci qatda olub, tələbə də xəsarətsiz ötüşübdür.

Nə yaxşı, min şükür. Bizə məhz belə dombalaq aşan pedaqoqlar lazımdır. Onları qorumalıyıq. Buradan xalqımıza xitab edirəm.

O cümlədən Sumqayıtda kimsə nəhayət uşağa Sum adı qoysun, dərslik yerinə otursun.    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR