İnsanlara hürriyət, millətlərə istiqlal!

Siqnal yenə də Şimaldandır...

1046 07.05.2024 08:25 Yazarlar A A

Qəti inkar etmək olmaz ki, hazırda Azərbaycan-Ermənistan müstəvisində xeyli dərəcədə pozitiv, əvvəlki illərdə müşahidə olunmayan proseslər baş verir. Məsələn, otuz il ərzində ermənilər könüllü olaraq Azərbaycanın bir kəndini də azad etmədilər, amma bu yaxınlarda biz dörd kəndin bircə güllə belə atılmadan azad edilməsinin şahidi olduq! 

1994-cü ildə ilk dəfə atəşkəs haqqında saziş imzalanmışdı. Bu illər ərzində bircə dəfə belə görmədik ki, ermənilər desin ki, yox, Azərbaycan Ordusunun atəşkəsi pozması haqqındakı xəbərlər yalandır. Amma bugünlərdə bu da oldu - rəsmi erməni mənbələri bildirdilər ki, Azərbaycan Ordusunun Tavuş istiqamətində atəşkəsi pozması haqqındakı xəbərlər reallığı və həqiqəti əks etdirmir...

Bir daha deyirik ki, bütün bunlar pozitiv məqamlardır və onlar nəinki ümid yaradır, hətta sevindirir də. Amma neqativ məqamlar da az deyil. 

Bir şəkli yəqin hamı çox görüb - onu Avropa mənbələri çox tirajlayır. Söhbət əli avtomatlı hicablı qadından gedir. Bəli, uzun illər avropalılar, hətta bir az da geniş götürsək, qərblilər İslam haqqında belə təsəvvür yaratmağa çalışırdılar. 

Amma gəl, alınmadı. Əvəzində biz tamamilə başqa bir mənzərinin şahidi olduq: əli silahlı erməni keşişləri hərbi paradda iştirak edirlər...

Bəli, buna bənzər çox detallar oldu bu illər ərzində. Məsələn, ermənilər bir vaxt təmas xəttində böyük bir xaç yerləşdirmişdilər ki, bəs baxın, guya azərbaycanlı əsgərlər xristian xaçını atəşə tuturlar! Bütün bunlar bitrib-tükəndimi, qurtardımı? Təəssüf ki, yox! 

Bugünlərdə də İrəvanda Azərbaycanla normallaşma prosesinə qarşı etirazların önündə erməni kilsəsi, erməni keşişləri gedir, onlar əhalini hazırkı baş nazir Nikol Paşinyana qarşı qaldırmağa çalışırlar. Amma deyəsən, necə deyərlər, daş qayaya rast gəlib - keşişlərin cəhdindən bir şey alınmır ki, alınmır, çünki Ermənistanda hamı anlamağa başlayıb ki, yüz illər ərzində ermənilərin yaşadıqları faciələrin iki baiskarı olub: avantürist erməni millətçiləri və bir də onlardan geri qalmayan erməni kilsəsi...

Bir daha deyirik ki, hələ ki erməni keşişlərinin çabalarından bir şey çıxmır və ümid edək ki, çıxmayacaq da. Belədə isə biz bütün bunlara regiondakı mürəkkəb geosiyasi proseslərin bir hissəsi kimi baxırıq: bəli, keşişlər və geosiyasət! Amma sizə qəribə gəlməsin bu. Yüz illər ərzində erməni kilsəsi böyük siyasi oyunların mərkəzində olub, indi də mərkəzində olmaqda davam edir...

İzlər isə yenə də bir istiqamətə - Şimala doğru aparır. Bəli, qonşu Gürcüstan da qaynar qazan kimidir. Kim qarışdırır bu kiçik Qafqaz ölkəsini? Çox təəssüf ki, cavab birdir: rusiyayönümlü hakim “Gürcü arzusu” siyasi koalisiyası! Gürcülərin 80 faizi ölkənin Avropaya inteqrasiya olunmasını istəyir! Əhalinin yalnız 30 faizi İvanişvilini və onun "uşaqlarını" dəstəkləyir! Bu isə təkcə sonuncuları yox, elə Kremli də təlaşlandırır, ona görə də onlar öz bildikləri üsullarla Gürcüstanı və gürcüləri də nəzarətə götürməyə çalışırlar...

“Xarici agent”! Təhqir deyilmi bu? Baxırsan, hansısa rus yazıçısı və yaxud da jurnalisti haqqında deyirlər: Ədliyyə Nazirliyi onu “xarici agent” kimi qeydə alıb! Etiraf edin ki, yetərincə təhqiramiz səslənir, çünki bu məntiqlə gərək Rusiyada bütün ömrü boyu Qərbdə yaşayan yazıçı İ.Turgenev, ya da Gertsen və Oqaryov “xarici agent” adlanaydı!

Bəli, dedik ki, siqnal Şimaldan gəlir. Erməni keşişləri də bu siqnalı alıblar. Ona görə də düşünmək lazım deyil ki, bu keşişlər “Allah adamları”dır və Allaha xidmət edirlər, yox, onlar Rusiyanın xüsusi xidmət orqanlarının dedikləri ilə oturub-dururlar. Aldıqları tapşırıq da tam aydındır: Ermənistanın Qərbə tərəf hərəkətini dayandırmaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR