İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasətçiyə yumurta atmaq ənənəsinin tarixçəsi - bu etirazın anlamı nədir?

2149 15.03.2022 09:40 Maraqlı A A

Fransanın cənub-qərbində yerləşən Muassak kommunasına səfəri zamanı Fransa prezidentliyinə namizəd Erik Zemmuranın başına yumurta atılıb. Hadisə martın 12-də kommunanın meriyasının yaxınlığında, siyasətçi maşından düşən zaman baş verib. Yumurtanı əlil uşaq atasının atdığı vurğulanıb. Hadisənin motivləri barədə dəqiq məlumat yoxdur. Sadəcə, güman edilir ki, o, prezidentliyə namizədin Fransada əlilliyi olan uşaqların inklüzivliyi ilə bağlı qıcıqlandırıcı açıqlamalarından qəzəblənib.

Qeyd edək ki, bu, Qərbdə geniş yayılan aksiyadır. Zaman-zaman xüsusilə də Qərb ölkələrində hansısa siyasətçi əks qütbün tərəfdarları, fəalları tərəfindən yumurta atəşinə məruz qalır. Hətta prezidentlər, baş nazirlər də yumurta atəşinə tuş gəlirlər. Yaxın tarixdə buna aid saysız misallar var.

Maraqlıdır ki, yumurta etirazı ilə ən çox Fransa siyasətçiləri üzləşib. Məsələn, təkcə Fransa prezidenti Emmanuel Makron nə az, nə çox, 3 dəfə bu cür insidentlə qarşılanıb. Belə ki, ilk dəfə 2016-cı ildə Fransanın Lion şəhərində səfərdə olarkən, daha sonra 2017-ci ildə prezidentliyə namizəd olarkən Montroy şəhərində, daha sonra isə prezident olduğu müddətdə başına yumurta atılıb. Hətta ölkənin cənub-şərqinə səfəri zamanı yerli sakinlərdən biri Makrona şillə vurmuşdu.

2021-ci ilin aprelində Ermənistanın baş naziri Nikol Paşinyanın Sünik (Zəngəzur) vilayətinin Şurnuxu kəndinə səfəri zamanı avtomobil korteji yumurta atəşinə tutulmuşdu. Belə ki, Rusiya sülhməramlılarının müşayiət etdiyi kortej kəndə daxil olarkən baş nazirin səfərinə etiraz olaraq avtomobillərə yumurtalar atılmışdı. Hadisədən sonra Paşinyan onun Mehri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını müəyyənləşdirib cəzalandırmağı tapşırmışdı.

2013-cü ildə isə Qərbi Gürcüstanda o zamankı prezident Mixail Saakaşvilinin maşın karvanı yumurta “yağışı”na tutulub.  “Gürcüstanı müdafiə et” yerli təşkilatının lideri Kaxa Mikaya və digər təşkilatların fəalları prezidentin eskortu hərəkət edən yolu bağlamağa çalışmışdılar. Etiraz aksiyası zamanı maşınlara yumurta atılmış və prezident hədələnmişdi. Yalnız polisin işə qarışması nəticəsində kütləni dayandırmaq mümkün olmuşdu.

Bir neçə il öncə Albaniya parlamentində kəsir imtahanları üçün tələbələrdən pul yığılması ilə bağlı debat keçirilərkən müxalifət nümayəndələri ölkənin baş naziri və hakim Sosialist Partiyasının lideri Edi Ramuya yumurta atmışdılar. İnsident nəticəsində parlamentin iclası yarımçıq dayandırılmışdı.

Yumurta ilə etiraz canlı efirdə də yaşanıb. Belə ki, Yunanıstanın “Epirov TV” kanalının canlı yayımında 17 nəfərlik qrup studiyanı basaraq, proqramda qonaq olan irqçi Altın Şafaka yumurta və qatıq atmışdılar. Nəticədə qonaq verilişi tərk edib, aparıcı isə bir neçə dəqiqə proqrama fasilə verdikdən sonra kameraların qarşısına keçərək vəziyyəti izləyicilərə izah etmişdi.

Türkiyədə isə illər öncə tələbələr vaxtilə mədəniyyət və turizm naziri olan Ərtuğrul Günaya yumurta ilə etiraz etmişdilər. Belə ki, nazir Bursa şəhərində Uludağ Universitetininə mədəniyyət mərkəzinə daxil olarkən, bir qrup tələbə ona yumurta atmağa başlayıb. Tələbələr “Bizim mədəni dəyərlərimizi məhv edir” şüarı səsləndiriblər. Etirazçılara müdaxilə edən təhlükəsizlik qüvvələri 5 tələbəni saxlayıb. Polis tələbələrin danışmaması üçün onların ağzını tutub və güclə polis avtobusuna mindirib. Məlumata görə, tələbələrin nazir Ərtuğrul Günaya hücum etməsinə onun “Muradiyyə Külliyyatı”nın yenidən bərpası layihəsini başlatması səbəb olub.

Xatırladaq ki, Azərbaycanda bu cür olay 2012-ci ildə yaşanıb. Belə ki, tanınmış televiziya aparıcısı Turan İbrahimov Fransa səfirliyinə yumurta atmışdı.

Bəs bu yumurtalı etirazların tarixi nə vaxta gedib çıxır? Nədən yumurta? Anlamı, mesajı nədir? Hücuma məruz qalan tərəfin üst-başı batsın deyəmi yumurtadan istifadə edilir?

 Məlumata görə, siyasətçiyə qarşı ilk yumurta etirazı 1917-ci ildə Avstraliyada baş tutub. Həmin vaxt baş nazir yumurta atəşinə tutulub. Buna cavab olaraq hökumət siyasətçiləri yumurta atəşindən qorumaq üçün federal polis mərkəzi yaradıb.

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı: “Siyasətçi necə ki, alqışlara, xalqın rəğbətinə hazırdır, eləcə də qəzəbinə, nifrətinə və etirazına da hazır olmalıdır”

AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Görünən budur ki, prezidentliyə namizəd olan siyasətçinin təhlükəsizlik xidməti zəifdir. Yəni siyasətçiyə  bu qədər yaxın düşmək və başına yumurta çırpaq bundan irəli gəlir.

Ümumiyyətlə, dünyada siyasi etiraz metodu kimi artıq yumurta və yaxud pomidor atmaq qəbul edilib. Bildiyiniz kimi, zamanında Corc Buşa ayaqqabı atmışdılar.

Yumurta atmaq ənənəsinin tarixi haqda o qədər də məlumatlı olmasam da, deyə bilərəm ki, bu, artıq dünyada nə cinayət, nə terror aktı, sui-qəsd kimi deyil, sadəcə, siyasi etiraz kimi qəbul edilir və çox böyük güman ki, inzibati xəta kimi cəza tutulur.

Bu cür insident qardaş Türkiyədə də yaşanmışdı. Tələbələr etiraz olaraq siyasətçiyə yumurta atmışdılar. Həmin vaxt siyasəti tələbələri məhkəməyə verərək, cinayət işinin açılması ilə bağlı iddia qaldırmışdı. Məhkəmə bir müddət  davam etdi və sonda qərar qəbul edildi ki, tələbələrin yumurta atması siyasətçiyə qarşı sui-qəsd və yaxud zərrə  vermə cəhdi deyil, sadəcə, siyasi etirazdır.

Azərbaycana gəldikdə isə bu cür addımları adətən iqtidar müxalifətə qarşı süni şəkildə təşkil edirdi. Yəni Azərbaycanda hələlik elə bir ənənə yoxdur ki, müxalifət tərəfindən iqtidar nümayəndələrinə yumurta və yaxud pomidor, ayaqqabı atılsın. Bu ənənələr bizdə yoxdur. Məsələn, mən siyasətçiyəm və təbii ki, istəmərəm mənə yumurta atılsın. Amma hər halda, siyasətçi necə ki, alqışlara, xalqın rəğbətinə hazırdır, eləcə də qəzəbinə, nifrətinə və etirazına da hazır olmalıdır. Əsas odur ki, burada xalqın reaksiyası  bilinir və təbii ki, bu əgər xalqın özünün təbii reaksiyasıdırsa, kimlərsə və yaxud rəqiblər tərəfindən hazırlanmayıbsa".

Turan İbrahimov müəllimlərin müdafiəsinə qalxdı:

Turan İbrahimov: “Bu, nümayişkaranə şəkildə alçaltma formasında olan etirazdır”

Tanınmış aparıcı Turan İbrahimov isə qeyd edib ki, yumurta atmaq nümayişkaranə şəkildə alçaltma formasında olan etirazdır:

“Siyasətçiyə yumurta atmaq əslində yeni dəbə minmiş etiraz növü deyil. Bu cür etiraz illərdir ki, mövcuddur və hər zaman aktual olub. Səhv etmirəmsə, hətta tarixi orta əsrlərlə qədər gedib çıxır. Mənası da nümayişkaranə şəkildə alçaltma formasında etirazdır. Adətən bunu lax yumurta ilə edirlər. İnsanlar öz nifrətlərini, xoş olmayan hisslərini bu cür büruzə verirlər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR