İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqları üçün optimal məkan və şərt - sərhəddə, ikitərəfli...

1118 23.11.2023 10:57 Siyasət A A

Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hər hansı əngəl olmadığını bəyan etdi

Xarici təsir dairələrinin müdaxiləsi ilə Ermənistanın boyun qaçırması səbəbindən 2023-cü ilin noyabrınadək sülh müqaviləsi imzalanması mümkün olmadı. Hansı ki, ilin sonunadək buna böyük ümidlər vardı. Lakin İrəvanın özünü dalan dövlətə çevirmək niyyətində qalması bunu mümkünsüz edib. Qarşıdakı 1 ay ərzində sülh sazişi imzalanması da o qədər inandırıcı görünmür.

Ancaq bununla belə, bu prosesdə növbəti dəfə hərəkətlilik yaranıb.    

İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə, nəhayət, iki ayyarım sonra cavab verib.

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayaraq bildirilib ki, baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra İrəvan sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib.

“Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”, - Ermənistan XİN-dən bildirilib.

Bundan dərhal sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı mətbuata açıqlama verdi. Açıqlamada qeyd edilir: “Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir.

Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.

Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.

Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik".

XİN-dən həmçinin bildirilib: “Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. "Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik".

Azərbaycan XİN-in 21 noyabrda yaydığı bu bəyanata Ermənistan XİN 22 noyabrda cavab verib. Açıqlamada deyilir ki, Ermənistan Azərbaycanla danışıqlara hazırdır. Bəyanatda qeyd olunur ki, rəsmi İrəvan Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edir. Ermənistan XİN-dən bildirilib ki, danışıqlar prosesinin dalana dirənməməsi və regionda davamlı sülhə nail olmaq üçün Ermənistan sazişlə bağlı öz müşahidələrini Azərbaycana çatdırıb: “Biz yenidən danışıqlarda iştirak etməyə hazırıq”.

Prezident İlham Əliyev isə noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edərkən bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl yoxdur. Dövlət başçısı ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistanla dialoqa hazır olduğunu vurğulayıb.

Siyasi analitiklər hesab edir ki, lokal antiterror tədbirlərindən sonra bölgədə yaranmış tam yeni reallıqlar sülh prosesinin məhz vasitəçilərsiz olmadan aparılmasını şərtləndirir. Yəni həm işğal dövrünün danışıqları, həm Qarabağın azadlığından sonra aparılan müzakirələr tamamilə sübut edib ki, regiona aidiyyəti olmayan güclərin regional məsələlərin həllində iştirakı əks-effekt verir. Daha dəqiqi, onlar ancaq pozuculuqla məşğul olurlar. Bu baxımdan, Azərbaycanın sülh danışıqları üçün təqdim etdiyi variant optimal yoldur - danışıqlar sərhəddə və ikitərəfli aparılmalıdır.

Bəs havadarları, eyni zamanda bölgədə sülh istəməyən Qərb dairələri Ermənistana bu imkanı, icazəni verəcəkmi? Prosesi bu şəkildə aparmaq mümkündürmü?

Oxu.az - Metyu Miller: “ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə  danışıqları davam etdirir”

Metyu Miller

Politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə Vaşinqtonun Ermənistanla Azərbaycan arasında birbaşa müzakirələrə başlanılmasının tərəfdarı olduğunu bəyan edib. Amerikalı diplomat uzunmüddətli razılaşmanın əldə edilməsi üçün iki ölkənin üzbəüz danışıqlar aparmasının vacib olduğunu bildirib. Qərbin danışıqların başlanmasını istədiyini digər bir neçə hadisə də təsdiqləyir: “Cənubi Qafqaza, o cümlədən Ermənistana və Azərbaycana səfəri davam edən Böyük Britaniyanın Avropa naziri Leo Dokerti də eyni sözləri söyləyib. Leo Dokerti deyib ki, sülh və sabitliyin uzunmüddətli nizamlanmasına nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac var.

Vaşinqtonun və Londonun birbaşa danışıqlarla bağlı mövqeyi rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür. Prezident İlham Əliyev də Ermənistanla birbaşa danışıqlar ideyasını dəstəkləyir. Həqiqətən uzaq Vaşinqtona, Brüsselə və ya Moskvaya gedib bu ölkələrin vasitəçiliyi ilə danışıqlar aparmaqansa, Gürcüstanın paytaxtı Tiflisdə müzakirələrin başlanılması hamı üçün faydalı olar. Azərbaycan və Ermənistan hər tərəfdən 5 və ya 10 nəfərin iştirakı ilə mütəxəssislərdən formalaşan birgə qrup yaratmalı və bu qrup Tiflisdə daimi əsasda müzakirələrə başlamalıdır. Əks halda, Bakı İrəvana təkliflərini göndərəcək, aylar sonra onlar cavab göndərəcək və bu proses yenidən təkrarlanacaq, nəticə də olmayacaq. Daimi komissiya sülh sazişi, sərhədlərin müəyyənləşdirilməsi və dəhliz mövzusunda müzakirələr aparmalı, yekun sənədi iki ölkənin liderinə təqdim etməlidir".

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov 

Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, 2020-ci ildə Azərbaycanın işğalçı Ermənistanı məğlub etməsindən dərhal sonra rəsmi Bakı İrəvanla sülh bağlamaq təklifini irəli sürdü və hər iki tərəfin maraqlarına uyğun şərtlər müəyyənləşdirdi: “Paşinyan hakimiyyəti əvvəlcə bu təkliflə prinsipcə razılaşsa da, havadarlarının təzyiqi ilə dolayı yolla bundan boyun qaçırdı. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi üçün beynəlxalq və Azərbaycanın qanunlarında öz əksini tapan təminat istədi. Təbii ki, bu təklif əslində Brüsseldən gəlmişdi. Sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatından sonra vəziyyət tam dəyişdi, erməni  sakinlər Azərbaycanın dəfələrlə səsləndirdiyi reinteqrasiya təkliflərini qəbul etməyərək könüllü olaraq ərazilərimizi tərk etdilər. Bununla da rəsmi İrəvanın irəli sürdüyü və Qərbin də dəstəklədiyi etnik ermənilərin hüquq və təhlükəsizliyinin beynəlxalq təminat şərtləri aradan qalxmış oldu. İndi Azərbaycanla Ermənistan arasında sülh bağlanmasını əngəlləyən nə bəhanə qalıb, nə də ciddi səbəb. Doğrudur, Azərbaycanın Qazax rayonunun bir neçə kəndi və Naxçıvanın Kərki kəndi hələ də Ermənistanın işğalı altında qalır. Şübhə etmirəm ki, rəsmi Bakı qısa müddətdə bu məsələnin də ədalətli həllinə nail olacaq. Sərhədlərin delimitasiyası və demarkasiyası barədə Ermənistan pozuculuq etməsə, düşünürəm ki, sülh prosesini uğurlu şəkildə irəli aparmaq olar. Lakin regionda maraqları olan Qərbin, xüsusən də Fransanın və Rusiyanın, eləcə də İranın bu məsələlərə baxışlarını mütləq nəzərə almaq lazımdır. Heç kəsə sirr deyil ki, nə Paris, nə Moskva, nə də Tehran Azərbaycanın regionda üstün mövqeyini və Türkiyənin burada möhkəmlənməsini istəmir. Təsadüfi deyil ki, Qərb hər vəchlə çalışır ki, Ankara Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə buraxılmasın. Lakin Türkiyənin iştirakı olmadan bu prosesin ciddi müsbət nəticələr verəcəyinə inanmaq da sadəlövhlükdür. Azərbaycan xarici siyasətində müstəqil dəst-xətt yürüdə bilir. Odur ki, Bakı ddımlarını özü məyyənləşdirərək, Ermənistanla ikili formatda danışıqlar aparma imkanına malikdir və vasitəçisiz, moderatorsuz ikili təmaslara da hazırdır. Amma Ermənistan bu müstəqillikdən kənardır. İrəvan hazırda dilemma arasında qalıb və hazırkı dönəmdə Parisin diqtəsi ilə hərəkət etmək məcburiyyətindədir”.

Ekspert hesab edir ki, Paşinyan  hökumətini daxili durum və müxalifət də təhdid edir. Hakimiyyət kövrəkdir və ciddi bir silkələnmədən yıxıla bilər: “Bir məsələni də vurğulayım ki, hazırkı durumda Ermənistana sülh çox vacibdir və kommunikasiyaların açılmasına, blokadadan çıxmasına can atır. İqtisadi, siyasi və hərbi asılılığını Moskvadan xilas etməyə çalışır. Bunların reallaşması isə Türkiyə və Azərbaycan üzərindən keçir. Təbii ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kənar güclərin və dövlətlərin qoşulması faydalı deyil. Biz bunu 30 il ərzində ATƏT-in Minsk Qrupunun simasında gördük. Problem ondan ibarətdir ki, Paşinyan hökuməti Azərbaycandan fərqli olaraq himayədarsız addım atmır və prosesi mürəkkəbləşdirməyə, Bakı üzərinə beynəlxalq təzyiqləri artırmaqla güzəştlər əldə etməyə çalışır. Bu xəttin isə yanlışlığı dəfələrlə isbat olunub və Bakını təzyiqlərlə güzəştlərə vadar etmək indiki halda mümkün deyil. Həm də ona görə ki, Azərbaycanın həm beynəlxalq hüquq və prinsiplərlə, həm də regional siyasi-hərbi-iqtisadi baxımdan mövqeyi çox güclüdür. Balansın kəskin şəkildə Bakının xeyrinə olduğu indiki dönəmdə zənn etmirəm ki, İrəvan Bakı ilə birbaşa ikitərəfli sülh danışıqlarına getsin. Mən Paşinyanı buna hazır görmürəm. Lakin sülh danışıqlarının da effektiv başqa variantı da yoxdur. Fikrimcə, sülh məsələsinə də Ermənistan beynəlxalq təminat istəyəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR