İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqlarına AŞPA-dan öldürücü zərbə

3424 27.01.2024 14:27 Siyasət A A

Qərb platforması özünü bitirdi; Politoloq: “Onlar heç bir vəchlə özünün iştirak etmədiyi prosesin getməsində maraqlı deyil”

Azərbaycanın 30 illik erməni işğalından sonra, nəhayət, öz suverenliyi və ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsini heç cür ona bağışlaya bilməyən riyakar Qərb “öz ayağına güllə atmağa” davam edir. Bu dəfə pis mənada fərqlənən AŞPA oldu. Qurum insan haqları və demokratiyaya aid bərbəzəkli və saxta ifadələr altında ölkəmizi hədəf alaraq, həyasızcasına yenidən barbar ermənilərin müdafiəsinə qalxdı.

Nəticə məlum. Cavablarını aldılar. Əgər Azərbaycan AŞPA-ya lazım deyilsə, AŞPA dünəndən bizə gərək deyil. Əslində isə bu, Ermənistana növbəti “ayı xidməti” sayılmalıdır. Çünki Avropa Parlamenti də daxil, belə qərəzli qurumların məlum absurd qərarları ilə bütövlükdə Qərbin Bakı-İrəvan danışıqlarında ədalətli arbitr olmaq şansı faktiki sıfırlanır. Az öncə Dövlət Departamentinin əsassız, böhtan xarakterli hesabatı ilə ABŞ da eyni haqqı itirib.

Qısası, bundan sonra Azərbaycanın Ermənistanla Qərb platformasında danışıqlar aparmasını gözləməyə dəymir. Bəs müzakirələr hansı formatda davam edəcək - ikitərəfli (birbaşa) formatda, Rusiyada, Gürcüstanda, yoxsa “beşli-altılı format”da (Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan)?

Oqtay Qasımov - Teleqraf.com

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, son yarım ildə Qərb dövlətlərinin apardığı anti-Azərbaycan siyasəti və nümayiş etdirdiyi ikili standartlar bir çox hallarda qərəzlilik və riyakarlıq faktiki olaraq Brüssel və Vaşinqton formatlarını arxa planda qoydu: “Brüssel formatı tamamən özünün vasitəçiliyinə son qoymuş oldu,Vaşinqton formatı az ehtimal da olsa hələ də özünü gündəmdə saxlaya bilər: ”O ki qaldı Rusiya formatına, əlbəttə, Rusiya xarici işlər naziri tərəfindən səslənən bəyanatlar onu göstərir ki, Rusiya bu məsələdə maraqlıdır və proseslərin yenidən onun nəzarəti altında getməsinin istəyir. Amma nəzərə alsaq ki. Ermənistan Rusiya formatlarından ciddi şəkildə yayınmaqla məşğuldur, bu formatın da nəticəli aktivləşəcəyi real görünmür. 

Belə bir vəziyyətdə danışıqlar prosesinin hansı formatda aparıla biləcəyinə, gəlincə, açığı yaxın aylarda hansısa bir danışıqlar prosesinin olacağını düşünmürəm. Çünki hazırda Azərbaycanda prezident seçkiləri kampaniyası keçirilir, Rusiyada mart ayında seçkilər keçiriləcək, Amerikanın özü artıq seçki ilinə daxil olub. Bu məsələlər də danışıqlar prosesini ləngidən amillərdəndir. Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi olmadan ikitərəfli danışıqlar mümkün ola bilər. Keçən ilin oktyabrında Azərbaycan Prezidenti ikili formatda danışıqların aparılmasını təklif etmişdi. O cümlədən belə bir danışıqlar üçün görüşün Gürcüstanda aparılmaının mümkün olduğunu demişdi. Amma Ermənistan bu məsələyə isti yanaşmadı. Hələlik bu məsələ tam şəkildə gündəmdə deyil. Realaşması da yaxın dövr üçün gözlənilmir. Baxmayaraq ki, keçən ayın 7-də iki tərəfin imzaladığı birgə bəyanatda bunun üçün müəyyən ümidlər yaranmışdı. O cümlədən delimitasiya komissiyalarının birbaşa görüşünün keçirilməsi, Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilərin mübadiləsinin vasitəçilər olmadan həyata keçirilməsi bu ümidləri gücləndirmişdi. Lakin yeni ilin əvvəlindən Ermənistan tərəfindən verilən açıqlamalar, ABŞ Dövlət Departamentinin məlum bədnam hesabatı, həmçinin Fransa parlamentinin qəbul etdiyi məlum qərəzli qərarlar, son olaraq AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı qəbul edilən qərar onu göstərir ki, Qərb heç bir vəchlə özünün iştirak etmədiyi prosesin getməsində maraqlı deyil".

Politoloq qeyd etdi ki, Ermənistan hakimiyyəti hal-hazırda Qərbdən gələn təlimatlarla idarə olunur və siyasət məhz o təlimatlar əsasında həyata keçirilir. Bu baxımdan da yanaşdıqda danışqların hansı formatda bərpası barədə indidən hansısa bir fikri söyləmək çox çətindir: “Beşli və ya dördlü formata gəlincə, bu, 3+3 formatının ixtisar edilmiş variantıdır. Belə ki, Ermənistan bu formatda iki dəfə iştirak etsə də bu formatda yaxın zamanlarda hansısa ciddi irəliləyişin olacağını düşünmürəm. Azərbaycan-Türkiyə-Rusiya-Ermənistan formatı xatırlayırsınızsa bir müddət öncə Türkiyə tərəfindən səsləndirilmişdi. Amma Ermənistan buna müsbət reaksiya vermədi. Bu baxımdan bu format da işlək vəziyyətə gəlmədi. Mən düşünürəm ki, hazırda proseslər daha çox qlobal məsələlərin necə cərəyan edəcəyindən asılı olacaq. Xüsusilə Ukrayna müharibəsinin gedişatı bizim bölgəmizdəki proseslərə təsir edir və edəcək. O baxımdan yaxın zamanlarda hansı formatın öndə olacağını indidən söyləmək çox çətindir”.

O.Qasımovun sözlərinə görə, bir ehtimal var ki, əgər Ermənistan özündə cəsarət tapıb müstəqil qərar verə bilsə, o zaman Tiflisdə Azərbaycan-Ermənistan danışıqları mümkün ola ola bilər. Yəni ikitərəfli format reallaşa bilər. Bunun da ehtimalı çox azdır.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR