İnsanlara hürriyət, millətlərə istiqlal!

Seysmoloqlar Bakıdakı qəzalı binalarla bağlı xəbərdarlıq edir

6277 09.02.2023 14:40 Gündəm A A

Fəzail Ağamalı: “O cür binalar təcili şəkildə sökülməlidir”

Türkiyədə baş verən dəhşətli zəlzələ bir həqiqəti də ortaya çıxardı ki, təbii fəlakət zamanı əsasən qəzalı, keyfiyyətsiz binalar uçdu və insan tələfatı daha çox  bu cür binalarda oldu.

Qardaş ölkədəki zəlzələdən sonra dünyanın nüfuzlu seysmoloqları bildirir ki, hazırda dünyanın 120-dən artıq bölgəsində yeraltı təkanlar qeydə alınır. Həmçinin dünya mediasında seysmoloqlara, ekspertlərə istinadən belə iddialar yer alır ki, hər minilliyin, yüz illiyin əvvəlində Yer planetində özünütənzimləmə prosesi baş verir, buna dair ötənlərdə baş verən zəlzələləri, digər təbii fəlakətləri də nümunə kimi göstərirlər.  

Bu səbəbdən iddia olunur ki, qarşıdakı aylar, illərdə müxtəlif ölkələrdə təkanlar, dağıdıcı zəlzələlər baş verə bilər. Ümumiyyətlə, son zəlzələlər hökumətləri həm də ona təşviq edir ki, şəhərlərdəki qəzalı, nəinki 6-7, 4-5 bala dözməyəcək keyfiyyətsiz binalarla bağlı tədbirlər görülsün. Heç kim təbiət hadisələrindən sığortalı deyil.

Təəssüflər olsun ki, Bakıda da bir sıra keyfiyyətsiz yeni tikili var, eyni zamanda sovetlər dönəmində tikilmiş, istismar müddətini başa vurmuş, zirzəmiləri su ilə dolu, qəzalı 3, 4, 5 mərtəbəli binalar var.

Mediaya açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, Azərbaycanda yeni inşa olunan binalarda seysmoloji aktivlik nəzərə alınır. Ancaq köhnə tikililər üçün eyni fikri səsləndirmək doğru olmaz:

“Binanın təməli qoyulduqdan sonra onun hər bir mərtəbəsində müvafiq yoxlamalar aparılır. Bakıdakı binaların ən azı 10 ballıq zəlzələlərə davamlı olması tələb edilir. Köhnə binalara gəldikdə isə belə binalar 2000-ci ildə baş verən zəlzələdə müəyyən qədər dayanıqlılıq nümayiş etdirdi.

Lakin artıq 20 il vaxt keçib. Bu səbəbdən də istismar müddəti keçən binaların sökülərək yenidən inşa olunması vacibdir. Bina tikilən zaman möhkəmliklə yanaşı elastiklik də olmalıdır".

Sənədsiz evlər problemi nə zaman həll olunacaq?

Ramil Qazımzadə

Ramil Qazımzadənin sözlərinə görə, bu gün paytaxtda seysmoloji tələblərə cavab verməyən 30-a yaxın bina var: “Hazırda ölkəmizdə bəzi binalar var ki, FHN-in müvafiq rəylərini almayıblar və bu səbəbdən də sözügedən binalar çıxarışla təmin edilməyiblər. Seysmoloji cəhətdən ciddi nöqsanları olan binalar hələ də qeydiyyata alınmayıb. Bakıda təxminən 30-a yaxın belə bina var. O binalarda müvafiq bərkitmə işləri aparılmalıdır”.

Ekspert bildirir ki, hazırda fərdi yaşayış evi adı altında tikilən apartman tipli 4-5 mərtəbəli binalar var ki, onların inşasında seysmoloji tələblər nəzərə alınmır: “Diqqət edirsinizsə, Türkiyədə yıxılan binaların əksəriyyəti 4-5 mərtəbəli binalardır. Son vaxtlar Bakı və Abşeronda da belə binalar tikilməkdədir. Onlar da seysmoloji yoxlamalar aparmadan inşa edilir. Yaxşı olardı ki, bu binalar da müvafiq qurumlar tərəfindən nəzarətə götürülsün”.

Təkcə Bakıda yox, Sumqayıtda, Gəncədə də belə qəzalı, seysmoloji baxımdan uyğun olmayan binalar çoxdur.

Müvafiq qurumlar bu cür binalarla bağlı təcili tədbirlər görməyə başlayacaqmı? Ən azı qəzalı vəziyyətdə olan binalardakı əhalini qısa bir müddətdə köçürmək, zəlzələyə tab gətirməyəcək binalarda möhkəmləndirmə işləri aparmaq olar.

Milli Məclisin deputatı Fəzail Ağamalı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində paytaxtda tikinti bumu yaşanırdı və həmin dövrdə  seysmoloji tədqiqatlar o qədər də diqqəti cəlb etmirdi: “Ona görə də zəlzələyə davamlı binaların tikilməsinin vacibliyi nəzərə alınmırdı. Xatırlayırsınızsa, bununla bağlı İnşaatçılar prospekti deyilən yerdə 16 mərtəbə bina elə öz-özünə çökdü. Daha sonra Prezidentin xüsusi tapşırığına görə bir neçə il bundan qabaq Bakıda tikilən binaların nə dərəcədə zəlzələyə davamlılığını öyrənmək üçün xüsusi komissiya yaradıldı. Fövqəladə Hallar Nazirliyi bununla bağlı xüsusi araşdırmalar apardı. Allah uzaq etsin, Bakıda hətta 6 bal gücündə zəlzələ olarsa, o binaların çökməsini istisna etmirəm. Fəlakət yaşaya bilərik. Məncə, binaların zəlzələyə davamlılığı ilə bağlı xüsusi araşdırma aparmaq olar, peşəkarlardan ibarət xüsusi komissiya yaradıla bilər. Onlar araşdırma apararaq bu evlərin beş, ya altı baldan yuxarı zəlzələyə davamlı olub-olmaması ilə bağlı xəbərdarlıq edə bilərlər”.

Maaşım yüksəkdir, amma gilas ala bilməmişəm” — Fəzail Ağamalı

 Fəzail Ağamalı

Deputat əlavə edib ki, Bakıda kommunal tipli, qəzalı evlər var ki, bunlar təhlükə mənbəyidir: “Vaxtilə sovet hakimiyyətinin ilk illərində tikilən 3, 4, 5 mərtəbəli binalardır. Bu cür binalar kifayət qədər təhlükəlidir, qəzalı vəziyyətdədir. Təcili şəkildə onlar sökülməlidir. Orada yaşayan insanlar evlə təmin olunmalıdır, ya da müvəqqəti yerləşdirilməlidir ki, belə bir qəza baş verən zaman orada ciddi fəlakətlər yaşanmasın. Qəzalı binalar təcili şəkildə sökülməlidir, oradakı vətəndaşların da yaşayışı hansısa bir formada təmin olunmalıdır”. 

Bakı Şəhər İcra Hakimiyyətinin rayonlarda fəaliyyət göstərən komissiyaları  tərəfindən söküləcək qəzalı binaların siyahısı Nazirlər Kabinetinə göndərilib. BŞİH-dən aldığımız məlumata görə, həmin binaların sökülməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilir, bundan sonra həmin binaların yerində yenisi tikilir. Binanın qəzalı vəziyyətdə olub-olmaması isə Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən müəyyən olunur. O da qeyd edilir ki, bu ilin əvvəlindən yalnız iki ərazidə-Nərimanov rayonunda bir və Xətai rayonunda bir binanın sökülməsi ilə bağlı qərar verilib. Hazırda ərazidə işlər aparılır.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən isə “Yeni Müsavat”a bildirildi ki, binaların sökülməsi ilə məsələsi qurumun səlahiyyətində deyil: “Biz yalnız rəy veririk ki, bu bina qəzalı vəziyyətdədir, ya yox. Həmin rəyi də balanssaxlayıcı şirkətə təqdim edirik, əgər müraciət olunarsa. Hər bir binanın balanssaxlayıcı təşkilatı olur. Balanssaxlayıcı təşkilat binanın qəzalı vəziyyəti ilə bağlı məsələlərə cavabdehdir. Biz sakinlərin binalardan köçürülməsi işləri ilə məşğul olmuruq. Yalnız kütləvi fəlakətlər olan zaman Prezidentin sərəncamına əsasən nəticələrin aradan qaldırılması, eləcə də tikinti işləri ilə məşğul oluruq. Hansısa bina qəzalı vəziyyətdədirsə, o binada bərkitmə işlərinə səlahiyyətimiz çatmır. Bizə müraciət olunacağı təqdirdə bunu edirik. Biz layihə həyata keçiririk, sifarişçi təşkilat da o layihəni icra edir”.      

Qeyd edək ki, hazırda paytaxt ərazisində 11 minə yaxın çoxmənzilli bina istismar müddətini başa vurub. Onlar 60-70-ci illərdə inşa olunub. Yüzdən artıq çoxmənzilli bina isə tamamilə qəzalı vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov media nümayəndələrinə açıqlamasında bildirib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır: “Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR