İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasətçi mühasib

1831 12.05.2023 09:30 Yazarlar A A

Türkiyədə prezident seçkilərinə 3 gün qalmış namizədlərdən Məhərrəm İncə geri çəkildi, namizədliyindən imtina elədi. Hazırda Türkiyə ilə yanaşı Azərbaycanda da bu hadisə gərgin müzakirə olunmaqdadır. Lakin zəhmətkeşlərimiz heç özlərinə sual vermirlər ki, niyə bizdə də seçkilər bu cür yarış şəklində olmur, namizədlər üz-üzə gəlmir, müxalifətimiz nə üçün ləğv edilmişdir və sairə. Azı 30 ilə yaxındır Azərbaycanda seçkilərin alternativlər yarışması olduğunu unutmuşuq. Düzdür, arada-bərədə cüzi müxalifətçilər də ortaya çıxmağa, baş qaldırmağa nail olmuşlar, lakin hökumətimiz onların başından elə qapaz vurub ki, daha bizdə heç kim müxalifətçi olmaq istəmir.

Əslində uca millətimiz ya zəlzələdən, ya vəlvələdən müxalifətə heç ehtiyac duymur və bu faktora “xoruz yox idi, səhər açılmırdımı” zoopolitik məntiqi ilə yanaşır. Xüsusilə Qarabağda işğalın aradan qaldırılması istiqamətində böyük addımlar atılandan sonra iqtidarın mövqeyi sarsılmaz görünür. Yəqin böyük ehtimalla yaxın illərdə xalqın müxalifətə ehtiyac səviyyəsi elə indiki kimi qalacaqdır. Ən yaxşı halda. Müxalifətçilik, alternativ düşüncə, plüralizm belə getsə, ümumiyyətlə, sıradan çıxa bilər, bu isə bizə yaxşı perspektiv vəd eləmir. İnkişaf üçün əks fikirlər mütləq lazımdır. Düzgün yol müzakirələrdən doğur.

Maraqlıdır ki, “Avropa yolu”, “demokratik qərbyönümlü inkişaf” modellərinə artıq heç kim ehtiyac duymur. Mənim yadıma gəlir, bir zamanlar Beynəlxalq Valyuta Fondu bizə hansısa iqtisadi məsləhətlər verərdi. ATƏT seçkilərə müşahidəçi göndərərdi. Venesiya komissiyası qanunlara rəy hazırlayardı və sairə. Hətta saxta yolla təyin edilən deputatlardan biri öz qapı-pəncərə şirkətinə belə fısqırıq isim taxmışdı: “Avropa qapıları”. Qəribə günlər idi. Qross və Herkel press-klubda brifinq yapırdı, jurnalistlər tətilə çıxıb “Ümumi qəzet” buraxır, Elçibəy Motodromun tribunasında çıxış edirdi.

İndi bunların hamısı tarixin yeşiyinə atılıb, hökumətin və xalqın gəldiyi qənaət budur: “Bizim öz yolumuz var, onun analoqu yoxdur”. Deyəsən, doğrudan da belədir.

Bir neçə müddətdir Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı cinayət işinə baxırlar. Avropa İttifaqının Azərbaycan nümayəndəliyi bu işdə zərərçəkən sifətindədir. Müttəhim isə orada mühasib vəzifəsində çalışmış qadındır. Mühasib 2008-ci ildən 2023-cü ilə qədər - tam 15 il ərzində nümayəndəliyin pullarını çırpışdırmaqda ittiham edilir. Nümayəndəliyin möhürünü, o cümlədən nümayəndə Peter Mixalkonun imzasını saxtalaşdırıb, ümumilikdə hesabdan nə qədər əkişdirsə yaxşıdır? 983 min 254 manat. Faktiki 1 milyon manat da yaza bilərik. Günah istintaq orqanlarındadır, bir az gec tutsalar məbləğin başını bağlayardı.

İndi gəlin fikirləşək, biz bir zamanlar Avropa ilə, həmçinin Avropa İttifaqı ilə əlaqələrə, münasibətlərə hansı böyük ümidlərlə baxırdıq... Demokratik islahatlara yardım edəcəklər, ölkəmiz Avropa ailəsinin üzvü olacaq, bağ belə, bostan belə... Bunların hamısı nağıl, əfsanə imiş, biz də Avropa və dünyaya neft-qaz yatağı kimi lazım gəlmişik. Başqa heç zad. Görünür, fərasətli mühasib vəziyyəti hamımızdan yaxşı qiymətləndirib, “Baqqal daşdan kəsər, siçan baqqaldan” ata sözünü həyata keçirməyi qərara almışdır. Hələ o avropalı, “firəng” nümayəndələrə bu illər ərzində nə qədər kürü yaxmacı, rüşvətlər, hədiyyələr verilmişdir. Mühasib o pulların 1 milyonunu geri almaq istəyibsə, onu niyə tutursunuz?

Təklif edirəm siyasi dustaq piştaxtasına baxan QHT-lərimiz o mühasibi dərhal siyahıya əlavə etsinlər. İran agentlərindən əskik deyil ki? Avropa nümayəndəliyindən pul oğurlayan adamın Avropanın azadlıq tələb elədiyi dustaqlar sırasında olması qeyri-adi vəziyyət yaradar, ölkəmizin şöhrəti yenidən dünyaya yayılardı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR