İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sevgi Evi”ndə çatışmayan sevgi: uşaq sığınacaqlarına nəzarət necə olmalıdır - mütəxəssis rəyi

1812 04.06.2022 10:20 Gündəm A A

Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilmiş monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb. Bu haqda Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla, qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib. Fakta görə rayon prokurorluğunda müvafiq maddələr üzrə cinayət işi başlanıb.

Bu arada uşaqlara aylarla əzab verilən sığınacağın adı da məlum olub. Bu, “Sevgi Evi” qadın və uşaq sığınacağıdır.

Məsələ ilə bağlı Report “Sevgi Evi” qadın və uşaq sığınacağı ilə əlaqə saxlayıb. Özünü sığınacağın rəhbəri kimi təqdim edən qadın bu barədə danışmaq istəmədiyini, hər şeyin qaydasında olduğunu söyləyib.

Ancaq məlum məsələdir, “hər şey qaydasında” olsaydı, cinayət işi açılmazdı.

Bakıda uşaqlara işgəncə verilən sığınacağın adı BİLİNDİ - FOTO | İctimai.Az

Qeyd edək ki, Sputnik.az saytı adı çəkilən sığınacaqdan reportaj hazırlayıb. Məlum olub ki, sığınacağın rəsmi işçiləri yoxdur. Burada hər kəs könüllülük prinsipi ilə çalışır. Sığınacağın təşkilatçısı Könül Qasımovanın bu haqda dedikləri: “Bizim sığınacaq ictimai əsaslarla fəaliyyət göstərir. Əsas məqsədimiz köməksiz qalan uşaqlara sahib çıxmaq, onlara dövlət uşaq müəssisələrinə yerləşdirilənədək qayğı göstərməkdir”.

Sabunçu Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Ramilə Quliyeva isə deyib ki, “Sevgi Evi” qadın və uşaq sığınacağının fəaliyyət göstərməsi barədə onlara heç bir sənəd təqdim edilməyib: “Biz bircə onu bilirik ki, ”Space" telekanalına müraciət edən zorakılıq qurbanları oraya yönəldilir".

Mövzu ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a danışıb: “Öndə gedən ölkələrin təcrübələrində QHT-lərin tərkibində sosial  xidmətlər fəaliyyət göstərir və onların nəzarəti, maliyyə mexanizmi, texniki dəstəyi, bunların hamısı dövlət qurumları  tərəfindən nəzarət olunaraq, dəstək verilir. Bizim təcrübə bir qədər fərqlidir. Bizdə də sığınacaq, reabilitasiya mərkəzi və sairə yaratmaq səlahiyyətimiz var. Lakin məsələ ondan ibarətdir ki, biz yaratmaqdan öncə potensialımızı artırmalıyıq, bilməliyik ki, yaratdığımız nə və kimin üçündür, kimlər bundan yararlana biləcək? Mütəxəssis olmasa, təşkilat, qurum yaratmağın heç bir adı yoxdur və bu səbəbdən müəyyən problemlər ortaya çıxa bilər.

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə

Dəfələrlə qeyd etmişik ki, biz marağındayıq ki, ölkədə alternativ mərkəzlərin, sığınacaqların sayı artsın. Həssas qrupa aid olan çətin uşaqlarla işləyəcək alternativ mərkəzlər olmalıdır. Bu gün müşahidə edirik ki, narkomaniyada gəncləşmə baş verir. Bu cür yeniyetmə və gənclərin reabilitasiyasını həyata keçirəcək mərkəzlər olmalıdır ki, bu da yoxdur. Zərərçəkən, konkret olaraq təcavüzə məruz qalan qızların mərkəzi yoxdur. Uşaq sığınacağında apardığımız əsas işlərdən biri də zorakılıq qurbanı olan qızlarla bağlıdır. Niyə bu ayrıca mərkəz olmasın? Niyə yaş qrupu ilə bağlı mərkəz olmasın? Həmçinin, uşaqların uşaq evlərinə düşməməsi üçün valideynlərlə söhbət aparaq reabilitasiya mərkəzlərinə ehtiyac var. Bir sözlə, alternativ mərkəzlər yaradılmalıdır, amma kimlərin sayəsində? Bu, QHT-lərin potensiallarının artırılması sayəsində aparılmalıdır. Hər kəs keyfiyyəti düşünərsə, kəmiyyəti önə çəkərsə, heç bir nəticə əldə etmək olmaz.

Hadisə ilə bağlı mətbuatda məlumat yayıldıqdan sonra bizim qurumumuza xeyli zənglər oldu. Əksəriyyət elə bilirdi ki, hadisə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında baş verib. Doğrudur, sonradan aydınlaşdı ki, hadisə məhz hansı sığınacaqda olub. Amma bu, digər sığınacaqların da imicinə zərər vurur. Əgər bir qurumda peşəkarlar, mütəxəssislər çalışmırsa, o qurumun məqsədi, marağı nədir?

Bildiyiniz kimi, adı çəkilən sığınacağın rəhbəri mətbuata açıqlamasında hadisənin onların sığınacağında baş verməsini təkzib edib, bu da insanlarda şübhə yaradır. Nəyə görə? Bu cür hadisə baş verməməli idi. Düşünürəm ki, heç olmasa bundan sonra peşəkarlarla çalışarlar və müəyyən nöqsanlar aradan qaldırılar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR