İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasiləşmiş və radikal İslamın qarşısını necə alaq?

4521 03.05.2023 08:50 Mənəviyyat A A

İlahiyyatçı Rəsul Mirhəşimli: “Dinin düzgün təbliğ olunmadığı şəraitdə radikallıq güclənir”

“Radikal düşüncə və təfəkkürdə olanlar məscidlərimizdə vəzifələrdən uzaqlaşdırılmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, son günlər İran tərəfinin Azərbaycana qarşı siyasətində də müsbət dəyişikliklər hiss olunur: “Əvvəlki dövrlərdəki sərt bəyanat və ittihamlar azalıb. Onu da qeyd edim ki, hazırkı dönəmdə bu addımların atılması çox önəmlidir. İnsanlarımız bilməlidir ki, nə İran bu bölgədən gedəndir, nə də Azərbaycan. Biz mütləq normal qonşuluq münasibətləri qurmalıyıq. Bir neçə gündür mediada davamlı olaraq ölkəmizdə "Kərimə dövləti" qurmağa çağırış edən, Azərbaycan gənclərini bu məqsədlə təşkilatlanmağa, təxribatlar törətməyə təhrik edən iki şəxsin - Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi ilə bağlı məlumatlar yayılmaqdadır. Onları əksəriyyət tanıyır".

Deputat həmçinin əlavə edib ki, bütün bunlara paralel olaraq ölkə daxilində də radikal təriqətlərin, ölkəmizin həyata keçirdiyi siyasətə qarşı təbliğat aparan şəxslərin həbsi davam etdirilməlidir: “Əslində son günlər hüquq-mühafizə orqanları bu istiqamətdə çox ciddi addımlar atmaqdadır, ancaq bu da reallıqdır ki, onların sayı on minlərlədir. Eyni zamanda ölkəmizdə dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Biz islahatlarda gecikməməliyik. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi üçün ən ciddi təhdidi siyasiləşmiş və radikal islam təşkil edir. Hələ də bir sıra bölgə və məscidlərimizdə bu təfəkkür və düşüncədə olan din xadimləri fəaliyyət göstərməkdədir. Bu çox ciddi məsələdir. İndidən bu istiqamətdə ciddi addımlar atılmasa, islahatlar həyata keçirilməsə, gələcəkdə çox ciddi təhdidlər yaranacaq. Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsini davam etdirməliyik”.

Qubadlıya gedib, ilk o məzarı ziyarət edəcəm...” - Jurnalist Rəsul  Mirhəşimli

Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirdi ki, radikalizm sosial, siyasi və iqtisadi sahələrdə ümumi qəbul edilmiş normaların ən azı bir sahəsinə qarşı çıxan və onlara alternativ yaratmaqda meylli olanların düşüncə tərzidir. O, bu düşüncə tərzinin başqa dünyagörüşlərdə olduğu kimi, inanclar sistemində də özünü göstərdiyini vurğuladı: “Radikallıq yolunu seçən düşüncə daşıyıcıları öz planlarını güc və ya zorakılıq yolu ilə həyata keçirmək istəyirlər. Bir çox hallarda isə radikallığa meylli olan missioner qruplar cəmiyyətin savadsız, dini bilikləri məhdud olan şəxslərin zəifliyindən istifadə edərək, öz niyyətlərini həyata keçirmək istəyirlər. Zorakılıq və yanlış təbliğat çərçivəsindən çıxış edən dini radikalizm siyasi arqumentlər vasitəsilə bir inanc sistemini sistem tənqidinə çevirən və mövcud sistemdə inanca əsaslanan dəyişiklik yaratmağı planlaşdıran, inanc sisteminin təklif edib-etməməsindən asılı olmayaraq insanları yanlış təbliğatla öz tərəflərinə çəkmək üsulunu vasitə seçir.

Məlum olduğu kimi, Yaxın Şərqdə baş verən proseslər istər-istəməz Azərbaycanda da bəzi dindarların həyat tərzinə təsir edir. Radikal qruplaşmalara qoşulanlar arasında azərbaycanlıların olduğuna yaxın illər ərzində cəmiyyət şahid olub. Xüsusilə son aylarda İranın casus şəbəkələrinə qarşı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar hansı təhlükələrin qarşısının alındığı barədə obyektiv mənzərə yaradır".

R.Mirhəşimli qeyd etdi ki, dini radikallığın qarşısının alınmasında ən mühüm rol oynayacaq amil dinin maarifçilərdən öyrənilməsidir, çünki dinin düzgün təbliğ olunmadığı şəraitdə radikallıq güclənir: “Bu neqativ düşüncə və hərəkətin önünə keçmək üçün başqa bir vasitə məktəblərdə dini biliklərin və dinlər tarixinin tədrisi məsələsidir. Bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu təkliflə çıxış etmişdi. Bu təklifin irəli sürülməsindən xeyli zaman keçsə də, hələ ki bu təklifin reallaşdırılması üçün əməli işlər görülməyib. Nəzərə alaq ki, bu gün Azərbaycanda dini tədris edən yetərincə kadr olmaya bilər, lakin bu o demək deyil ki, həmin kadrların hazırlanması mümkün deyil. Artıq neçə ildir Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu ali məktəbin kadr bazası və tədris keyfiyyəti dini olduğu kimi öyrədə bilən mütəxəssislərin olduğunu sübut edir. Əgər dövlət orta və ali məktəblərdə dinin tədrisi ilə bağlı qərar verirsə, onun baza hissəsinə də fikir verəcək və təkmilləşdirəcək.

Ölkədəki məscidlərə də axund və imamların təyinatında cəmiyyət arasında nüfuzu olan, İslam dininin Qurani-Kərim hikmətləri ilə təbliğini əsas götürən, Azərbaycan dövlətçiliyinə bağlı olan şəxslərdən seçilməsi radikallıq meyllərinin xeyli dərəcədə zəiflədilməsinə yardımçı olacaq. Ümid edirəm ki, bu, keyfiyyətli din xadimlərinin təbliği ilə radikallıq meyllərinin ölkədə özünə tərəfdar toplaya bilməsinin qarşısını almaq olacaq".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR