İnsanlara hürriyət, millətlərə istiqlal!

Şokolad oğrusu

1702 23.09.2022 11:40 Yazarlar A A

Metro Tağının məhkəmə hakimi işləyən oğlu “Oba” marketdən 150 manatlıq şokolad oğurlayan şəxsə iclas qurmuş, qətnamə qəbul etmiş, qərardad qayırmışdır. Deyir yetim şokoladın pulunu ödəməyə imkanı olmadığı üçün 1 aylıq inzibati işlərə vadar edilmişdir.

Dəhşətli haldır. Bir insan niyə şokolad kimi şirin vasitəni oğurlamağa məcbur olsun ki? Özü də deputatların Ancelina Coliyə oxşadığı ölkədə. Sözgəlişi, bizim deputatların bəziləri də Bred Pitə oxşayır. Buna sevinmək lazımdır. Əsas odur adamın deputatı Nosferatuya, Kvazimodoya, nə bilim, Xortdana, damdabacaya, poltergeystə, halarvadına, qulyabanıya bənzəməsin. Lakin xalq ağız büzür, deputatın Ancelina Coliyə oxşamasını həzm etməkdə çətinlik çəkir. Eybi yoxdur, öyrəşəcəklər. Amerika bir ilə qurulmayıb. Demokratiya gediləsi uzun yoldur (burada rəhmətlik Hikmət Hacızadənin ruhuna bir salavat zikr edək).

Üstəlik, adamı yandıran nədir? Seçicilərin çoxu heç adama oxşamır. Bəziləri isə sosial yardım yeməkdən qudurubdur (bunu da hansısa deputat açıqladı, adı yadımda qalmayıb, Hicran olmalıdır). Bəs sən niyə şadlığına şitlik eləyirsən? Ancelina Colini kinoya çəkməyin qiymətindən xəbəriniz vardırmı?

İkincisi, bizim məhəllədə həmin dükandan biri var, təsadüfən. Çox nadir marketlər şəbəkəsidir. (Yadıma bir köhnə zarafat düşüb: “Qıza yazdım ev boşdur, gəl, gedib gördük evimizdə "Oba" market açılıb"). Uzun sözün qısası, mən hələ o marketdə 150 manatlıq şokolad görməmişəm. Bəs bu yetim həmin oğurluq hadisəsini necə törətmişdir? Sirri-xudadır. Ola bilər marketin üçünü birdən yarsın.

Üçüncüsü, Metro Tağının bu hakim övladını biz MTN əməkdaşlarının məhkəməsindən xatırlayırıq. Onlar Tağı müəllimi övladını oğurlamaqla hədələyərək 3 milyon dollarını qapazlamışdılar. Tağı müəllim həmin pulları maaşından, yemək-içməyindən, boğazından qırıb-qırtıb toplamışdı. Neçə gün ac qalmış, bəzən metro stansiyalarının qarşısında papaq qoyub dilənçilik etmişdi. Lakin amansız çekistlərdə insaf var idimi?

Bəli, ölkəmiz belə çətin günlər yaşamışdır. Ona görə gənclərə həmişə məsləhət görürəm ki, indiki xoş anlarımızın qədrini bilsinlər, daim ağsaqqallara hörmətlə, ağbirçəklərə iffətlə, icra hakiminə qismətlə, polis rəisinə həsrətlə yanaşsınlar.

Təbii ki, çekistlər Tağı müəllimin 3 milyonunu qaytarmaqdan imtina etdilər. Onlar hətta müsadirə edilən ev, maşın, villaları bəzən geri istəyirlər.

Ölkəmizdəki insan hüquqlarından, demokratiyadan bu dərəcədə sui-istifadə etmək nəyə lazımdır? Sizdən soruşuram, nəyə lazımdır? (Müəllif əsəbləşib vay-fayın şnurunu gəmirir, nəticədə bir müddət yazını redaksiyaya göndərməkdə çətinlik yaranacaqdır, diqqətinizə görə sağ olun).

Bəs indi çekistlərdən atasının 3 milyonunu ala bilməyən bir hakimin dükandan gözüyaşlı, körpə balaları üçün (bunu dəqiq bilmirəm, özüm qəsdən rəngləri tündləşdirirəm ki, oxucular ağlaşsın) 150 manatlıq şokolad əkişdirən vətəndaşa 1 ay inzibati işlər cəzası kəsməsi hansı məntiqə, ədalətə, insafa, taleyə, qismətə uyğundur? Heç bir şeyə uyğun gəlmir. Mən onun yerinə olsam xarakiri edərdim. Seppuku. Prinsipcə, Tağı müəllim 2-ci Dünya savaşında imperatorun təslimçilik aktına imza atmasına dözməyib qarnına xəncər soxan yapon samuraylarına haradasa bənzəyir.  Bəlkə bənzəmir? Siz ona yapon gözü ilə baxın, görərsiniz bənzəyir. Hamı Ancelinaya oxşamaz. Biri də samuraya oxşamalıdır. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR