İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq nöqtəni qoydumu? - Politoloqun şərhi

1111 08.07.2023 09:55 Dünya A A

Bir neçə gün idi ki, beynəlxalq təhlilçilərin diqqəti Macarıstana yönəlmişdi. Burada parlamentin növbədənkənar yay sessiyası keçirilirdi və siyasi müşahidəçilər gözləyirdi ki, macar parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokollarını ratifikasiya edəcək.

Yada salaq ki, qardaş Türkiyədən başqa İsveçin NATO-ya üzv olmasına mane olan daha bir ölkə Macarıstandır. Bu ölkənin baş naziri Viktor Orbandan tutmuş Macarıstan dövlətinin özünə qədər bütün siyasi subyektlərin Avropa İttifaqı və NATO ilə problemi var. Ona görə də əksər təhlilçilər belə hesab edirdi ki, yay sessiyasında İsveçə “hə” deyilməyəcək. Dünən sessiyanın üçüncü – sonuncu günü gedirdi, amma bundan bir gün əvvəl artıq NATO-nun baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, iyulda İsveç NATO üzvü olmayacaq.

Niyə belə oldu? Nəyə görə iki ölkə, xüsusən də qardaş Türkiyə İsveçin NATO üzvü olmasına şərait yaratmadı, axı Stokholm iddia edirdi ki, o, Ankaranın tələblərini yerinə yetirib, hətta terrorizmlə bağlı yeni qanun qəbul edib. Bu, doğrudur, amma qismən. Qanun qəbul etmək bir şeydir, ona əməl etmək tamam başqa. Kim zəmanət verə bilər ki, İsveç NATO üzvü olandan sonra qəbul etdiyi qanuna və Türkiyənin tələblərinə əməl edəcək? Çox təəssüf ki, belə təminat yoxdur, çünki İsveç müxtəlif bəhanə və bəyanatlarla prosesi uzada da bilər...

Üstəgəl, burada başqa məqamlar da var. Avropa ölkələri, o cümlədən də İsveç özünü dini dözümlülüyün, tolerantlığın məskəni hesab edirlər. Amma az qala, hər həftə bu ölkədə kimsə müqəddəs Quranı yandırır və islam dininı təhqir etməyə cəhd edir. Çox təəssüf ki, İsveçin siyasi və hüquqi dairələri bunu öz vətəndaşlarının “özünüifadə azadlığı” ilə izah edirlər.

Di gəl, burada bir maraqlı sual yaranır: doğrudanmı, isveçlilərin “ifadə azadlığı” yalnız islamı təhqir etməkdən ibarətdir? Onlar özlərini başqa cür “ifadə” edə bilmirlərmi?

Digər sual isə bundan ibarətdir ki, bəs NATO-nun mahiyyəti nədir? Onlarla dövlət bu təşkilatın çətiri altına niyə toplaşıb? Onlar nədən müdafiə olunmağa cəhd edirlər? Nəyi qoruyurlar? Birinci soyuq savaş zamanı NATO həm də ortaq siyasi və mənəvi dəyərləri olan ölkələrin hərbi-siyasi bloku idi. Onlar kommunist dəyərlərinə qarşı alternativ kimi demokratiyanı, bazar iqtisadiyyatını, dini və etnik tolerantlığı görürdülər. Bəs indi nə baş verir? NATO bir blok kimi öz üzvlərinə və dünyaya nə vəd edir? İsveç kimi dövlətlər NATO üzvü olsalar, nəyi qoruyacaqlar, nəyə dəstək verəcəklər? Doğrudanmı, islamofibiyanı, dini və etnik dözümsüzlüyü yayacaq, onlara dəstək verəcəklər?

Doğrusu, biz bu sualın dəqiq cavabını bilmirik. Bir çox ölkələr, o cümlədən də postsovet ölkələri NATO-nun və Avropa İttifaqının çətiri altında yer tutmağa cəhd edirlər. Nəyə görə? Transseksualların paradını keçirmək, müqəddəs, dini kitabları yandırmaq üçünmü? Doğrudanmı, insanlar, məsələn, Ukraynada bundan ötrü müharibə aparırlar?

Qərəz, NATO öz doktrininə və konsepsiyasına bir daha baxsa yaxşı olar. Müxtəlif xalqlar bura təkcə ciblərini qorumaq və ya mədələrini doydurmaq üçün üzv olmurlar – necə deyərlər, insanlar təkcə çörəklə tox olmurlar, qeyri-maddi, mənəvi dəyərlər də var və bu ölkələr bunu Rusiya ilə ittifaqda görmürlər. Əks təqdirdə, Avropa İttifaqına və NATO-ya üzv olmağa can atmağa dəyməz.

Ona görə də biz bir neçə gün sonra NATO-nun Vilnüsdə baş tutacaq sammitində təkcə Ukrayna ilə və ya İsveç və Finlandiya ilə bağlı bəyanatlar gözləmirik. Həm də bir suala cavab gözləyirik: İsveç kimi ölkələr NATO-ya üzv olub nəyi qoruyacaq, nəyə dəstək verəcəklər?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR