İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi ABŞ və Rusiya arasında “əzilir”- müharibə təhlükəsi isə artır

940 28.03.2023 11:00 Siyasət A A

Blinkenin “yaxın vaxtlarda sülh sazişi imzalana bilər” bəyanatı  Moskvada ciddi narahatlıq yaradıb-Bakıya sərfəli variant... 

Uzun illər Qarabağ məsələsində vasitəçilik etmək iddiası sərgiləyən, amma ortaya heç bir nəticə qoymayan aparıcı paytaxtlar indi də Bakı və İrəvanı sülhə gətirmək istiqamətində cəhdlər göstərirlər, həm də rəqabətə girərək. Təəssüf ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları haqda çox danışılsa da, hələ ki ortada real nəticə yoxdur.

Son zamanlar Vaşinqton və Moskva arasında “sülh sazişi uğrunda mübarizə” artıq açıq müstəviyə keçib. Məlumdur ki, martın 21-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Blinken ABŞ-ın Ermənistan Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib. Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir. Bundan bir gün əvvəl dövlət katibi Ermənistanın baş naziri Nikol Paşinyanla da danışımışdı. Bundan sonra ABŞ dövlət katibinin “yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər” bəyanatı isə Moskvada ciddi narahatlıq yaradıb.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova son brifinqdə bildirdi ki, Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına cəlb olunması ilə miqyaslı problemlər yaranmağa başladı. “Qərbin və Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına cəlb olunması ilə miqyaslı problemlər yaranmağa başladı. Onlar peyda olan kimi problemlər dərinləşdi”. Zaxarovanın sözlərinə görə, Qərbin sülh haqqında sözləri və yardım etmək istəkləri ilə bağlı bəyanatları reallıqda olan vəziyyətlə tamamilə ziddiyyət təşkil edir. Rusiya XİN sözçüsü Blinkenin bəyanatına belə münasibət bildirib: “Gəlin baş vermiş hadisəni şərh edək. Perspektivləri çoxları şərh edir. Lakin biz o mövqedən çıxış edirik ki, əvvəl bu (sülh sazişinin imzalanması-red.) baş verməlidir, sonra isə onu şərh etmək lazımdır. Biz hər zaman şərh verməyə hazırıq. Lakin burada şərh ediləsi bir şey yoxdur”.

Rusiya XİN-in başçısı Sergey Lavrov da Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Rusiyanın Qərblə əməkdaşlığını istisna edib. “Qərb özünü tamamilə gözdən salıb. Onun Cənubi Qafqazda hansı məqsədlər güddüyünü görürük. O, onları gizlətmir, açıq bəyan edir ki, Rusiyanı buradan qoparacaqlar”, - Lavrov bildirib.

Prezident İlham Əliyev: Talış kəndi istiqamətində qazanılan uğurlar  müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyıb

Tərəflərin mövqeyinə gəlincə, Prezident Əliyev Talış kəndindən xalqa müraciətində bu barədə konkret mövqeyini açıqladı. “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidir”.

Lakin görünən budur ki, ayrı-ayrı paytaxtların yolladığı tezislərə uyğun siyasət sərgiləyən Ermənistan yenə ənənəvi mövqesizlikdə davam edir. Rəsmi İrəvan gah absurd şəkildə Azərbaycanı ittiham edir, gah da “libasını” dəyişib, sülhdən danışır. “Yaxın aylarda Ermənistanla Azərbaycan arasında müharibə təhlükəsi realdır”. Bunu isə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, Ermənistanla Azərbaycan arasında müharibə təhlükəsi yaxın aylarda realdır. “Rusiyanın kömək edə bilməməsi və ya istəməməsi səbəbindən Aİ Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında daha mühüm rolu öz üzərinə götürməlidir. Bütün diqqətimiz haqlı olaraq Rusiyanın Ukraynadakı müharibəsinə yönəlib. Lakin bu, Avropanın astanasında yaranan başqa bir böhranı görməzlikdən gəlmək üçün səbəb deyil”, - deyə Rasmussen bildirib.

Göründüyü kimi, rəqabət güclənir. Belə bir vəziyyətdə, xüsusilə Vaşinqton və Moskva arasında sülh danışıqlarına “patronluq” etmək üçün cəhdlər hansı təhlükəni vəd edir, müharibə təhlükəsini kim önləməlidir?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təxribatları barədə maraqlı fikirlər söylədi: “Azərbaycan uzun müddətdir ki, sülh prosesinə sadiqliyini nümayiş etdirsə də, həm Ermənistan, həm erməni diasporu və lobbisi, həm də bu "erməni məsələsi"ndən istifadə edən qüvvələr beynəlxalq müstəvidə ölkəmizə qarşı təzyiq kampaniyaları təşkil etməklə rəsmi Bakının manevr imkanlarını məhdudlaşdırmaq, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazilərimizdə yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinə mane olmaq, separatçı meyllərə, qanunsuz silahlı qruplaşmalara müxtəlif adlar altında toxunulmazlıq qalxanı yaradıb onları daimi olaraq başımız üzərində “Domokl qılıncı” kimi saxlamaq istəyirlər. Bu prosesin səngiyəcəyi isə inandırıcı görünmür, çünki arxasında qlobal və dəyişməz maraqlar dayanır. Belə olduğu təqdirdə, qanunsuz hərbi birləşmələrin ölkəmizin ərazisindən təmizlənməsi istiqamətində “cərrah bıçağı”nı işə salmaqdan başqa çıxış yolu görünmür. Baş verənlər genişmiqyaslı hərbi əməliyyatlara və Ermənistanla növbəti qarşıdurmaya apara bilərmi? Düşünürəm ki, yox. Ermənistan müxtəlif vasitələrlə qanunsuz hərbi qruplaşmalara yardım göstərməyə cəhd edə bilər və bu cəhdlərin qarşısının alınması üçün də Azərbaycanın əlində kifayət qədər imkanlar var".

NATO-nun sabiq baş katibi, rəsmi İrəvanın indiki məsləhətçisi Anders Foq Rasmussenin Azərbaycanla Ermənistan arasında yaxın vaxtlarda müharibə təhlükəsinin real olduğu barədə iddialarına gəldikdə isə, E.Mirzəbəyli hesab edir ki, bu, daha çox Ermənistana beynəlxalq dəstəyin verilməsi və Azərbaycana qarşı təzyiqlərin artırılmasına xidmət edən bir mesaj kimi dəyərləndirilməlidir: “Rasmussen öz işini görür və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Azərbaycanla Ermənistan arasında müharibə təhlükəsi indiki halda real görünmür. Çünki yeni bir müharibə Ermənistanın sonuna gətirib çıxara bilər. Erməni ekspertlər son günlər bunu açıq şəkildə dilə gətirirlər və indiki halda yalnız separatçıların, qanunsiz hərbi birləşmələrin "müqavimət göstərməsinin vacibliyindən" danışırlar".

Sülh danışıqlarının Moskvanın, yaxud Vaşinqtonun vasitəçiliyi ilə aparılmasının perspektivindən bəhs edən siyasi şərhçi bildirdi ki, mahiyyət etibarilə bu bizim üçün hər hansı bir yeni müstəvi yaratmır: “Yəni Azərbaycan sülh danışıqları məsələsində irəli sürdüyü və hər kəsə aydın olan prinsiplər üzərindən hərəkət edir. Bu prinsiplər isə nə Moskvaya, nə Vaşinqtona, nə də Brüsselə münasibətdə dəyişmir”.

İlham İsmayıl: “Yanğınlarda təxribat izi görmürəm” - Reportyor

 İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl açıqlamasında öncə Vaşinqton və Moskva arasında sülh danışıqlarına “patronluq” etməklə bağlı göstərdikləri cəhdlərin hansısa təhlükə vəd etməsindən bəhs etdi və bununla bağlı tarixin ötən dönəmlərindən bəzi faktları, acı gerçəklikləri xatırlatdı: “Təəssüf ki, Qərb və Moskva arasında dünyaya "patronluq" etmək uğrunda mübarizə 77 ildir ki, davam edir və tərəflərin bu iddiaları zaman-zaman soyuq və isti şəkildə başqa xalqların, dövlətlərin taleyində ağır fəsadlar yaradıb. Vinston Çörçill 1946-cı il martın 5-də ABŞ-ın Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində səsləndirdiyi “Sülhün əzələləri” adlı çıxışında “Qərb demokratiyasını SSRİ və dünya kommunizmi təhlükəsinə qarşı birləşməyə və ingilisdilli xalqların qardaşlıq assosiasiyasını” yaratmağa çağırır. O vaxtdan tərəflər arasında soyuq müharibə başladı. Nəticədə SSRİ dağıldı, Rusiyanın sərhədləri artıq Berlində deyil, Rostov ətrafındadır, amma Rusiyanın iddialarının sərhədi daralsa da, bitməyib və artıq postsovet əraziləri uğrunda Qərblə Rusiya arasında soyuq müharibə Ukraynada isti formada bir ildən çoxdur ki, davam edir". İ.İsmayıl əlavə etdi ki, Cənubi Qafqaz da bu mübarizənin qaynar nöqtəsinə çevrilməyə potensial namizəddir: “Səbəb Azərbaycan və Ermənistan arasında vasitəçilik edən Qərb və Rusiyanın sülhdən daha çox, Çörçilin dediyi kimi, "sülhün əzələləri"ni nümayiş etdirməsidir. Və bu vəziyyətə səbəb yalnız qlobal güclərin mübarizəsi deyil, Ermənistanın, ermənilərin tarixən bu güclərə vassallıq edib alət rolunda xidmət göstərərək ərazi iddialarından əl çəkməməsidir. 44 günlük müharibədə məğlub olmasına baxmayaraq, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq iddiası və Qərblə Rusiya arasında hələ də manevrlər etməsi müharibə təhlükəsini reallaşdırır". Ekspert xatırlatdı ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan vasitəsilə danışıqları davam etdirmək təklifini ermənilər qəbul etmədi, hətta Qarabağın erməni icması ilə reinteqrasiya danışıqlarının beynəlxalq müstəvidə həll edilməsini şərt kimi irəli sürdülər: “Belə olduğu üçün istər dövlət sərhədində, istərsə də Rusiya hərbi kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərimizdə təxribatların artması, perspektivdə genişmiqyaslı döyüşlərin, yəni müharibənin başlanması riskini artırıb”. Təhlükəsizlik eksperti bu təhlükənin qarşısının alınması yollarından da bəhs etdi: “Azərbaycan beynəlxalq hüquqa əsasən, öz ərazi bütövlüyünü de-fakto reallaşdıracağını bildirib. Ermənistan isə sülh üçün əlavə şərtlər irəli sürür və bu da qəbul olunmur. Ermənistan iqtidarı Rusiyanın, İranın, daxildəki revanşist qüvvələrin təzyiqi nəticəsində sülh müqaviləsini imzalamaqdan imtina edir. Paşinyan özündə siyasi iradə tapıb Praqa görüşündə razılaşmaya əsasən - ərazi bütövlüyünü heç bir şərt olmadan tanıyıb, sülh müqaviləsini imzalamasa, hadisələr sürətlə müharibəyə doğru gedir. Bu iradəni Paşinyana Rusiya deyil, Qərb verə bilər - Paşinyanı sülhə məcbur etməklə. Təhlükənin yalnız bu halda önlənməsi mümkündür”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR