İnsanlara hürriyət, millətlərə istiqlal!

Sonugörünməz İsrail-HƏMAS savaşı - müharibə nə zaman dayana bilər...

746 14.12.2023 08:53 Gündəm A A

İsrail-HƏMAS savaşı artıq dünyanın “unutduğu” hala gəlib. Orada müharibə lokal ərazilər üzrə davam edir, problem daha da dərinləşir. Ancaq məsələnin çözülməsi, həlli yolunda hansısa səylər, çağırışlar da yoxdur. Görünən odur ki, bu savaş sonugörünməz bir müharibəyə çevrilir. 

Bölgədə son baş verənlərin fonunda gözləntilər nədən ibarətdir?

Deputat Azər Badamov bu savaşın sonunu görmür: “HƏMAS-İsrail müharibəsi iki aydan çoxdur ki, günahsız mülki insanların canlarını almaqda davam edir. Bu müharibənin sonu görünmür. Çünki müharibəni sonlandırmaq üçün tərəflərin təşəbbüsləri və yaxud da vasitəçilərin təşəbbüsləri olmalıdır. HƏMAS-İsrail müharibəsinin dayandırılmasında nə tərəflərin təşəbbüsləri yoxdur, nə də vasitəçilik etmək üçün təşəbbüs göstərən yoxdur. Əksinə, Qərb və Şərq müharibəni qızışıdırır və yeni-yeni mülki infrastrukturun dağılması və hər gün yüzlərlə günahsız canların alınması davam edir. ABŞ İsrailə dəstək verməklə odun üzərinə yağ tökür. Məqsədi isə müharibənin daha da uzanması və İsrailin gücdən düşməsinə nail olmaqdır.

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov: “Bu müharibənin sonu görünmür”

Çünki müharibənin getdiyi dövrdə İsrail 53 milyard dollar pul xərcləyib və müharibənin davam etdiyi hər gün İsrailə 260 milyon dollara başa gəlir. Bu da böyük vəsait deməkdir və müharibə uzandıqca İsrailin dövlət büdcəsi də zəifləyəcək. O cümlədən Şərq ölkələri də HƏMAS-ı  dəstəkləyir və burada da bu dəstək Fələstinə olan sevgidən deyil, sadəcə, HƏMAS-ın əli ilə İsraili sıradan çıxarmaqdır. Yəni müharibəni qızışdırmaqda hamının yeganə məqsədi dolayısı ilə olsa da İsraili zəiflətməkdir. Ona görə də bu müharibənin sonu görünmür və uzun çəkəcəyi haqda proqnoz vermək olur. Nəticədə isə Qəzzada yaşayan günahsız sivil insanlar, jurnalistlər ölür. Hətta fələstinlilərin raket atəşlərindən gizlənməyə, canlarını qurtarmağa imkanları da qalmamışdır. Təəssüf ki, BMT də bu məsələyə qarışıb öz təsir vasitələrindən istifadə etmir. Hətta BMT Təhlükəsizlik Şurasında müharibənin dayandırılması ilə bağlı məsələ gündəliyə çıxarılanda bir ölkənin vetosu ilə məsələ gündəlikdən çıxarılır. Bu, ədalətsizlikdir. Dünya 5-dən böyükdür. Ona görə də dünya nizamına nəzarətini təmin etmək üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılması bu günün ən vacib qlobal məsələlərindən biridir”.

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu: “Fələstində kompleks sülh danışıqlarının başlaması ehtimalı azdır”

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu İsrailin fonunda Amerikaya da qəzəbin hazırda dünyada artdığını qeyd etdi: “Deməzdim ki, İsrail-HƏMAS müharibəsi unudulub. Hazırda dünya gündəminin bir nömrəli hadisəsi olaraq alır. Təbii ki, müharibə uzandıqca əvvəlki diqqət, xüsusən də Azərbaycan kimi ictimai gündəmin oynaq olduğu ölkələrdə Qəzza müharibəsinə diqqətin azalması hiss olunur. Lakin dünyanın əksər ölkələrində Qəzza müharibəsinə diqqət davam edir. İki gün əvvəl BMT Təhlükəsizlik Şurasında atəşkəs layihəsinin səsverməyə çıxarılması, bu gecə BMT Baş Assambleyasının Qəzza müharibəsi ilə bağlı qətnaməsi dünya gündəminin əsas mövzusunun Qəzza müharibəsi olduğunu göstərir. Əməliyyatlar hazırda Qəzzada bir neçə istiqamətdə davam edir, Qəzzanın şimalında, eləcə də mərkəzdə və cənub-qərbində döyüşlər davam edir. ABŞ hökuməti prosesin onun istədiyi plan üzrə davam etməsini istəyir. Söhbət Qəzzada HƏMAS-ın məğlub edilməsindən və ardınca sülh prosesinin Netanyahusuz yeni İsrail hökuməti ilə aparılmasından gedir. Ancaq İsrailin Qəzzada həddən artıq amansız bombardmanları və dinc əhali ölümlərinin faciəvi şəkildə artması ABŞ-ın planlarını pozur. Çünki dünya ictimai rəyində İsrailə qarşı dəstək azalır, qəzəb artır. Paralel olaraq İsrailin dəstəkçisi qismində ABŞ-a münasibət də pisləşir. Xüsusən də iki gün əvvəl BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Vaşinqtonun veto qoyması ABŞ-a qarşı narazılığın artmasına səbəb oldu. Vaşinqton narahatdır ki, buna görə ərəb və müsəlman aləmində vasitəçi obrazını itirə bilər. Bunu bu gün prezident Bayden də etiraf edib. O deyib ki, İsrailin Qəzzada mülki əhali ayırımı etmədən həyata keçirdiyi bombardmanlar dünyada İsrailə dəstəyin azalmasına səbəb olur. Hələlik Vaşinqton münaqişənin onun planı üzərində getməsinə nail olur. Ancaq Vaşinqton İsrailin Qəzzada əməliyyatı nə zamana qədər davam etdirməsinə nail olacağı məlum deyil. Üstəlik, İsrail ordusu HƏMAS-ı tam məğlub edə bilməməsi müharibənin uzanması ehtimalını artırır. Bu isə paralel olaraq Qəzzada humanitar fəlakətin günü-gündən pisləşməsinə səbəb olur. Yəni müharibənin daha uzun müddət davam edib HƏMAS-ın yox edilməsinə qədər getməsi üçün Vaşinqtonun və İsrailin beynəlxalq təzyiqlərə müqavimət immuniteti getdikcə zəifləyir. Əgər İsrail ordusu HƏMAS-ı yaxın zamanda Qəzzada məğlubiyyətə uğradıb zolaq üzərində tam nəzarəti bərpa edə bilsə, o zaman yəqin ki, növbəti mərhələdə zolaqda yeni idarəçiliyin yaradılması və sonrakı prosesdə Fələstin-İsrail danışıqlarının başlaması nəzərdə tutulub. Ancaq Vaşinqtonun bu planı hazırkı İsrail hökumətini o qədər də qane etmir. Bu mənada düşünürəm ki, hətta müharibə yaxın zamanda bitsə belə Fələstində kompleks sülh danışıqlarının başlaması ehtimalları azdır”.

Ukrayna-Rusiya müharibəsi 9-cu ayına qədəm qoyur - Kamran Məmmədlinin  təhlili Sitat.info

Kamran Məmmədli: “HƏMAS-ı hücuma sövq edən və dəstək verən ölkələr...”

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli HƏMAS-ın meydanda tək qaldığını söylədi: “Müharibənin bitməsi əslində İsrail və ABŞ-ın istəyindən asılıdır. Bunun əyani sübutu son olaraq, BMT Baş Assambleyasında keçirilən iclasdır. BMT İsrail-Fələstin münaqişəsində atəşkəs tələbi ilə bağlı qətnamə qəbul edib, lakin İsrail və ABŞ bu qətnamənin əleyhinə səs verib. Bu, artıq münaqişə başlayandan indiyədək BMT-nin səhv etmirəmsə, qəbul etdiyi 3-cü qətnamədir. Bütün bunlara baxmayaraq, İsrail ABŞ-ın dəstəyi ilə hücumlarına davam edir və artıq Qəzza zolağında müəyyən əraziləri də ələ keçirib. HƏMAS isə görünən odur ki, tək və dəstəksiz qalıb. HƏMAS-ı hücuma sövq etdirən və dəstək verən ölkələr, xüsusilə İran yenə də ikiüzlü siyasət yürüdərək geri çəkildi. Hesab edirəm ki, HƏMAS əgər atəşkəsə nail olmaq mümkün olarsa, bundan sonra üçüncü dövlətlərin sifarişi ilə hərəkət etməməli və hücumun ardından gələn cavabları da hesablamalıdır. Əks halda, belə hərəkətlərdən əziyyət çəkən yenə müsəlmanlar və günahsız uşaqlar, qadınlar və yaşlılar olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR