Vaşinqton İrana qarşı hücumları dondurduqdan sonra Tehran da Fars körfəzi ölkələrinə zərbələr endirməyi dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya bəyanat verib.
“Strategiyamız mahiyyətcə cavab xarakteri daşıdığı üçün biz də cavab əməliyyatlarımızı müvəqqəti dayandırdıq”, - deyə Əkrəminiya bildirib.
Ordunun nümayəndəsi eyni zamanda ABŞ-nin strategiyasının hətta onların öz rəsmiləri üçün də qeyri-müəyyən olduğunu qeyd edib:
“Bu, amerikalı nümayəndələrin, xüsusən də ABŞ prezidentinin bəyanatlarından, eləcə də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) addımlarından aydın görünür”.
İki həftə davam edən müntəzəm zərbələrdən sonra ABŞ artıq iki gecədir İran ərazisinə hücum etmir. Buna cavab olaraq bazar günü İran da Fars körfəzi ölkələrinə heç bir zərbə endirməyib.
Xatırladaq ki, bundan əvvəl “The New York Times” qəzeti ABŞ prezidenti Donald Trampın hava hücumundan müdafiə raketlərinin ehtiyatlarının tükənməsindən ehtiyat edərək İrana qarşı hərbi əməliyyatı genişləndirməyi təxirə salması barədə məlumat yayıb.
Musavat.com






