İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Kipr Türk Cümhuriyyəti Müstəqillik Gününü qeyd edir

522 20.07.2024 12:01 Dünya A A

 

50 il öncə, 1974-cü ilin 20 iyul tarixi uzun illər çəkdiyi ağrı və məşəqqətlərə cəsarətlə sinə gərən Kipr türklərinin qurtuluş günü oldu.

Həmin gün Kıbrıs türkləri varoluş mübarizəsinin ən mühüm günlərindən birinə oyandı. Səhər saat 06.05-də paraşütçülər göydə süzüldü...  Bu, adaya ayaq basıb zülmə "dur" deyən qəhrəman Türk əsgəri idi.

Bu qərarı Türkiyənin o zamankı baş naziri, mərhum Bülənt Ecevit vermişdi və özünün başçılığı ilə Türkiyə Silahlı Qüvvələri Kiprdə hərbi əməliyyat keçirdi. Yunanların adada türklərə qarşı apardığı soyqırım dayandırıldı.

Bu hərəkat nəticəsində adanın 37 faizi türklərin nəzarətinə keçdi, Kiprin Yunanıstan tərəfindən ilhaqının qarşısı alındı. Adada yaşayan türklərin təhlükəsizliyi təmin olundu. Əslində, bu prosesin başlanğıcı ötən əsrin 50-ci illərinə gedib çıxır. Həmin vaxt adadakı yunanlar Yunanıstana birləşmək üçün fəaliyyətə keçiblər. Buna qarşı çıxan türklərə olmazın işgəncələrini veriblər. Artıq adanı tam itirmək təhlükəsinin yarandığını görən Türkiyə Dövləti prosesin qarşısını almaq üçün hərəkətə keçib. Bu hərəkat zamanı Türkiyə Ordusu 498 şəhid verib, Kiprdə yaşayan 1672 hərbçi və mülki türk həlak olub. Bu hərəkatla Kiprin bugünkü sərhədləri müəyyənləşib, 13 fevral 1975-ci ildə Kipr Türk Federasiyası qurulub. Federasiyanın dövlət və parlament başçısı olan Rauf Denktaş 15 noyabr 1983-cü ildə elan olunan Şimali Kipr Türk Respublikasının (KKTC) ilk prezidenti seçilib. Bu günədək müstəqilliyi tanınmayan KKTC-dan fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib.

WhatsApp Image 2024-07-20 at 10.31.22.jpeg (228 KB)

Bu gün Şimali Kipr Türk Cümhuriyyətində bərabər status hüquqlarının qorunması günüdür.

Məhz bu gün, 1963-cü ildə Kipr rumları tərəfindən tərəfdaş dövlətin qəsb edilməsi ilə başlayan və sürgün və qırğınlarla davam edən qaranlıq dövr bu əməliyyatla sona çatıb. Adada Kipr Türk xalqının varlığı və təhlükəsizliyi təmin edilib, sülh və təhlükəsizlik mühiti yaradılıb.

Buna qədər ada  ilə bağlı Sürix və London Müqaviləsi vardı…

1959-cu ildə imzalanmış Surix və London müqaviləsinə əsasən Kipr adasında Kipr Federasiyası elan olunmalı idi. Müqavilənin şərtlərinə əsasən qurulan yeni ölkədə yaşayan yunan sakinlərini Makaryos, Kıbrıs Türklərini isə Dr. Fazıl Küçük təmsil edəcəkdi. Kıbrıslı Türklər Fazıl Küçükü “Cəmiyyət Lideri” də adlandırırlar. 1960-cı ildə qurulan Kipr Cümhuriyyəti konstitusion hüququ ilə adada yaşayan türklərlə bərabər idarəçilik sistemində qurulmuşdu. 

Amma 1963-1974-cü illərdə Kıbrıs türkləri adada sıxışdırılmağa başlanıb. 1974-cü ildə Makariusu devirən Sampson adanın yunan əsgərləri vasitəsi ilə Yunanıstana birləşdirməyə çalışır. Cunta hakimiyyəti zamanında isə əsgərlər buna qarşı gələn adadakı yunanları və Kıbrıs türklərini qətlinə başlayıblar. Sürix və London anlaşmasının 4-cü maddəsi ilə Türkiyənin Kıbrıs türklərinə yönəlik zəmanət rolunu rəhbər tutan Türkiyə qan qoxuyan adada qırılan Kıbrıs türklərinin imdadına gəlir. Türk ordusunun gəlişi qan qoxuyan adaya sülh və əmin-amanlıq gətirdi. 9 il sonra, Şimali Kipr Türk Cümhuriyyəti elan olundu. Qardaş Türkiyə Cümhuriyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanıdı.

50 il öncə, bu gün Şimali Kipr Türk Cümhuriyyətinin taleyi həll olunub. Ona görə də Türkiyə ordusunun gəlişi adada və bütün türk dünyasında Şimali Kipr Türk Cümhuriyyətinin Milli Müstəqillik Günü kimi qeyd olunur.

Şimali Kipr Türk Cümhuriyyətinin Müstəqilliyi əbədi, varoluşu qutlu olsun!

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR