İnsanlara hürriyət, millətlərə istiqlal!

Siz Ruslanı tanıyırsız?

1398 21.03.2023 20:23 Yazarlar A A

Bu bayramda qeybət mövzumuz deyəsən yenə uşaqlar və gənclər oldu. Hamı qapıya papaq atan uşaqların papağın içinə yazıb qoyduğu “şirniyyatımız var, pul qoyun” qeydini hoydu-hoyduya götürdü. Təqdimatdan belə məlum oldu ki, zəmanə uşaqları yaman üzsüzləşiblər, hər şeyə pul prizmasından yanaşırlar. Bizim vaxtımızda isə... sən demə uşaqlar mələk imiş, sadəcə qanadlarını yaxşı yerdə gizlətdikləri üçün görmürmüşük. Bunu deyən adamların, bundan yanıb-yaxılan valideynlərin öz uşaqlarını necə yetişdirdiklərinə sadəcə bir anlıq baxmaq lazımdır. Hər bir uşaq öz zəmanəsinin, ondan sonra isə ailəsinin güzgüsüdür.

“Z” nəsli deyib, bütün fərqlilikləri ilə öyündüyünüz uşaqlarda duyğu az, funksionallıq və soyuqqanlılıqla qarışıq realistlik varsa, bu, həm də valideynlərin günahıdır. Bəli, indi uşaq az qala 3-4 aylığından telefon, İPAD, planşetlə tanış olur. Oturduruq uşaqları o qabağı bağlı masalara, veririk əlinə planşeti, qaşıq-qaşıq yedirdirik. Uşaq yeməyi ona kimin yedizdirdiyindən, nə yediyindən xəbərsiz ağzını açıb-yumur. Sonra bir az böyüyür, telefon sevdası başlanır, hər yeni nəsil telefon çıxdıqca evdə qırğın-dava başlayır. “Hamıda təzə modeldir, mən yetim kimi...” ağlamaları. O tələbə də “hə” deyirik. Sonra ardınca digər tələblər gəlir. Hamısına imkanımız çatan qədər riayət edirik. Bütün gün kompüter qarşısında aqressiv oyunlar oynayan, soyuqlaşan, bozlaşan bir uşaq yetişdiririk. Sonra da deyirik, uşaq niyə Novruzda qapıya atdığı papağın içinə “pul verin” deyə yazıb? Nə yazmalıydı? Sevgi duaları? Biz o uşaqları nə zaman qabağımıza qoyub, insanlıqdan, adət-ənənədən, ya da yaxşı ilə pisin fərqlərindən danışdıq ki, onlardan da nəticə gözləyək? Hə, nəticə də təkcə o summativ testlərdə çıxan rəqəmlər deyil ha. Çünki onlar sadəcə ali məktəbə daxil ola bilmək üçün bir göstəricidi, o da hər zaman yox.

Uşaqlar söhbətinə qayıdacam. Amma o gün ali məktəblərin qabağında keçirilən Novruz şənliklərində çalınan havalardan, gənclərin oynamasından da narazı qalıb oliqarx ruhunuz deyəsən. Tədbir zamanı kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnılar səsləndirilib. Gənclər də o mahnını az qala xorla oxuyublar. Noldu, yetim əlində qoğal əcaib göründü? O VİP gecə klublarında əylənən gənclərə gücünüz çatmadı? Ya orda hansı mahnılara qol götürüb oynadıqlarından xəbərsizsiniz? Kimdi e sizi ora buraxan? O gün bir gecə klubunun instaqramdakı paylaşımı hay-küyə səbəb olmuşdu. Paylaşımda qeyd olunmuşdu ki, bura yalnız bahalı geyimli və bahalı maşınlı oğlanlar buraxılır, özünüz də açılış saatından 15 dəqiqə gec gəlsəz, rezervasiyanız ləğv olunur. Belə-belə işlər var, millət.

Yəni, mən demirəm ki, “vorovskoy” mahnılara qol götürüb oynamaq möhtəşəm bir olaydı. Amma deyirəm ki, bundan faciə düzəltməyin, ayıbdı. Biz ölkə olaraq, millət olaraq bu gənclərə, bu uşaqlara nə vermişik, nə təqdim etmişik ki, onlardan da nə tələb etmək cəsarətimiz var? Uşaq pulu yox, tələbə təqaüdü biabırçı durumda, nəqliyyat xərclərində güzəşt yox, kitab mağazalarında özəl endirim yox... Yox oğlu yox! Bəzi fast-food kafelərdəki “tələbə menyusu”nu çıxmaq şərtilə gənclər üçün heç bir güzəşt etmək fikrində deyilik. Yeniyetmə valideynin hazırlıqlara, kurslara tökdüyü pullar hesabına ali məktəbə daxil olur, öz gücünə oranı bitirir. Ondan sonra da iş yox! Qoşulur işsizlər karvanına. Ötən il universiteti fərqlənmə ilə bitirən, iqtisadiyyat sahəsi üzrə yüksək nəticə əldə edən, bir çox kurslarda özünü inkişaf etdirən, bəzi şirkətlərdə təcrübə keçən bir məzun hazırda gözəllik salonlarından birində vizajist olaraq işləyir. Gənc qızlar tanıyıram ki, işlədikləri dövlət işlərindən ayrılıb, dırnaq ustası olmaq üçün kursa gedirlər. Bir dırnaq düzəltmə 20-30 manatdırsa, gündə 2 müştəri olsa... Hər halda aylıq maaşı 600 manat olan işdən daha sərfəlidir. Heç bir sənəti aşağılamıram. Amma deməyim odur ki, bu ölkədə nə gəncə, nə uşağa bir gün ağlaya bilməmişik. Dövlət olaraq, millət olaraq, lap elə valideyn olaraq...

İldə azı 2 dəfə deputatların maaşı qaldırılır. Tez-tez Milli Məclisdə “dolanmaq olmur” ağlaşmalarından qulağımız girinc olub. Amma illərdir birinin ağlına gəlmir ki, nəhayət, bu ölkənin uşaqları üçün də ağlaşma qursunlar. Hər şeyə pul tapırıq ölkə olaraq, maşallah. Bir tək uşaqpuluna, tələbələr üçün güzəştə gələndə məlum olur ki, bu ödəmələr edilsə, ölkə batar. Qalstuklu-bazburtlu deputatlara mikrafon uzadıb, “uşaq pulu” söz birləşməsinin “u” sunu deyən kimi üzlərini turşudurlar. Arqumentləri də bu olur ki, uşaqpulu məsələsi həssas, ağrılı yerimizdir, burda sui-istifadə halları çox ola bilər. Sanki bu ölkədə bir körpü, bir asfalt, bir müalicə diaqnostika mərkəzləri üçün mayasından 6-7 dəfə pul xərclənib, keyfiyyətsiz nəticələr üzə çıxmayıb. Hər işimiz o qədər qaydasında, şəffaf, tər-təmizdir ki, uşaq pulu işinə girişsək, məmləkət batar... Amma oğlan uşağının yaşı 18-ə çatan kimi orduya aparılır, müharibə də olanda birinci sırada kasıbın balası dayanır. Deyirlər, Vətən səni çağırır... Bəs Vətən o uşaq 18 yaşa qədər “vətən” deyib, ağlayanda, onu çağıranda nə etmişdi? Hansı ağrıyan yerinə dərman qoymuşdu o uşağın?

Bax, indi uşaq pulunu qıymadığınız uşaq sizin qapınıza “pul ver, evdə şirniyyat var” “zapiska”sını yazıb, qaçır. Dərdinə əlac etmədiyiniz tələbə universitetinin qabağında “elə bir adam varmı ki, tanımasın Ruslanı? Zobik ləqəbi ilə fırlanır dünyanı..” deyib, əylənir. Qurcuxmayın, aqressiv baxışlarınızı da özünüzə saxlayın. Sizin əsərinizdir. Əsərinizlə fəxr edin...

Və bir də... Bəs siz Ruslanı tanıyırsız?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR