İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsinə görə Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir

1470 12.10.2022 08:20 Region A A

Ekspert: “Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi fikri çıxarılmalıdır”

Ötən həftə Praqada Avropa Siyasi Birliyinin ilk sammiti çərçivəsində baş tutan “dördlü” görüşün ən mühüm nəticəsi qəbul edilən yekun bəyanat sayıla bilər. Orada deyilir ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürülür.

Yəni belə çıxır, iki ölkə bir-birinin ərazi bütövlüyünü SSRİ dönəmindəki inzibati sərhədlər daxilində tanıyır. Halbuki Azərbaycan Respublikası SSRİ tərkibinə 114 min kv km-lik ərazi ilə giribsə, 86.6 min kv km ilə çıxıb. Aradakı fərq məhz SSRİ tərkibində olduğumuz müddətdə baş verib. İkinci yandan, Praqa bəyanatı heç də Ermənistanın ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanıması, Qarabağdan həmişəlik əl çəkməsi anlamına gəlmir. Çünki Ermənistanın hazırkı konstitusiyasının preambula hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsi əks olunub. Bəyannamədə isə “Dağlıq Qarabağ” Ermənistan ərazisi kimi göstərilir. Əgər İrəvan ərazi bütövlüyümüzü həqiqətən tanıdığını bildirirsə, Azərbaycana qarşı hər hansı torpaq iddiası yoxdursa, o zaman bunu ayrıca ikitərəfli sülh müqaviləsi ilə, konkret yuridik sənədlə bir daha niyə təsdiq eləmək istəmir və ya bundan yayınmağa çalışır?

Məsələ ondadır ki, sülh müqaviləsinin imzalanması və Ermənistan parlamentində ratifikasiya olunması ilə bu ölkə konstitusiyasında Azərbaycana ərazi iddiaları ilə bağlı bəndlər qüvvədən düşəcək. Ermənistan konstitusiyasına müvafiq düzəlişlər qaçılmaz olacaq.

Bəs Azərbaycan Konstitusiyası? Bəllidir ki, bizim konstitusiyada indiki Azərbaycan Respublikası Sovet İttifaqı tərkibində olmuş 86.6 min kv km-lik Azərbaycan SSR-in yox, 114 min kv km-lik AXC-nin hüquqi-siyasi varisi kimi təsbit edilib. O zaman necə olacaq, biz də konstitusiyamıza düzəlişmi eləməliyik, əgər sülh müqaviləsi ilə Azərbaycan SSR sərhədləri tanınacaqsa?

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Praqa görüşü zamanı mühüm razılaşma əldə olundu və Azərbaycanın ərazi bütövlüyü, həmçinin suverenliyi qəbul edilmiş sənədə əsasən Ermənistan tərəfindən tanındı. Lakin açıq qalan məsələ bundan ibarətdir ki, Azərbaycan tərəfi 19-cu və 20-ci əsirlərdə olan xəritələrə istinad etməyin tərəfdarı olsa da Ermənistan Azərbaycan SSRİ-nin ərazilərinə dair bir sıra çıxışlar edirdi və burada məhz SSRİ-yə aid olan ərazilərin dövlət sərhədi kimi müəyyənləşdirilməsi kimi mövqe ortaya qoyurdu: “Azərbaycan SSRİ-yə daxil ediləndə 114 min kv.km. ərazi ilə daxil olmuşdu, SSRİ dağılanda 86,6 min kv.km. ərazisi qalmışdı. Yəni SSRİ zamanında Azərbaycanın təxminən 28 min kv.km. ərazisi SSRİ tərəfindən qanunsuz olaraq Ermənistana verilib. Azərbaycanın tamamilə hüququ çatır ki, SSRİ-yə daxil olarkən mövcud olmuş xəritə əsasında Ermənistanla dövlət sərhədinin müəyyənləşdirilməsi tələbində israr etsin. Biz bunu etdikdə hansısa mühüm qanunlarımızda dəyişiklik etməyə də ehtiyac olmayacaq”.

Ekspert vurğuladı ki, əgər yekun sülh müqaviləsi imzalanacaqsa, sualda qeyd edilən səbəb üzündən Ermənistan öz konstitusiyasının preambula hissəsində dəyişiklik etməlidir: “Çünki bu gün siyasi danışıqlarla bağlı atılan addımlar hüquqi zəmində Ermənistan yuridiksiyası ilə uyğunluq təşkil etmir. Ermənistan öz konstitusiyasındakı "Dağlıq Qarabağ Ermənistanın ərazisidir" fikrini  mütləq çıxarmalıdır. Ermənistan referenduma gedərək konstitusiyasında dəyişiklik etməlidir. Niyə bunu etmir? Bax bu cür suallar getdikcə çoxalır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR