İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi üçün daha hansı maneələr qaldı?..  

557 30.12.2023 11:07 Yazarlar A A

 

Dünyanın həqiqətən də çox qəribə işləri var. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın vaxtında ermənilər iddia edirdilər ki, onların Avropa İttifaqı ilə imzaladıqları assosiasiya sazişinin heç bir geosiyasi aspekti və yaxud da konteksti yoxdur, guya bu, sırf iqtisadi əməkdaşlıq sənədidir. Bəziləri isə hətta bir az da uzağa gedərək açıq şəkildə bildirirdilər ki, sənəd faktiki olaraq Kremldə “redaktə” olunub, ona görə də burada Rusiyanın maraqlarına zidd olan heç nə yoxdur.

Bəs görən, indi nələr baş verir? Rusiyada bir xeyli müzakirə olundu ki, görəsən, erməni baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən sammitə qatılacaq, ya qatılmayacaq?

Paşinyan sammitə gəldi, amma sammitdən bir neçə gün sonra belə müzakirə olunan bir qeydlə çıxış etdi – o dedi ki, Avrasiya İqtisadi Birliyi ilə əlaqələrin heç bir geosiyasi və siyasi gündəmi yoxdur və bu əlaqələri siyasiləşdirməyin heç bir mənası da yoxdur, bunlar sırf iqtisadi əlaqələr deməkdir.

Bununla Paşinyan özünün sammitə gəlişinin və ölkəsinin Avrasiya Birliyinə sədrliyi qəbul etməsinin şərtini açıqladı – guya ki, burada yalnız və yalnız iqtisadi motivlər rol oynayır...

Paşinyan haqlı idimi? Məsələ bundadır ki, Rusiya nə yaradırsa-yaratsın, onun mayasında Moskvanın geosiyasi maraqları dayanır və Kreml Avrasiya Birliyini də ona görə yaratmışdı ki, post-sovet ölkələrinin bir qismini özünün geo-iqtisadi orbitində saxlaya bilsin, onlar Avropa İttifaqı ilə əməkdaşlığa yönəlməsinlər. Sadəcə, erməni baş nazirinin bu qeydi həm Kreml, həm də Qərb üçün ciddi bir mesaj idi – o, anlatmağa çalışdı ki, Rusiya ilə siyasi və geosiyasi əməkdaşlıq arzusunda bulunmur...

Niyə görə biz ilk olaraq məhz bu siyasi məqamın üzərində dayandıq? Ona görə ki, bu, sammitin ən yadda qalan məqamı oldu – həm son vaxtlar MDB-nin və KTMT-nin bütün tədbirlərini boykot edən Paşinyanın Peterburqa gəlişinin səbəbini və şərtini açıqladı, həm də gələcək Ermənistan – Rusiya münasibətlərinin xarakterinə bir növ işıq saldı. Belə ki, bir daha məlum oldu ki, bundan sonra da İrəvan Moskva ilə siyasi və geosiyasi əməkdaşlığı məhdudlaşdıracaq, əvəzində Qərblə daha geniş əlaqələrə can atacaqdır...

O ki qaldı Azərbaycan- Ermənistan münasibətlərinə, tərəflərin liderləri iyul ayında keçirilən Brüssel görüşündən sonra nəhayət ki, ilk dəfə olaraq ayaqüstü olsa da, müəyyən müzakirələr apardılar. Üstəlik, həm Bakının, həm də İrəvanın təmsilçiləri bir daha bəyan etdilər ki, sülh sazişinin imzalanması üçün praktiki olaraq heç bir maneə qalmayıbdır. Üstəgəl, bunu Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov da dolayı yolla olsa da, təsdiqlədi – o, bildirdi ki, tərəflər üçtərəfli formatda sülh sazişini imzalamağa hazırdılar. Peskovun bəyanatında diqqət çəkən budur ki, Rusiya məmuru üçtərəfli formatdan danışır və üçüncü tərəf kimi özünün ölkəsini – Rusiyanı görür, hərçənd, Bakı son vaxtlar daha çox ikitərəfli danışıqlara meyl edir. Rusiyanın özünü də danışıqlarda tərəf kimi görməsi təsadüfi deyil – belə ki, Moskva bu yolla “sülhün qarantı” kimi bölgədə qalmağa ümidlidir.

Bakının təklifinə gəldikdə, bir daha gələcəkdə ikitərəfli danışıqların perspektivinə qayıtdıqda, qeyd edək ki, İrəvan hələ bu ssenariyə qol qoymur. Ona görə ki, Ermənistan hətta Rusiyanın qoltuğundan çıxmaqla, Moskvadan uzaqlaşmaqla müstəqil qərarlar qəbul etmək yox, indi də özünü yeni ağalara – ABŞ-a və ya Avropaya təslim etmək istəyir.

Elə bu səbəbdən də erməni mənbələri nəinki yaxın vaxtda, xüsusən də yanvarda sülh sazişinin imzalanmasını istisna edirlər, hətta bildirirlər ki, sazişi erməni cəmiyyətinə qəbul etdirməkçün Nikol Paşinyana hələ vaxt lazımdır, guya ki, erməni cəmiyyəti Nikolun Azərbaycanla bağlı apardığı siyasəti dəstəkləmir. Amma sual yaranır: bəs onda bu cəmiyyət niyə görə “revanşist müxalifət”in tərəfinə keçmir, hətta bu günə qədər keçirilən seçkilərdə belə Nikol Paşinyana dəstək verir?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR