İnsanlara hürriyət, millətlərə istiqlal!

Şükranlıq çinarları

1536 02.08.2023 19:00 Yazarlar A A

Yaxud, cəhənnəm odunları haqda 

Öncə zəhmətkeşlərimizi 2 avqust milli kino günümüz münasibətiylə təbrik edirəm. İnşallah, bütün aktyorlara, rejissorlara ev, pensiya, təqaüd verilsin, öləndə yağlı qəbristanlıqda basdırılsınlar. Kinonun özü olmasa da dözərik. Xaricdə çəkən çoxdur, alıb baxarıq. 

Yadımdan çıxmamış, dünən də ana dili bayramımız oldu. Heç ana dilimizin adını bilmirik, uşaqları rus məktəbinə qoyuruq, qəzetlər, dəftər-kitab “tərəfimizdən aşkar edilib götürülmüşdür”, “baş vermişdir”, “belə ki” tipli əcaib ifadələr, sözlərlə dolub-daşır. Hələ Türkiyə türkcəsinin buraları işğal etməsini də tənqid edənlərimiz var, guya hazırda çox matah dildə yazıb-danışırıq. Nəsə, bayramınız mübarək. Necə deyərlər, zorla gözəllik olmaz. 

İndi keçək aktual mövzuya. O isə Surət Hüseynovun ölümüdür. 4 iyun qiyamının, Qarabağda böyük ərazilərimizin işğalını törətmiş, hərbi çevriliş etmiş, çoxlu günahsız insanın ölümünə, yüz minlərin ev-eşiksiz qalmasına səbəbkar bu adam maraqlıdır ki, sonacan öz günahlarını, cinayətlərini etiraf etmədi. Dirəşmişdi. Bəlkə bu həyasızlığına görə cəmiyyətimizin orta statistik bölümündən fərqlənmirdi. 

Məni elə o bölüm düşündürür əslində. İndi biz hamımız Surəti rahatca söyə bilirik. Hərçənd, pis çıxmasın, mən hətta Surət baş nazir olanda - 1994-cü ildə qəzetdə onu tənqid edən yazı vermişəm. Senzor bəzi abzasları heyrət içində kəsib çıxarmışdı. Üzündə sanki “bu nə cahil cəsarəti” yazılmışdı. O zamanlar Surət müəllimin kəsdiyi başa sorğu-sual yox idi. 

Numerologiyanı elm saymıram, əyləncə üçün bir müqayisəmi xatırladım. Onu da həmin 90-cı illərdə qəzetdə yazmışdım: ABŞ-ın ölkəmizə tətbiq etdiyi axmaq və həyasız “907-ci düzəliş” (qısa anlamı Azərbaycana öz torpağını müdafiə etdiyi üçün embarqo qoymaq) Surət Hüseynovun Bakıya sürdüyü qanunsuz hərbi birləşmə ilə səsləşirdi, çünki o hərbi hissənin də nömrəsi 709 idi. Obrazlı yazsam, yazıq Azərbaycan o zaman iki alovun arasında qalmışdı. Qərbdən bizi 907, şimaldan 709 vururdu. 

Görəsən 1993-ün o mənhus qiyam günlərində qəfil o...q kimi Gəncədə peyda olan İran səfiri Nəhavəndiyanın nömrəsi neçə imiş? 790-filan olsa təəccüblənmərəm. Şeytan bilir. Belə çirkin işlərə Allah baxmaz yəqin. 

Lap indiki günlərə oxşar günlər idi. Rusiya, İran, ABŞ - bizə qarşı birləşmişdi və bu qiyamın ölkə daxilindəki pazı Surət idi. 

Ancaq bir adam bir ölkəni yıxırsa, böyrü üstdə qoyursa, bunun günahı kimdədir? Ağıldan qıvraq, kobud ləhcə ilə danışan, ömründə iki kitab arası açmayan birisi bizim başımıza çıxmışdısa, biz özümüz nə gündə olmuşuq? Məncə, əsas sual əslində budur. 

Mən bu sualı Əbülfəz Elçibəyə də vermişdim. 1998-ci ildə. Sual qısaca beləydi: “Niyə qiyamı yatırmadın?”. Elçibəy yarıpıçıltı ilə “Kiminlə yatıraydım?” demişdi. Haqlı idimi? Məncə yox. Cəmi 1 il keçməmiş iki oxşar qiyamı yatıran(lar) tapıldı. O köhnə məsəli parafraz eləsək, millət plastilin kimidir, istəsən ondan aslan da düzəldə bilərsən, quzu da. 

Gəncədə surətçilərin qətlə yetirdiyi şanlı qvardiya əsgərlərini “Qardaş qırğını olub, hökumət cavab verməlidir” adıyla tam tərs yöndən xalqa təqdim edən bədnam parlament komissiyasının üzvləri günahsız idimi? Yox. 

Bizim əsgər və zabitlərimiz, təhsilli, ağıllı insanlarımız harda idi ki, Surət korpus komandiri, bölgə üzrə səlahiyyətli nümayəndə, Milli Qəhrəman-zad olmuşdu? Sən obanı yiyəsiz qoy, sonra şikayətlən. Ki, donuz darıya girib. İndi Hüseynova cəhənnəm arzulamaq yuxarıda yazdığım kimi, çox asandır. Bəs biz özümüz hara düşəcəyik? Yaxud, indi hardayıq?

4 iyun 1993-cü ildə mən Qarabağın bir kəndində idim. Heç unuda bilmirəm o günü. Kəndin ortasında, dibindən arx axan qocaman çinarların altında oturmuşduq. AMİP üzvü olan kəndçimiz (sonralar faciəli şəkildə öldü, adını yazmıram) maşınını tozanaqla döndərib saxladı, camaata sanki gözaydınlığı verdi: “İndi Gəncədən gəlirəm. Qadasın aldığım Surət orda qan eləyir!” O sırtıq sevincdən qısa müddət sonra kənd işğal olundu. Bütün ağaclar yandırıldı, kəsildi. Dinlər doğruysa, Qarabağ ağacları indi Surət müəllim üçün “o tərəfdə” odun olsun.

İki gün qabaq qazi dostum Şükran həmin kəndin kol-kos, ağac-uğac basmış həmin hissəsindən bir video göndərmişdi telefonuma. Möhtəşəm görüntülər idi, uşaqlığıma qayıtdım. Ən əsası, Şükran çinarın pöhrələrini tapmışdı! Adam boyundan da yuxarı qalxmışlar. 

Dostuma sonsuz şükranlıq duydum. Bunu ifadə edə bilmirəm. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR