İnsanlara hürriyət, millətlərə istiqlal!

Su axtarışları

1852 03.08.2023 13:15 Yazarlar A A

Əlbəttə, şahmatçı Nakamuranın hoteldə guya duşsuz qalması uydurmadır, ölkəmizə qara yaxmaq cəhdidir. Buna şübhə etmirik. Ölkəmiz elə iqtisadi-siyasi gücə malikdir ki, istəsək, Nakamuraya nəinki bir duş, hətta iki “du”lu duş da təşkil edərik.

Özü də, maşallah, hara baxsan sudur. Biz Nigerdə yaşamırıq. Camaat istəsə Aya da su çəkir. Təzəlikcə bir video görmüşdüm, Bakı yaxınlığında hansısa kənddə camaat 100 minə yaxın pul yığıb 3-4 dələduza vermişdi. Guya evlərinə su xətti çəkilməliymiş. Lakin it də gedib, ip də. Nə su var, nə pul. Dövlətin su idarəsi deyir onlar qanunsuz su çəkmişdilər, nəticədə başqalarının suyu azalmışdı. Belə çıxır dövlət bunların suyunu özü kəsib ki, əvvəlkilərin suyu gəlsin. Ancaq çəkilişdən sona qədər məlum olmadı su hara axır.

Sözgəlişi, bugünlərdə həmin su idarəsi əhaliyə maraqlı ismarıc yollamışdı. Deyir yayda evdə olmasanız, sizə illik orta rəqəm üzrə ödəniş qəbzi, borc yazacağıq. Çünki sayğac evin içindədir, görə bilmirik. Bu belə olmasın deyə, saytımıza girin, orda bölüm var, tıklayın, sayğac göstəricisini daxil edin, sizə onlayn qəbz yazılsın, ordan ödəyin və sairə. Bir sürü gərəksiz və uzun məlumatlar. Yalan olmasın, bunu öyrənsən bəlkə proqramçı olub gələn il MİDA-dan sürətli mənzil udmaq mümkündür. Lakin ən maraqlısı isə zəhmətkeşlərin yönəldildiyi saytlarda belə bölmələrin olmadığını aşkara çıxarmağım idi. Ya da xəzinə xəritəsi kimi gizlədiblər. Tapana minnət. Suyu axtarmaq haçan asan olub? Bəşər tarixi su axtarışları tarixidir həm də. Bu temada Nuri Bilgə Ceylanın “Əhlət ağacı” filmində maraqlı quyu səhnəsi var.

Yazımızın suyu çox oldu deyəsən. Bir-iki də quru faktlardan yazaq. Hazırda regionlarda yenə tuthatut başlanıb. Normal prosesdir. Regionların inkişaf proqramlarında bunu öncədən nəzərdə tutmuşuq ki, inkişafı sübut etmək üçün hər il müəyyən miqdarda icra başçısı, icrabaşının müavini, kəndin memarı, məhəllənin vayenkomu və sairə maraqlı, orijinal vəzifə sahibləri tutulub qoduqluğa salınmalıdır, ən azı işdən atılmalıdır.

Hal-hazırda Cəlilabad və Tərtərin memarını tutublar. Korrupsiya üstündə. Ancaq heç kimə maraqlı gəlmir ki, axı bu rayonlarda memar vəzifəsi kimə lazımdır, onlar nəyi həll eləyirmiş, bəlkə Tərtərin Xoruzlu kəndində yeni Tac Mahal, Cəlilabadın Abışabad kəndində isə Azadlıq məşəli abidəsi tikiləcəkmiş, xəbərimiz yoxdur?

Vəzifə əvvəldən saxtadırsa, onun korrupsiya ocağı olacağı şübhəsizdir. O cümlədən, yuxarıda adını çəkdiyim (ya da çəkmədiyim - əhəmiyyəti və fərqi nədir?) rayonlardan hansındasa icra hakimiyyəti başçısının birinci müavinini tutmuşdular. Eyni korrupsiya ittihamlarıyla. İcra başçısı özü bir işə yaramırsa, yalnız korrupsiya məqsədli vəzifədirsə, buna hələ 1-ci, 2-ci, “n”-ci müavinlər qoymaq nə üçündür? Bələdiyyə - yerli, güclü və azad özünü idarəçilik olmalıdır. Əvəzində isə bizə sınıq-salxaq, alaq otu kimi bələdiyyə, korrupsiya ocağı icra hakimiyyətləri bəxş ediblər. Lap nağıllarda deyilən kimi: yemə, içmə, gül camalına, xətti-xalına tamaşa elə...

Şəxsən mən son 20 ildə nə icra hakimiyyətimizin, nə bələdiyyənin üzünü görmüşəm. Fəaliyyətləri də sıfıra yaxındır, yalnız bələdiyyənin yekə, kirli-paslı, üçtəkərli zibil maşını nadir hallarda görünüb zibil qablarının yanından ağac budaqlarını, köhnə divanları-zadı yığışdırıb mürəxxəs olur. Vəssalam. Başqa nə iş var, heç kim bilmir. Suyu su idarəsi verir, qazı qaz idarəsi. Asayişi polis qoruyur, yaşayışı doxturlarımız.

Camaat da qapının ağzında oturub gələn-gedəni seyr edir.

Müdrik davranışdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR