İspaniya taxt-tacının vəliəhdi şahzadə Leonor təhsil aldığı dəniz məktəbinin kursantları ilə birlikdə istirahət edərkən görüntülənib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, paparatsilərin lentə aldığı fotolarda Leonorun birlikdə təhsil aldığı altı kursantla dənizdə vaxt keçirdiyi əks olunub.
Məlumata görə, İspaniya kral ailəsinin vəliəhdi hərbi hazırlıq proqramının Hərbi Dəniz Qüvvələrinə aid mərhələsini "Juan Sebastián de Elcano" təlim gəmisində başa vurub. Aylarla davam edən hazırlıq müddətində o, digər kursantlarla eyni şəraitdə təhsil alıb və eyni nizam-intizam qaydalarına tabe olub.
İspaniya mətbuatı yazır ki, Leonorun birlikdə görüntüləndiyi şəxslər onun dəniz hərbi məktəbindəki kurs yoldaşlarıdır. Yayılan fotolar ölkə mediasında və maqazin mətbuatında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Asturiya şahzadəsi Leonor İspaniya kralı VI Filipp və kraliça Letisiyanın böyük qızıdır. O, 2023-cü ildə üçillik hərbi hazırlıq proqramına başlayıb. Təlim çərçivəsində quru qoşunlarında, Hərbi Dəniz Qüvvələrində və Hərbi Hava Qüvvələrində xidmət hazırlığı keçib.
Leonor 31 oktyabr 2005-ci ildə anadan olub və İspaniya Konstitusiyasına əsasən ölkə taxt-tacının birinci varisidir. Konstitusiyaya görə, İspaniya kralı dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanıdır.
Şahanə Rəhimli
Musavat.com






