İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞƏT-in önəmi artır: səbəb... - İran da üzv oldu, Putin tərif yağdırdı...

1042 06.07.2023 09:30 Siyasət A A

 

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq, yaxınlaşma bizə nə qazandıra bilər?

Dünyanın yeni düzəni formalaşır və bu mərhələdə müxtəlif beynəlxalq qurumların yeri, çəkisi də dəyişir. Bir sıra siyasi və iqtisadi qurumlar artıq öz nüfuzunu, təsirini itirib. Məsələn, AŞ PA artıq nüfuzsuz bir qurumdur. Habelə, ATƏT-in də imici kifayət qədər zədələnib. Avropa Birliyi ilə bağlı da qarışıqlıq var. Hazırda böyüdülməsi və nüfuzunun artırırlmasına cəhd edilən təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Bu arada - iyunun 4-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin videokonfrans formatında keçirilən zirvə görüşündə İran rəsmi olaraq təşkilata üzv elan edilib.

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə videobağlantı vasitəsilə qatılaraq dünyada geosiyasi ziddiyyətlərin getdikcə kəskinləşməsindən danışıb. Putinin sözlərinə görə, ŞƏT beynəlxalq məsələlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə real töhfə verir.

“Bu, geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi indiki şəraitdə xüsusilə əhəmiyyətlidir. Beynəlxalq təhlükəsizlik sisteminin deqradasiyası davam edir. İnkişaf etmiş ölkələrdə borcların nəzarətsiz toplanması fonunda yeni qlobal iqtisadi və maliyyə böhranının riskləri artır. Sosial təbəqələşmə, yoxsulluğun artması, qida və ekoloji təhlükəsizliyə yönəlik təhdidlər güclənir”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, bütün bu problemlər münaqişə potensialının nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxarır, buna görə də ŞƏT təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək. Rusiya lideri ölkəsinə qarşı hibrid müharibə aparıldığını, qeyri-qanuni sanksiyalardan istifadə olunduğunu iddia edib. Putin bunları əsas göstərərək Şanxay Əməkdaşlıq Təşkilatının antiterror strukturunu regionda bütün təhlükələrə qarşı mübarizə mərkəzinə çevirməyi təklif edib. O qeyd edib ki, təşkilatın prioriteti antiterror, ekstremizm və dini radikalizmlə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və banditizmlə mübarizə olmalıdır.

Belarusun da bu quruma gəlməsi mümkün ola bilər. Azərbaycan da dialoq tərəfdaşı kimi, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verir. Son vaxtlar Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

ŞƏT-in önəmi nədən ibarətdir? Onunla əməkdaşlıq, yaxınlaşma bizə nə qazandıra bilər?

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu öncə bildirdi ki, Moskva və Pekin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə xüsusi əhəmiyyət verirlər: "Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil ediblər. Rusiya və Çin İranı həm də Şimal-Cənub nəqliyyat dəhlizinin vacib dövləti kimi qiymətləndirirlər. İranın Rusiya və Çinin siyasi və iqtisadi dəstəyinə ehtiyacı var. Bu dəstək olmadan İran Qərbin təzyiqləri qarşısında təkbaşına tab gətirə bilməz. Ona görə də Moskva və Pekin İrandakı rejimin ayaqda qalması üçün əllərindən gələni edəcəklər. Azərbaycan və Ermənistana gəlincə, hər iki dövlət Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdarları statusuna malikdir. Bu, Azərbaycanla Ermənistanın yaxın illərdə təşkilata üzvlüyü anlamına gəlmir. Azərbaycan və Ermənistandan əvvəl təşkilata üzv olmaq istəyən xeyli dövlət var. Ancaq həm Azərbaycan, həm də Ermənistan təşkilatın artan gücünü diqqətə alır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin toplam əhali sayı 3.4 milyarddır. Dünyanın 20 faizi təşkilata üzv dövlətlərin ərazisinə aiddir. Təşkilata üzv dövlətlərdən üçü - Rusiya, Çin və Hindistan nüvə silahına malikdir.  Azərbaycan və Ermənistan təşkilatda yer alan dövlətlərlə əsasən ticarət əlaqələrini genişləndirmək və nəqliyyat dəhlizlərində yer almaq istəyirlər. Azərbaycanın əsas hədəfi Çinin "Bir kəmər-bir yol" layihəsi çərçivəsində rolunu artırmaqdır. Ancaq Çin hələ ki Azərbaycanın nəqliyyat imkanlarından ümid edilən səviyyədə istifadə etmir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Çinlə dialoqu genişləndirməyə ümid edir".

Qeyd edək ki, ötən ilin martında təşkilatın baş katibi Çjan Min Azərbaycanla Ermənistanın müşahidəçi statusu alması məsələsinin ŞƏT-ə üzv dövlətlər tərəfindən fəal şəkildə araşdırıldığı barədə məlumat vermişdi. Baş katib dəqiq vaxt demək mümkün olmadığını desə də bu məsələyə nikbin yanaşdığını açıqlamışdı.

Bəzi təhlilçilər isə Azərbaycanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün bu təşkilatla əməkdaşlığına ehtiyac görmür, bunun iqtisadi deyil, “siyasi motivli” olduğunu düşünür. Buna etiraz edənlər isə addımın “uğurlu əməkdaşlıq” olduğunu hesab edir. Məsələn, iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, siyasi çalarları ilə yanaşı, daha çox iqtisadi təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana iqtisadi baxımdan müəyyən üstünlüklər qazandıra bilər: “Azərbaycanın müxtəlif beynəlxalq formatlarda iştirakı iqtisadi baxımdan müəyyən üstünlüklərin qazanılması üçün mühümdür. Sadəcə,  bəzi formatlar var ki, orada iqtisadi məsələlərdən daha çox siyasi mesajların üstünlük təşkil etməsi ehtimalı var. Şanxay Əməkdaşlıq Təşkilatı həm iqtisadi,  həm də siyasi mesajların önə çıxdığı qurumdur. Bundan Çinlə Rusiya birgə müəyyən geosiyasi proseslərdə eyni mövqedən çıxış etmək üçün bir platforma kimi istifadə edirlər. Bu təşkilatın siyasi tərəfindənsə, iqtisadi tərəfində Azərbaycanın iştirakı daha məntiqli olar. Azərbaycan öz iqtisadi maraqları çərçivəsində bu təşkilatın üzv ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında daha çox maraqlı olmalıdır. Çünki Azərbaycanın iqtisadi münasibətləri Qərblə daha çox bağlıdır. Bütün enerji layihələri, enerji bazarları, idxal-ixrac əməliyyatlarında Avropa Birliyinin rolu çox yüksəkdir”.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının ideyası bir cümlədə - ticarət-iqtisadi, nəqliyyat, logistika və enerji əlaqələrinin gücləndirilməsi yolu ilə Çin və Mərkəzi Asiya regionunda sülh və stabilliyi təmin etmək məqsədi kimi ifadə edilə bilər: “Son illər, ümumiyyətlə, ŞƏT həm də Çinin  "Bir kəmər - bir yol" təşəbbüsünün siyasi təqdimatı kimi qəbul edilir. Üzv ölkələrdən Rusiyadan başqa digərləri, Mərkəzi Asiya dövlətləri milli inkişaf strategiyalarının uyğunlaşdırılması və inteqrasiyasını davam etdirmək, ticarət və investisiya prosedurlarının asanlaşdırılmasını təşviq etmək barədə razılığa gəlib ki, bu da məhz “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat təşəbbüslərinin asanlaşdırılması ilə nəticələnib. ŞƏT üzv  və müşahidəçi statuslu dövlətləri təşkilata ikitərəfli ziddiyyətlərin daxil edilməməsi məsələsində yekdildir. Bu, təşkilata daxil olmaq iddiasında olan bütün ölkələrin yerinə yetirməli olduğu öhdəlikdir. Ermənistanla Azərbaycan arasında ixtilaf hər iki dövlətin ŞƏT-ə üzvlüyünə mane olur. Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin diversifikasiyası da daxil,  Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionun nəqliyyat layihələrinin açar strateji ölkəsi kimi Azərbaycanın ŞƏT-də müşahidəçi statusunda olması təşkilat üçün arzuediləndir. Lakin Azərbaycan hələ bu barədə rəsmi qərar verməyib.

Azərbaycanı həm də  “Bir kəmər-bir yol” layihəsinin strateji bəndi kimi Çinin qitələrarası nüfuzunun artmasına mühüm bir bənd olması cazibədar edir. Azərbaycanın ŞƏT-də müşahidəçi statusda təmsil olunması və ya tam hüquqlu üzv kimi təmsilçiliyi Azərbaycandan daha çox ŞƏT-in, xüsusən də Çinin marağındadır. Azərbaycan dialoq tərəfdaşı ölkə kimi ŞƏT-lə əməkdaşlıq edir. Bu isə ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına tam üzv olması anlamına gəlmir.  Dialoq tərəfdaşlığı olan digər ölkələr Türkiyə, Nepal, Kamboca və Ermənistandır. Üzv ölkələrdən fərqli olaraq burada təşkilatla dialoqun qurulması və əməkdaşlıqdan söhbət gedir. Bu, sadəcə, dialoq çərçivəsində əməkdaşlığın gücləndirilməsi anlamına gəlir. Burada əsas məqsəd iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsidir. Əgər siyasi məqsəd olsaydı, Azərbaycan ən azı müşahidəçi, ya üzv ölkə kimi quruma qoşulardı. Nəzərə alaq ki, xüsusilə Orta Asiya ölkələri Azərbaycan üçün bir bazardır. Bu tərəfdaşlıq imkan verir ki, Azərbaycan sözügedən ölkələrlə həm enerji, həm qeyri-neft sektorunda birgə regional layihələr reallaşdıra bilsin".

Xatırladaq ki, ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyun ayında Şanxayda altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Təşkilatın işində dörd müşahidəçi ölkə (Əfqanıstan, Belarus, İran və Monqolustan) və altı dialoq tərəfdaşı (Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka) iştirak edir. Onu da xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb. İndi isə Bakı ŞƏT-dəki statusunun daha da yüksəlməsini istəyir. Siyasi analitiklər hesab edir ki, Azərbaycanın ŞƏT-də yer alması Moskvanın maraq dairəsindədir. Daha əvvəl Moskva rəsmən bəyan edib ki, Bakı ilə bu məsələdə koordinasiyanın gücləndirilməsini istəyir və Azərbaycanın bu təşkilatda statusunun müşahidəçi səviyyəsinə qaldırılmasına dəstək verəcək.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR