İnsanlara hürriyət, millətlərə istiqlal!

Sonrakı peşmançılıq

1752 24.03.2023 09:00 Yazarlar A A

Uşaq vaxtı belə məsəl eşitmişdim, guya ermənilər daim bunu söyləyərlər ki, kaş müsəlmanın sonrakı ağlı bizdə olaydı. Bizim bəzi işləri sonradan dərk eləməyimiz, gec də olsa həqiqətə (ədalətə, mədəniyyətə, qeyrətə... – yerindən asılıdır) çatmağımız mənasında. Ancaq millətimiz gec də olsa işğala son qoyanda sanki həmin məsəli isbata yetirdi. İndi isə Ermənistan rəhbərliyi yanıb tökülür, sanarsan, bizim “sonrakı ağlımıza” qibtə edirlər.

Örnək üçün, martın 23-də ermənilərin başçısı Nikol Paşinyan hökumətin iclasını çağırıb, orda Azərbaycanı qınayıbdır. Deyir, gərək Azərbaycan Talış kəndini məskunlaşdırmazdı. Nə etməliydik? Sizin xaraba qoyduğunuz kəndlər kimi 27 il boş qalmalıydı?

Paşinyan bizi hətta Ermənistana torpaq iddialarında suçlayır. Əlbəttə. Utanmasan Şuşada oynamağa nə var? Necə ki, 4-5 il qabaq Paşinyan gəlib Cıdır düzündə şərab istemal eləyib, yallı getmişdi. İndi də nə danışdığını bilmir. Hökumət qarşısında söyləyib ki, Azərbaycan bizdən Qarabağın Azərbaycan ərazisi olmağını tanımağı tələb edir, əks halda Ermənistana rahatlıq olmayacağıyla hədələyir. Ardıyca Ermənistanın guya Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri çərçivəsində tanıdığını deyir. O nə pəhriz, bu nə alça turşusu? Ərazi bütövlüyümüzü tanıyırsansa, Qarabağa iddialar nədir?

Üstəlik, Paşinyanın yaddaşı deyəsən balıq yaddaşıdır və bizim hər şeyi unutduğumuzu zənn edir. Əgər sən Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, 4-5 il qabaq Şuşada dediyin “Qarabağ Ermənistandır, nöqtə” sözləri hara uçdu? Bu cür axmaq iddialar üzündən minlərlə gənc insan ölüb, hələ qandan doymayıblar.

Faktiki Qarabağa hər şey daşıyırlar, adını da qoyublar “blokada”. Hətta bir ara separatçıların nakam şefi Vardanyan ağ eləmişdi, Qarabağın blokadasını Leninqradın blokadasına, Araikin ətrafındakıları isə Osvensim qurbanlarına bənzətmişdi, nəticədə ruslardan və yəhudilərdən haqlı narazılıq görmüşdü. Bu belə qəribə münasibətdir, nə etmək olar, təəssüf ki, erməni xalqı heç dəyişmək istəmir. Onlar bizi öldürəndə nədənsə əməliyyat “qisas” adlanır, biz boğaza yığılıb cavabını verəndə olur “soyqırım”. Biz dili bir, kökü bir, doğma Türkiyəni ölkəmizə dəvət edəndə buna qıcıqla yanaşırlar, adını “Yabançı ölkələrin bölgəyə soxulması” qoyurlar, ancaq yad Rusiyanın forpostu olmaq “müstəqilliyin qarantı” sayılırmış.

Bir maraqlı tarixi əsər var, ondan parça ilə yazını bitirmək istəyirəm: “1914-cü ilin qışı və 1915-ci ilin ilk ayları Daşnaksutyun da daxil olmaqla bütün rus erməniləri üçün, ruh yüksəkliyi və ümidlər dövrü idi. Biz şübhə etmirdik ki, müharibə (1-ci dünya savaşı nəzərdə tutulur – Z.H.) müttəfiqlərin tam qələbəsiylə bitəcəkdir, Türkiyə məğlub olmalıdır, parçalanmalıdır və yerli ermənilər nəhayət azad olacaqdır. Biz istiqaməti tam Rusiyaya doğru götürmüşdük. Əlimizdə heç bir əsas olmaya-olmaya biz qələbəyə köklənmişdik, əmin idik ki, çar hökuməti bizim sədaqətimizə, xidmətlərimizə görə Ermənistana muxtariyyət bağışlayacaq və bu Ermənistan Türkiyə vilayətlərindən, Qafqazdakı erməni ərazilərindən qurulacaq. Fikirlərimiz duman içindəydi. Öz şəxsi arzularımızı başqalarının düşüncəsi zənn edirdik, məsuliyyətsiz şəxslərin məzmunsuz sözlərinə böyük önəm verirdik, özünühipnozun təsiri altında gerçəkliyi anlamaqdan çox uzaq düşmüşdük və xəyallara qapılmışdıq. Ağızdan-ağıza hansısa sirli sözlər gəzirdi, guya bunları çarın sarayında bölgənin canişini deyib. Guya Vorontsov-Daşkovun katolikosa hansısa məktubu var, biz onun əsasında tələblər irəli sürə bilərik. Erməni xalqının ruslar üçün siyasi və hərbi əhəmiyyətini həddindən artıq yüksək qiymətləndirmişdik”.

Bunlar erməni siyasətçisi, Daşnaksutyun partiyasının qurucularından biri və 1918-də qurulan daşnak Ermənistanının birinci baş naziri Ovanes Kaçaznuni-nin 1923-cü ildə yazdıqlarından parça idi. “Sonrakı peşmançılıq” da adlandırmaq olar.

Üstündən düz 100 il keçir. Amma bunlarda heç bir inkişaf yoxdur, elə həmin vəziyyətdədirlər. Çünki sonrakı peşmançılıqdan fayda olmur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR